Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu Milli Məclisin sədri Sahibə Qafarovanın adına təbrik məktubu ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, məktubda Çin parlamentinin sədri ötən il noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis iclası barədə öz fikirlərini açıqlayıb.
O, tədbirin müvəffəqiyyətlə keçirildiyini və uğurlu nəticələr əldə edildiyini bildirib. Milli Məclis və onun sədri Sahibə Qafarovanın Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində səylərini yüksək qiymətləndirib.
Li Canşu Çinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin gələcək fəaliyyətində Azərbaycanı dəstəklədiyini bildirib. Ölkəsinin yeni yaradılmış quruma üzv ölkələrin parlamentləri ilə də sıx münasibətlər qurmağa hazır olduğunu deyib. O, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində dünyada multilateralizmin inkişafı və sülhün bərqərar olması üçün üzv ölkələrin birgə səylərinin vacibliyini vurğulayıb.