14 Yanvar 2022 18:03
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Səhiyyə komitəsinin sədri əhliman Əmiraslanov Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrıma Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik məktubu göndərib.

Teleqraf.com-un məlumatına görə, təbrik məktubunda deyilir:

“Hörmətli Şamil bəy!

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizi və rəhbərlik etdiyiniz Türkiyə-Azərbaycan Dostluq Qrupunun üzvləri olan həmkarlarımızı təbrik edirəm. Müstəqillik tariximizdə diplomatik əlaqələr yaratdığımız ilk dövlət olan Türkiyə ilə Azərbaycanı dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən irəli gələn sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimiz ötən dövrdə böyük inkişaf yolu keçərək xüsusilə də son illər ərzində dövlət başçılarımızın qətiyyətli səyləri ilə dayanıqlı strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək səviyyəsinə çatıb. Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı bütün dünya buna bir daha əmin oldu.

Zəfər yürüşünün ilk günlərindən Azərbaycana göstərilən siyasi-mənəvi dəstəyə görə qardaş Türkiyə tərəfinə minnətdarlıq bildirilib, Azərbaycanın da öz növbəsində bütün məsələlərdə daim Türkiyənin yanında olub və olacaqdır. Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər özünün ən qürurverici anlarını yaşayır. Sevindirici haldır ki, tarixən bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə hər iki ölkə və millətimiz ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir.

Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir. Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi bir daha təsdiqləyir ki, kökləri dərin olan qardaşlığımız əbədidir!”


Müəllif: Əhliman Əmiraslanov

Oxşar xəbərlər