3 Fevral 2022 19:13
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Hicran xanım, Şuşa Bəyannaməsinin tarixi, siyasi əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Müasir Azərbaycanın xarici siyasət tarixində Şuşa Bəyannaməsi ölkənin dinamik diplomatiyasının və çoxtərəfli beynəlxalq formatlarda daha səmərəli iştirakının dayaq nöqtəsidir. Şuşa Bəyannaməsi strateji sazişdir. Onun məqsədi Ankara ilə Bakı arasında geosiyasi əməkdaşlığın daha da genişlənməsi və yaranan təhdidlərin fəsadlarının azaldılmasıdır. Həmçinin, Şuşa Bəyannaməsi Cənub-Şərqi Avropada və Qafqazda iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı və regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir. Bu bəyannamə Avropanın ən yeni tarixinə geosiyasi həmrəyliyi, iqtisadi çiçəklənməni və bütün qitə üçün təhlükəsizliyi təmin edən vacib vasitə kimi daxil olacaq. 1 fevral 2022-ci il tarixində "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunun qəbul edilməsi tək Azərbaycan və Türkiyə üçün deyil, Cənubi Qafqaz və Avropa üçün də yeni bir dönəm kimi qiymətləndirilməlidir. 2021-ci ilin iyunun15-i Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrildi. Əgər 29 il əvvəl bu gündə Azərbaycan parçalanmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən qurtardısa, bu gün isə Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir. Bu baxımdan da Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirərək yeni bir mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin dediyi kimi: “Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir”. Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsində birgə milli mənafelər baxımından siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik sahələrində, o cümlədən media sahəsində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Və bunun tarixi çox qədimdir. Çünki bizi bir çox amillər birləşdirir. Bu baxımdan da Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.

- Müttəfiqlik müqaviləsinin Qars müqaviləsi ilə oxşar cəhətləri haqqında nə demək olar?

- Bu sənəd Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda imzalandı. Ölkə baçşısı İlham Əliyev də çıxışında qeyd etdi: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda həm ermənilər, həm də onlara havadarlıq edən qüvvələr fikirlər səsləndirmiş və bunun üçün cəhdlər göstərmişlər. Lakin Şuşada imzalanan Bəyannamə Azərbaycan və Türkiyə müttəfiqliyini daha da möhkəmləndirdi. Eyni zamanda, Qarabağın təhlükəsizliyi və qısa müddətdə yenidən qurulması məqsədilə bundan sonra da hər iki ölkənin imkanlarını səfərbər ediləcəyini rəsmən təsdiqlədi. Müqavilənin imzalandığı məkanın seçilməsi də xüsusi bir rəmzi, simvolik məna daşıyırdı. Birincisi, dünya ictimaiyyəti bir daha erməni barbarlığını, vandalizmini görsünlər, 30 ilə yaxın əsarətdə saxladıqları şəhərləri, kəndləri necə dağıdıblar, talan ediblər. İkincisi isə, erməni işğalçılarının xaraba qoyduğu binanın uçurulmuş divarları fonunda hər iki dövlətin başçısı bütün dünyaya sülhün, sakit şəraitdə yaşamağın vacibliyi mesajını göndərirlər.

- Sənədin beynəlxalq münasibətlər sistemində yeri və rolu necə qiymətləndirilir?

- Həmin sənəddə diqqəti cəlb edən məsələlərdən biri də beynəlxalq əhəmiyyət kəsb edən layihələrin reallaşmasıdır. Azərbaycanın Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Bu layihə nəinki bölgə, region üçün, həm də dünya üçün vacib və mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi Cənub-Şərqi Avropada və Qafqazda iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı və regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir. Zəngəzur dəhlizinin açılması İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. İki qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir.

- Bu formatın Cənubi Qafqazda əməkdaşlığa təsiri ilə bağlı fikirləriniz?

- Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatında balanslı bir siyasət aparır. Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycan fəal dəstəkləyir. Ölkəmiz beynəlxalq maliyyə institutları ilə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən təsis olunmuş İnfrastruktur və İnvestisiya Bankı fəal əməkdaşlıq edir. Neft-qaz, enerji, nəqliyyat və loqistika, kommunikasiya kimi iqtisadi layihələr regional əməkdaşlığı qaçılmaz edir. Cənab Prezidentin irəli sürdüyü “Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır” tezisi bir daha dövlətimizin əməkdaşlıq səylərinin aydın təzahürüdür. Bu gün Azərbaycanın həm regionda, həm də bütövlükdə dünyada mühüm strateji əməkdaşa çevrildiyini, onun nüfuzunun getdikcə daha da artdığını müşahidə edirik.

- Yeni bir format və güc müstəvisində əməkdaşlığın əsas hədəfləri haqqında nə demək olar?

- Azərbaycan qardaş Türkiyənin dəstəyini hər zaman hiss edib. Hələ 1918-ci ildə sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalçılarından azad edib. Bu tarixi gün öz müstəqilliyini elan etmiş gənc bir dövlətin özünü təsdiq etməsində mühüm əhəmiyyət kəsb edirdi. Çox mürəkkəb və çətin bir şəraitdə olan Azərbaycanın köməyinə qardaş Türkiyə çatdı. Və 1918-ci il sentyabrın 15-i bizim üçün dönüş günü oldu. Maraqlıdır ki, 1915-ci ildə Çanaqqala döyüşlərində minlərlə azərbaycanlı Türkiyəyə, öz doğma qardaşlarına yardımını əsirgəməmişdi. Bu faktlar onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə bir-birinin yanındadır. Bu gün Türkiyə və Azərbaycan sevincini və kədərini paylaşan iki dövlətdir. Məhz bu tarixi hadisələr Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü “Bir millət, iki dövlət” devizinin əsl mahiyyətini açır. Tarix təkrar olunur. O dövrdə də bir sıra dövlətlərin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Türkiyə qardaş köməyini əsirgəmədi və 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Bununla da Türkiyə Azərbaycan dövlətçiliyinə ilk qardaş töhfəsini verdi. Elə müasir dövrdə də Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət də Türkiyə olub. Müstəqilliyimizin çətin anlarında, Ermənistan tərəfindən torpaqlarımızın işğal edildiyin zaman da Türkiyə yanımızda olub, bizim haqq səsimizi bütün səviyyələrdə ictimailəşdirib. 30 illik erməni işğalından sonra Azərbaycanın haqq savaşına Türkiyə mənəvi və siyasi dəstək verməklə, bu dəfə də öz qardaşlıq missiyasını yerinə yetirdi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Şuşa Bəyannaməsi isə bu qardaşlığı əbədi möhürlədi. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Bu tarixi hadisə Cənubi Qafqaz regionunda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların pozulması deməkdir. Artıq Azərbaycan-Türkiyə birliyi ilə davam edəcək yeni regional münasibətlər platforması formalaşmaqdadır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər