7 Fevral 2022 18:45
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidentinin Avropa İttifaqına sədrliyi qismində Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüşündə mühüm məsələlər müzakirə edildi. Görüş zamanı Ş.Mişelin təşəbbüsü ilə Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti vurğulandı. Bu görüş isə Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələrlə yadda qaldı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyasına dair məsələlər gündəmdədir:

“Eyni zamanda tərəflər arasında sülh sazişi üzrə danışıqlara başlaması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb. Görüşdə Prezident İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha diqətə çatdırıb. Müzakirələr zamanı ölkəmizin başçısı I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi məsələsini də bir daha vurğuladı. Eyni zamanda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət cəlb edildi. Prezident İlham Əliyev qeyd etdi ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb”.

Millət vəkili bildirib ki, görüşdə, UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olunub və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edilib:

“Prinsip etibarı ilə əldə edilən sənəddə Minsk Qrupuna istinad yoxdur. Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə uyğun olaraq Minsk qrupuna istinad yer verilməyib. Eyni zamanda sənəddə Qarabağla bağlı ifadə də özünə yer almayıb. Bu bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti nümunəsidir”.

Sevinc Hüseynova hesab edir ki, artıq Fransa ATƏT-in həmsədr olaraq bu reallığı qəbul edir və həmin tədbirə də Avropa İttifaqına sədrliyini qəbul etmiş ölkə kimi iştirak edib:

“Müzakirələrdə həmçinin Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyinin davam etdirilməsi vurğulandı. Bu gündəliyin əsasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələləri özündə ehtiva edir. Bütün bunlar isə onu göstərir ki, II Qarabağ müharibəsindən sonra Azərbaycanın yaratdığı reallığı artıq hər kəs qəbul edir”.


Müəllif: Tapdıq Qurbanlı