Qafqaz Tarixi Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Hüquqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov Teleqraf.com-a geniş müsahibə verib.
Müsahibəni təqdim edirik:
– Rizvan müəllim, hazırda dünya siyasi gündəminin ən əsas məsələlərindən biri Rusiya ilə Ukrayna arasında münasibətlərin gərginləşməsidir. Eskalasiyanın qarşısını almaq üçün regionun aparıcı oyunçusu Türkiyə tərəfi aktiv vasitəçilik missiyasına başlayıb. İstərdik ki, bir tarixçi kimi Rusiya-Ukrayna-Türkiyə münasibətlərinin tarixi-sosial aspektləri ilə bağlı fikirlərinizi öyrənək…
– Bu çox vacib məsələdir və sual da çox gözəl sualdır. Bilirsiniz, mən çalışıram ki, istər rus kolleqalarımla, istərsə də digər kimlə ünsiyyət qururamsa, onunla səmimi olum. Səmimiyyət ən gözəl silahdır. Məlumdur ki, Azərbaycana, Bakıya Rusiyadan çoxlu ekspertlər, tanınmış şəxslər gəlir. Necə ki, biz hara gedirdiksə, Qarabağ məsələsi haqqında danışardıq, qarşı tərəfin fikirlərinin bizim dərdimizə münasibətini bilmək istərdik, eləcə də bura gələn ruslar mütləq soruşurlar ki, Krım məsələsində, Ukrayna məsələsində mövqeyiniz nədən ibarətdir? İstər fərd olaraq, istərsə də cəmiyyət olaraq mövqeyimizi bilmək istəyirlər. Hiss olunur ki, rus xalqını və elitasını çox düşündürən bir məsələdir, yaralı mövzudur. Həmçinin, Ukraynadan gələn qonaqlarımız mütləq bu məsələ ilə bağlı mövqeyimizi soruşurlar. Bu məsələdə istər Türkiyə, istərsə də Azərbaycan düstur olaraq beynəlxalq hüququ əsas götürür. Beynəlxalq hüquq ərazi bütövlüyünü tanıyır. Deməli, Krım Ukraynanın ərazisidir. Bəllidir ki, Rusiya Osmanlı dövləti ilə yüz ilə yaxın döyüşüb və yarımadanı əldə edib. Sonradan – sovet dövründə bəlli proses gedib. Yəni, Krım 1954-cü ildə Ukraynaya bağışlanıb. Bu öz yerində, amma fakt faktlığında qalır. Beynəlxalq hüquqdan kənar iş görmək bizə yaraşmaz. Ona görə ki, bizim Qarabağ məsələmiz var.
Türkiyə də məsələyə belə yanaşır. Fakt odur ki, bir ölkənin ərazisi istəmədən qopardılaraq başqa ölkəyə verilə bilməz. Krım məsələsində mən Rusiyadan olan dostlarıma səmimi şəkildə deyirəm ki, sizin Ukrayna ilə bu vəziyyətdə olmağınız sizdən başqa hamının xeyrinədir. Bizim də xeyrimizədir, Qərbin də xeyrinədir. Baxırlar ki, Rusiya və Ukrayna nə qədər bir-birini qırıb dağıdırsa, o qədər də başqaları öz işini görə bilər. Sizi inandırım ki, Krım məsələsi olmasaydı, Rusiyanın Qarabağ məsələsinə münasibəti heç də birmənalı olmayacaqdı. Yəqin ki, nə dediyimi başa düşürsünüz. Yəni, bu da var. Əslində xeyrimizədir. Amma səmimi, dost olaraq mən Rusiya tərəfinə deyirəm ki, sizin bütün probleminiz ordandır. Əgər siz qardaş Ukrayna xalqı ilə dil tapa bilmədinizsə, siz heç kimlə dil tapa bilməyəcəksiniz. İndi onlar düzdür, səhvdir, satqındır, satqın deyil, bu sizin şəxsi mövqeyinizdir. Siz adınızı böyük imperiya, böyük qardaş qoymusunuz.
– Sverxderjava…
– Bəli, sverxderjava. Deməli, səhv sizindir ki, vaxtilə Ukrayna ərazisində lazım olan tədbirləri görməmisiniz. Bu gün də onun acı nəticəsini alırsınız. Çar Rusiyasının və 1922-ci ildə SSRİ-nin təməlini 3-4 xalq qoyub. Bunlar Rusiya-Ukrayna birliyi, Rusiya-Ukrayna-Gürcüstan birliyi və Rusiya-Ukrayna-Gürcüstan-Ermənistan birliyidir. Əsasən bu dörd xalqın birliyindən Rusiya imperiyası dayaqlarını Qafqaza, Avropaya kimi uzatmışdı. Qərb hamısını bir-bir dağıtdı, Rusiyanın əlindən aldı. Günah kimdədir? Qərbdədirmi? Onda Qərbə əhsən!
Vaxt var idi çar Rusiyasının ideologiyası var idi – panslavyanizm. Onun panturanizmdən nə fərqi var? Zorla, özünə slavyan deməyən ölkələri slavyan adlandırırdılar. Slavyanların yarısı heç rusu slavyan saymırdı. XIX əsrdə panslavyanizm yarananda Şərqi Avropada əsl slavyan xalqlar deyirdi bunlar (ruslar) tatardır, bunlar hara, slavyanizm hara?! Rus hara, slavyan hara?! Döyüşünüz, Balkanlarda Osmanlıya qarşı qan tökdünüz, 1877-78-ci illərdə Şipka zirvəsinə (Bolqarıstan), Serbiyaya kimi gedərək bir slavyan-pravoslav birliyini yaratdınız. Onun içində Gürcüstanın, Ukraynanın xüsusi pravoslav statusu var idi. Yəni, bütün bu düsturlar əlinizdən getdi, dağıldı. Gürcüstanla, Ukrayna ilə müharibə etdiynizə görə ümumi pravoslav birliyiniz də dağıldı. Həmçinin, panslavyan birliyi də çoxdan dağılıb. Bir dövlət olaraq ortaya bir ideya çıxarın. Pis-yaxşı sovet ideyası var idi, qan tökdünüz, o ideya ətrafında 70 il nəsə topladınız.
Sizin son dayağınız Ermənistan idi. Bilinmir ki, xristian kimi xristiandır, slavyan kimi də slavyan deyil. Fakt budur ki, sizin çirkli işlərinizin 90 faizini ermənilər görürdü. Nə isə dərinə getməyək, tarix bunu göstərir. Bacarmadınız, sizin dünənki əlaltılarınız sizi satdı. Amma biz türklər, biz azərbaycanlılar son 30 ildə hansı mövqedə idiksə, orda da qaldıq. Siz 30 il qışqırırdınız ki, Azərbaycan Qərbə tərəf qaçır. Həmin 30 ildə sizin sadiq dostlarınız Gürcüstan, Ukrayna və Ermənistan dediyiniz kimi Qərbə tərəf qaçdılar. Amma biz sabit şəkildə öz yerimizdə dayanmışıq. Çünki türk dünyası mərkəzdir. Türk dünyasının da mərkəzi Azərbaycandır. Bunu mən demirəm, fransız alimləri deyir. Onlar deyirlər ki, türk dünyasını dağıtmaq üçün onurğa sütununu sındırmalısan. O da Azərbaycandır. Nə qədər Azərbaycan sabit olsa, o qədər də Türkiyə öz işini görəcək. Azərbaycan Qarabağ məsələsini həll etdisə, Rusiya, o biri-bu biri anladı ki, 200 illik oyun qurtardı. Ya gedib türk dünyasının yanında yer tapmalısan, ya da ay Rusiya, bax da. Bizim yolumuz budur. O sənin şəxsi problemindir ki, sən sağa-sola, nala-mıxa vurursan və mənə də təklif edirsən ki, nala-mıxa vurum. Mən yolumla gedirəm. Mən tanıyıram ki, Qərb kimdir. Qərbin mənə münasibəti dəyişməz. Mən səni də tanıyıram Rusiya, kimsən, kim səni idarə edir. Mən ermənini, gürcünü tanıyıram, dünənədək məni saymayan Ukraynanı tanıyıram. Dünənədək Ukrayna bizə dəstək vermirdi ki... Ukrayna bu dərdi yaşayandan sonra (Krım və Donbas məsələsi) bizə dəstək verməyə başladı.
– Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin müavini – Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu yaxınlarda telejurnalist Tina Kandelakinin RTVI-ın efirində yayımlanan “Xüsusi qonaq” proqramına müsahibə zamanı bir sıra maraqlı açıqlamalar verib. O deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülən “Türk dünyası” ideyası Rusiya üçün təhdid yaratmır. “Həqiqətən də türk dünyasının mədəni və tarixi ortaqlığı var. Mərkəzi Asiya ölkələri, hətta Rusiya Federasiyasındakı respublikalarımız, tatarlarımız, başqırdlarımız, bəli, onların türklərlə ortaq tarixi var. Bu, dil tarixi, mədəniyyət tarixi, ortaq ənənələrdir. Odur ki, bunda qorxulu heç nə yoxdur. Türkiyədə bu mədəni birliyi daha böyük nəsnəyə çevirmək istəyən millətçi qüvvələr var. Ancaq Allaha şükür ki, bu millətçilər o qədər də çox deyil, baxmayaraq ki, onlar “Böyük Turan” yaratmaq ideyasında israr etməkdə davam edirlər”, - deyə Peskov bildirib. Bu məsələ ilə bağlı fikirlərinizi bilmək istərdik...
– Yəqin bilirsiniz ki, Peskov özü milliyyətcə yarı tatardır. Kandelaki isə əslində ermənidir, amma özünü gürcü kimi təqdim edir. Gör kim kimə sual verir: əslində erməni, amma özünü gürcü kimi təqdim edən, əsli guya rus, əslində tatar. Çox maraqlı bir müsahibə idi. Ələlxüsus, Peskovun Kandelakiyə müsahibəsində mənim xoşuma gələn odur ki, Peskov deyir, bəli, Türkiyənin iqtisadi modeli daha uğurludur, daha əlverişlidir, Türkiyənin gördüyü işlər hamı üçün daha maraqlıdır. Ona görə də qalib gəlir. Peskovun dediyindən belə çıxır ki, kim uğura yol tapırsa, o da qalib gəlir.
O ki qaldı Türkiyə-Ukrayna münasibətlərinə, Rusiyanın səhvidir ki, belə bir şərait yaranıb. Dünənədək Ukrayna heç Türkiyəyə tərəf baxmırdı. Türkiyəni əzəli düşmən sanırdı. İndi isə düşüb ayağına, qucaq-qucaq axtarır ki, Türkiyə dəstək versin. Səhv Rusiyanındır. Türkiyə bundan niyə də istifadə etməsin?! Türkiyə ora girməsə, Qərb girəcək. Rusiya üçün yaxşı olacaq? Heç olmasa Rusiya Türkiyə ilə dil tapa bilir. Heç olmasa, qüvvə baxımından nəsə təzyiq edə bilir. Amma Ukrayna məsələsində ancaq Qərb otursa, Rusiya üçün ən pis variant olacaq. Bu məqamı nə Tina Kandelakilər, nə də digərləri başa düşür. Amma Peskov bunu bilir. Ona görə də Peskov deyir ki, Turanın ulduzu Altaydadır. Yəni, dövlət olaraq özünü bu layihənin içinə təklif edir. Turan yalnız türk dövlətləri demək deyil. Bu yanlış bir şeydir. Turan fərqli xalqları, fərqli coğrafiyanı ehtiva edir. Hansılar ki, Turan ideyası ilə yaşaya bilər. XX əsrin əvvəlinə kimi bizə Turan xalqları deyirdilər. Sonradan bəzi Avropa mərkəzlərində dedilər ki, bunlara türk deyək. Böyük fərq var. Turan mədəniyyətinin izləri 5-6 min il bundan öncəyə gedir. Türk mədəniyyətində səni mütləq Altaya-Sibirə göndərəcəklər. Yəni, məhdudlaşma baş verəcək. Ona görə də mən dəfələrlə demişəm ki, Turan mövzusu çox vacibdir, möhtəşəm bir şeydir. Turan mövzusunda bizim türk dövlətçiliyimizin maksimum geniş imkanları görünür. Misirdən, Aralıq dənizindən tutmuş Sakit okeana, Hindistandan, Banqladeşdən tutmuş Volqa çayına, Litvaya, Polşaya kimi. Niyə də yox? O demək deyil ki, biz indi o ərazilərə iddia edirik. Biz yada salırıq ki, bizim olub və biz istəsək bizim ola bilər.
Hazırda Rusiya üçün ən böyük problem bilirsinizmi nədir? – Saxa (Yakutiya). Etnogenezin passionarlığı nəzəriyyəsi var. Bunu vaxtilə tanınmış Rusiya alimi Lev Qumilyov (Nikolay Qumilyov və Anna Axmatovanın oğlu) yazıb. O bildirib ki, Günəşin alqoritmi, amplitudası var. Günəş işığı neçə ildən bir güclənər, buzlar əriyər və həmin o yerlərdə yaşayan xalqların – hara ki Günəş daha çox düşür – passionarlığı qalxar, aktivliyi çoxalar, fədakarlığı artar. Döyüşərlər, qırılarlar, birləşərlər. Qumilyov yazırdı ki, gələcəkdə Xəzər ətrafındakı türklərin və ümumiyyətlə türklərin-müsəlmanların ayılmasını gözləyin. Türklər dünya siyasətində əsas rol oynayacaq. Qumilyov bunu 1970-80-ci illərdə yazıb. Qumilyov rusdur, bunu ruslar üçün deyib. Ruslar bundan istifadə edə bilmirlərsə və Qərb türk faktorundan istifadə edirsə, günah kimdədir? Rusiyada deyilmi? Qumilyov bunu Rusiya üçün yazıb. Rusiyada onun son kitabını çap etmək istəmirdilər. Yeltsin o adamı qovurdu. Ölüm ayağında – 1991-ci ildə Bakıya gəldi, mənim dayım, “Şərq-Qərb” nəşriyyatının qurucularından və rəhbərlərindən olan Hacı Quliyev onun kitabını çap etdi. Qumilyov “Tısyaçeletie vokruq Kaspiya” (“Xəzər ətrafında minilliklər”) kitabında bütün tsikli verib. Nə, necə, nə vaxt olacaq? Sözsüz ki, təxmini - haqq Allahdandır. Bunu yəqin ki, Peskov da, digərləri də oxuyub. Təxmini görürlər ki, bəli, bu proses gedir. Günəş işığı çoxaldıqca Saxa Respublikasında – yakutlarda milli oyanış baş verir. Bizlərdə yüz-yüz əlli il öncə baş verən milli oyanış o buzqıran yerlərə, Arktikaya gəlib çatıb. Yakutiyanın ərazisi iki-üç Avropa boydadır. Rusiya onu necə həll edəcək? Yakutları qan içinə qərq edəcək, yoxsa hansısa güzəştlər edəcək? Güzəştlər etsə, tatarlar, başqırdlar, çuvaşlar, qaraçaylar, tuvalılar, xakaslar, altaylar, noğaylar, balkarlar, qaqauzlar və digər çoxsaylı türk xalqları var. Rusiya bu məsələlərin həllini ancaq Türkiyə ilə, Azərbaycanla, digər türk dövlətləri ilə əlbir olaraq tapa bilər. Bir növ şəfası bizdədir, onlar da bunu gözəl bilir.
– Rusların Ukrayna ilə bağlı səhvlərə yol verdiklərini dünya iqtisadiyyatı üzrə məşhur rusiyalı mütəxəssis, Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti, Rusiya Elmlər Akademiyasının Elmi Şurasının sədri, akademik Aleksandr Dınkin də təsdiqləyir. Mən ötən ilin yayında onun TASS-a verdiyi geniş müsahibəsini oxumuşdum. Akademik müsahibədə bildirir ki, Rusiya Ukrayna ilə ciddi şəkildə məşğul olmayıb. Sitat: “Biz institutda Post-sovet Araşdırmaları Mərkəzi yaratmışdıq. Mərkəzin əməkdaşlarının ilk vəzifəsi Ukrayna məktəblərində yuxarı siniflər üçün tədris edilən tarix və ədəbiyyat dərsliklərini analiz etmək idi. Təxminən 1999-cu ildən bəri dərs vəsaitlərində çox ciddi anti-rus narrativlər meydana çıxdı. Biz bununla məşğul olmadıq. Biz ukraynalı müəllimləri, müxtəlif Amerika fondlarının sponsorluğu ilə hazırlanan bu dərsliklərin müəlliflərini bura dəvət etmədik. Düşündük ki, Ukrayna bizim yanımızdan heç yerə getməyəcək. Və biz Ukraynanın bu ağır elitasını yetişdirdik. Hansı ki, 1992-2004-cü illərdə karbohidrogenlərin güzəştli qiymətlərlə verilməsi nəticəsində təxminən 40 milyard dollar “mükafat”ı üsulluca mənimsəmişdi...”
– Ukrayna tərəfinin də günahları var. Faşizm mövzusunda Ukraynanın birmənalı olmayan mövqeyi mövcuddur. Düzdür, Rusiyanın özündə də faşizm mövzusunda bir qism xəstədir. Amma dövlət səviyyəsində Rusiyaya qarşı qıcıq doğuran addımlar atmağın mənası nədir?! Rusun yapışdığı son nəsnə 77 il öncə faşizmə qalib gəlməsidir. Yalnız o qalıb. Başqa bir şey yoxdur. Hər şeyi itirib. Pravoslavlıq getdi, panslavyanizm getdi, sosializm getdi. Keçid dövründə avrasiyaçılıq deyilən bir ideyadan yapışıblar. Onun da içini doldura bilmirlər. Ona görə ki, hələ də faşizmə qalib gəlməsindən yapışıb. Faşizmlə mübarizədə qalibiyyət rusun son ideoloji qalasıdır. Ukraynanın ora vurmasının mənası nədir?! Ay Ukrayna, sən də faşizm zülmündən ən çox əzab-əziyyət çəkənsən. Kimə xidmət edirsən?
– Yəni, siz Ukraynada nasizmin populyarizasiyasını, Stepan Banderanın qəhrəmanlaşdırılması kimi halları nəzərdə tutursunuz?
– Bəli. Ukrayna hakimiyyəti üçüncü tərəfin marağı ilə bu kimi hallara ən azı qadağa qoymur.
– Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, nasist Almaniyası kimi SSRİ də İkinci dünya müharibəsinin başlamasında və Holokostda günahkardır...
– Həm bu, həm də bəzi digər məsələlərdə müəyyən fikirlər aşılamaq, adını çəkdiyiniz bəzi “qəhrəmanları” qaldırmaq, İkinci dünya müharibəsində SSRİ-nin qələbəsini aşağılamaq, o qələbənin olmamasının olmasından daha yaxşı olduğunu iddia etmək, bu fikrin populyar siyasətçilərin, ictimai xadimlərin, deputatların dilindən deyilməsi nəyə, kimə xidmət edir? Hər halda üçüncü tərəflərin marağındadır. Ona görə bu məsələdə mən də sizinlə razıyam ki, bəzi addımlar yersizdir.
– Maraqlı bir məqama gəlib çıxdıq. Həqiqətən də müasir Rusiya son istinad nöqtəsi kimi 77 il öncə faşizmlə müharibədə qazandığı qələbədən yapışıb. Ruslar özləri haqqında həmişə belə bir mif yaradıblar ki, onlar məğlubedilməzdirlər. Ancaq mən bu yaxınlarda bir rus saytında “Mif o nepobedimosti Rossii: komu i skolko raz mı proiqrıvali v voynax” adlı məqalə oxudum. Həmin məqalədə bildirilirdi ki, Rusiya imperiyası XVI əsrdə 3, XVII əsrdə 3, XVIII əsrdə 1, XIX əsrdə 1, XX əsrdə isə Rusiya imperiyası və SSRİ 4 dəfə məğlub olub. Ümumilikdə Rusiya 12 müharibədə uduzub. Üstəlik bura Rusiyanın koalisiyanın tərkibində olduğu uduzulmuş sərhəd münaqişələri və müharibələr daxil deyil...
(Ardı var)