24 Yanvar 2022 15:45
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, onlayn formatda keçirilən iclası açan komitənin sədri Zahid Oruc deputatlara qarşıdan gələn sessiyada uğurlar diləyib.

Gündəlik barədə məlumat verən komitə sədri bildirib ki, gündəliyə Milli Məclisin 2021-ci ilin payız sessiyası ərzində İnsan hüquqları komitəsində görülən işlər barədəhesabat və 2022-ci ilin yaz sessiyası üçün iş planı daxil edilib.
Əvvəlcə komitənin ötən sessiyada gördüyü işlər barədə hesabatı müzakirə edilib. Komitə sədri bildirib ki, hesabat dövründə İnsan hüquqları komitəsinin 9 iclası keçirilib.

Zahid Oruc həmin iclaslarda baxılan qanun layihələri barədə qısa məlumat verib, “Media haqqında” qanun layihəsinin geniş dinləmələrdən, müxtəlif platformalarda müzakirələrdən keçdiyini xatırladıb. O, ötən sessiya dövründə komitədə keçirilən görüşlərdən, aparılan müzakirələrdən və digər tədbirlərdən danışıb.

Qeyd olunub ki, hesabat dövründə komitəyə 470 sənəd daxil olub. Vətəndaşlardan daxil olan ərizə və müraciətlər komitədə geniş təhlil olunub, araşdırılıb, müvafiq tədbirlər görülüb və ya onların həlli üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılıb.

Onlayn iclasda İnsan hüquqları komitəsi sədrinin müavini Tahir Kərimli, komitə üzvləri Hikmət Məmmədov, Naqif Həmzəyev, Razi Nurullayev, Elman Nəsirov çıxış ediblər.

Deputatlar ötən sessiya dövründə Milli Məclisin qarşısında duran vəzifələrin öhdəsindən ləyaqətlə gəlməsini, parlament diplomatiyasının uğurla həyata keçirilməsini qeyd ediblər. Çıxış edənlər müzakirəyə çıxarılan hesabatla bağlı fikirlərini bildiriblər, komitənin fəaliyyətindən, seçicilərlə apardıqları işlərdən bəhs ediblər. Sonda komitə üzvləri sənədi məqbul sayıblar.

Sonra İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün iş planı müzakirə edilib.

İş planı haqqında məlumat verən komitə sədri Zahid Oruc bildirib ki, daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması ilə yanaşı, sənəddə bir sıra dinləmələrin keçirilməsi nəzərdə tutulub. Komitə sədri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın və reinteqrasiyanın tənzimlənməsi barədə fikirlərini bölüşüb.

İş planının müzakirəsi zamanı komitə sədrinin müavini Tahir Kərimli, deputatlar Bəhruz Məhərrəmov, Elşad Mirbəşiroğlu, Naqif Həmzəyev, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov fikirlərini açıqlayıb. Çıxış edən deputatlar insan hüquqlarının, o cümlədən qadın hüquqlarının qorunmasının tənzimlənməsi kimi məsələlərlə bağlı müzakirə və dinləmələrin təşkili barədə rəylərini səsləndiriblər. Sonra iş planı səsə qoyularaq təsdiqlənib.


Müəllif: Nemət

Oxşar xəbərlər