Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Teleqraf.com Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Nazir Ceyhun Bayramov Devid Harris ilə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilmiş görüşə və Amerika Yəhudi Komitəsi ilə aparılmış müzakirələrə məmnunluqla istinad edib.
Tərəflər, Azərbaycan hökuməti ilə yəhudi icmaları arasında əməkdaşlığın inkişafından razılıq ifadə ediblər.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində tərəfimizdən atılan addımlar, habelə Ermənistanın davam edən hərbi təxribatları, iki gün öncə Azərbaycanlı hərbi qulluqçunun öldürülməsi və buna görə Ermənistanın məsuliyyət daşıması barədə məlumat verib.
Devid Harris görüşə və təqdim olunmuş məlumata görə təşəkkürünü bildirib. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.
Görüşdə tərəflər, həmçinin Azərbaycan ABŞ münasibətlərinin inkişafı perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.