1 Fevral 2022 19:51
1 814
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hələlik ABŞ və Rusiyanın Ukrayna və təhlükəsizlik mövzusunda hansısa razılaşmalara gəldiyini demək çətindir. Dünən BMT Təhlükəsizlik Şurasında Rusiya kəskin etiraz etsə də, ABŞ və İngiltərənin təşəbbüsü ilə Ukrayna mövzusu müzakirə edildi. Rusiyanın qarşısında məsələ qoyulub ki, Ukraynaya hərbi təzyiqləri dayandırsın. Qeyd edilib ki, bütün bunlar Ukraynaya hərbi müdaxilənin olacağını deməyə əsas verir. Bu fakt göstərir ki, tərəflər arasında razılaşma yoxdur”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov ABŞ və Rusiyanın razılığa gəlib-gəlmədiyi haqda suala cavabında deyib.

Deputat əlavə edib ki, Ukrayna məsələsi hələ dünyanın əsas gündəliyindən çıxmayıb: "Görürük ki, ABŞ, İngiltərə, müəyyən mənada Polşa və Türkiyə Ukraynanın tərəfində çıxış etməyə başlayıblar. Fərz edirəm ki, bunu görən Rusiya başını ağrıtmamaq qərarını verib. Mənim düşüncəmə görə, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları tam olaraq gündəmdən çıxmasa belə, bu ehtimal əvvəlki günlərlə müqayisədə nisbətən azalıb".

Politoloq xatırladıb ki, artıq Qərb ölkələri Belarusdakı diplomatik korpus nümayəndəliklərinin çxarılması haqda qərar verib.

Onun sözlərinə görə, ABŞ-ın Belarusdakı diplomatlarının ailəsini təxliyə etməsini elan edir və bu da göstərir ki, Vaşinqton əlində olan kəşfiyyat məlumatına görə, vəziyyətin tam sabit olmadığını düşünür. Odur ki, təhlükənin tam olaraq ortadan qaldırıldığını demək doğru olmazdı.


Müəllif: Nemət

Oxşar xəbərlər