Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fazil bəy, Şuşa Bəyannaməsinin Milli Məclisdə ratifikasiya edilməsinin tarixi əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Bu, olduqca vacib məsələlərdən biridir. Həmçinin Azərbaycan tərəfindən Şuşa Bəyannaməsinin tam şəkildə hüququ qüvvəyə minməsinin təmin edilməsidir. Qardaş Türkiyə ilə müttəfiqliyimiz artıq parlament səviyyəsində təsdiq olunur. Bu, artıq dönməz bir prosesdir. Bundan sonra ancaq parlamentin qərarı ilə bunu dəyişmək mümkün ola bilər. İndiki vəziyyətdə bu, bizim üçün olduqca vacibdir. Çünki dünyada və bölgədə baş verən proseslər onu göstərir ki, məhz müttəfiqlik münasibəti güclü olan ölkələr müəyyən dərəcədə özlərini gözlənilən risklərdən qoruya bilir. Bu Bəyannamənin ruhuna uyğun olaraq Azərbaycan və Türkiyə bölgədə birlikdə davranmağı planlaşdırır. Bunun nəticələri gələcəkdə bizə torpaqlarımızın qorunması, bölgədə kommunikasiya xəttlərinin açılması qardaş Türkiyənin regionda mövqeyinin güclənməsi baxımından faydalı olacaq.
- Gələcəkdə daha hansı dost ölkə ilə bu cür müttəfiqlik müqaviləsinin imzalanması gözlənilir?
- Biz gələcəkdə Pakistanla da bu cür müqavilə bağlayıb, onu parlamentdə ratifikasiya etmək haqqında düşünməliyik. Təbii ki, müəyyən niyyətlər və konkret addımlar var. Amma təhlükəsizliyimiz üçün bu cür addımların atılması vacibdir. Beynəlxalq gərginliyin pik həddə olduğu bir vaxtda bunun edilməsi yerində və uyğun olan bir davranışdır. Millət vəkilləri olaraq biz də bu müqavilənin ratifikasiyasına səs verib, dəstəkləyəcəyik. Əminəm ki, cəmiyyətimizdə də buna böyük bir dəstək mövcuddur.
- Antalyada Türkiyə, Azərbaycan, Ermənistan nümayəndələrinin görüşü gözlənilir. Bu cür formatda baş tutacaq ilk görüşün perspektivi haqqında nə demək olar?
- Artıq ermənilər də dərk edir ki, ATƏT-in Minsk qrupu və başqa formatlarda olan görüşlər vaxt itkisindən başqa bir şey deyil. Burada konkret subyektlər və maraqlı dövlətlər var. Bu formatın da önündə Türkiyə və Rusiya mövcuddur. Bundan kənarda hansısa bir görüş və dəstək axtarmağın heç bir mənası yoxdur. Belə bir vəziyyətdə Türkiyə konkret təklif verir ki, problemləri özümüz həll edək, bu məsələlər bölgə, sərhədlə bağlıdırsa, gəlin bunları həll edək. Ermənilərə də deyilir, siz də şans qazanırsınız ki, bölgədə təcrid olunmuş vəziyyətdə yaşamayasınız. Azərbaycanla da bu problemlərin yeganə həll yolu münasibətləri qaydaya salmaqdan asılıdır. Ermənilər Azərbaycanla normal sülh şəraitində yaşamasalar onlara burada rahatlığın olması mümkün deyil. Müharibə riski ermənilər üçün də böyük faciələr deməkdir. Bu faciələrin acısını onlar indi də yaşayır. Eyni zamanda bu toplum öz xəstəliyi ilə bizə də faciələr yaşadıb. Azərbaycan torpaqlarının işğalda olması və başqa məsələlər var. Ona görə də, bu kimi məsələlərdə əslində belə görüşlərin faydası böyükdür. Bu baş tutarsa, rəsmilərin iştirakı təmin olunarsa, bölgə dövlətlərinin o cümlədən Ermənistanın da faydasına olacaq.
- Ermənistan prezidentinin qəfil istefasından sonra ölkədə konstitusiya islahatları ilə bağlı məsələlər gündəmə gəlir. Gözləntilər nədir?
- Ermənistan qanunverciliklə bağlı və digər dəyişikliklərin astanasında belə görünmür. İndiki vəziyyətdə buna getmək Ermənistan daxilində böyük bir çalxalanmaya gətirib çıxara bilər. Daha çox populist çağırışlar daxildə vəziyyəti gərginləşdirəcək. Əslində Ermənistanda konstitusiya dəyişikliyini etməyə vaxt da qalmayıb. Prezidentin seçilməsi məsələsi qısa zamanda həl olunmalıdır. Ona görə də, prezident üsul idarəsinə hansısa bir səlahiyyət vermək və azaltmaq imkanları yoxdur. Amma bu danışıqların predmeti olacaq. Ərazi iddialarından imtina məsələlərində Ermənistan onsuz da razılaşmalıdır. Razılaşmadığı təqdirdə münasibətlərdə anlaşılmazlıq, qeyri-səmimilik və etinasızlıq olacaq. Bu baxımdan Ermənistan belə addımları atanda mütləq gələcəkdə bununla bağlı vəd verməli və onu icra etməlidir. Çünki konstitusiya və dəyişiklik bir günün işi deyil. Bu vaxt aparan bir prosesdir. İndiki vəziyyətdə ona arxayın olub münasibətləri ləngitmək olmaz.
- Ərdoğanın dəvəti ilə Putinin Ankaraya səfəri Rusiya Ukrayna gərginliyinin azaldılması ilə bağlı mümkün gözləntiləri necə şərh etmək olar?
- Artıq Rusiyanın başqa çıxış yolu da yoxdur. Çünki Rusiya bütün dünyaya, Avropaya, ABŞ-a qarşı durub. Bu mənada Türkiyənin də açıq bir bəyanatı var. Türkiyə açıq şəkildə bəyan etdi ki, Rusiya ilə münasibətimiz əladır, amma Rusiya Ukraynaya hücum etsə, biz NATO mövqeyindən çıxış edəcəyik. Bu çox ciddi bir bəyanat idi. Rusiya da artıq bunu anlayır ki, Qaradənizdə və digər bölgələrdə hər hansı bir müharibə olsa, orada Türkiyənin rolu olduqca vacib olacaq. Burada boğazlardan NATO gəmilərinin buraxılması və Türkiyənin özünün təhlükəsizliyi məsələləri gündəmdədir. Rusiya belə bir addımı ilə Türkiyə kimi bir müttəfiqini itirə bilər. Çünki Türkiyə həm də Ukraynaya dəstək verir. Belə bir vəziyyətdə Rusiya həm də Türkiyəsiz qalacaq. Bu da Rusiyanın tam təklənməsi deməkdir. Normal məntiqlə Rusiyanın buna getməsini bir əsası yoxdur. Ona görə də, Putinin Ankaraya səfəri baş tutacaqsa bu çox faydalı olacaq. Türkiyənin də bölgədə nüfuzu daha da artacaq. Rusiyanın özü də müharibəsiz məsələni Türkiyənin dəstəyi ilə həll etmiş olacaq. Türkiyənin çalışdığı odur ki, müharibə olmasın. Əgər bu Türkiyənin təşəbbüsü ilə gerçəkləşərsə, onun beynəlxalq nüfuzuna ciddi şəkildə təsir edəcək.