14 Fevral 2022 10:40
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimaiyyət nümayəndələrinin, müxtəlif dövlət qurumlarının rəhbər şəxslərinin, millət vəkillərinin, siyasətçilərin, beyin mərkəzlərinin, QHT təmsilçilərinin, jurnalistlərin və sosial media fəallarının iştirakı ilə Sosial Tədqiqatlar Mərkəzinin hazırladığı kitab təqdimatına həsr edilmiş konfrans keçirilir.

Teleqraf.com xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan hesabatda “Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” əsaslı və ətraflı şəkildə əksini tapıb.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib ki, informasiya meydanındakı savaş Vətən müharibəsinin tərkib hissəsidir: “Bu ideyaya xidmət edən və təqdimatına toplaşdığımız “Qlobal Araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” kitabı yeni informasiya əsrində və post-müharibə dövründə rəqəmsal inqilab, texnoloji inkişaf və süni intellekt platfotmalarından ölkəmiz əleyhinə sistemli informasiya terrorunu həyata keçirən qrupların məqsədlərini təyin etməyə imkan verir, sifarişçiləri, iştirakçıları, maliyyələşmə mənbələrini və coğrafiyasını dərindən təhlil edir, yeni çağırış və həll yollarına işıq salır”.

Mərkəzin sədri qeyd edib ki, analitik hesabatda ilk dəfə qlobal “araşdırmaçı jurnalist və insan hüquqları” şəbəkəsində son onillikdə baş verən proseslər, ölkəmizə qarşı pozucu fəaliyyətində yeni metodlar, meyillər, məqsədlər, aktorlar və icraçılar, Azərbaycana qarşı fəaliyyətində erməni faktoru sistemli və əsaslı faktlarla təhlil edilib.

Z.Oruc bildirib ki, aparılan tədqiqatda Azərbaycan xalqının ordu və dövlətimizlə birliyini, parlaq Qələbəmizi təmsil edən Prezident İlham Əliyevin qlobal “araşdırma” şəbəkəsinin ardıcıl hədəfinə gəlməsində erməni faktorunun yeri və rolu peşəkarlıqla təhlil edilir, 44 günlük Vətən müharibəsində hərbi meydanda məğlub olan qüvvələrin informasiya savaşında total hücuma keçməsinə dair faktlara, “səlibçi jurnalist”lərin haker yürüşlərinin mahiyyətinə aydınlıq gətirilir:

“Bəs nə üçün Azərbaycan qlobal şəbəkənin hədəfləri sırasındadır? Bu suala regional və beynəlxalq sirləri daha yaxşı bilən prezident İlham Əliyev dəqiq cavab verir: "Bizi iradələrinə tabe etdirmək istəyirlər". Əlbəttə, şübhə yoxdur ki, beynəlxalq şantajın səbəbləri və hədəfləri çoxdur. İnformasiya hücumları təkcə Azərbaycanla bağlı deyil, Avropa ölkələri, Türkiyə, Rusiya və digər paytaxtlar üçün də daimi təhdidlər yaradır. Xatırlatmaq yerinə düşər ki, məhz 2016-cı ildə “Cambridge Analytica” şirkətinin xüsusi alqoritmlər vasitəsilə milyonlarla insanın məlumatlarını əldə etməsi rəqəmsal hücumlar və kiber təhlükələr mövzusunu xeyli ictimailəşdirdi. Ona görə də 2016-cı ildə “post-həqiqət” (post-truth) ifadəsi “Oxford dictionary” tərəfindən ilin sözü elan olundu. İndi dünyada dəyərsizləşdirilən siyasi ideallar-demokratiya və Azadlıq haqda billər rəqəmsal despotizmin və faşizimin dekorasiyasına çevrilib”.

Zahid Oruc əlavə edib ki, bu gün Vətən müharibəsindən məğlubiyyətlə çıxan dünya erməniləri, Qərb mediasının siyasi korrupsiyaya uğrayan dairələri və onların yerli uzantıları tərəfindən Azərbaycana qarşı sistemli dezinformasiya daha da intensivləşib: “Qarabağ uğrunda mübarizə artıq kiberməkanda kütləvi və siyasi beyinləri ələ almaq mübarizəsinə çevrilib. Halbuki informasiya məkanı coğrafi ərazimizin ayrılmaz hissəsidir. İqtisadi-siyasi azadlığımız kimi, informasiya müstəqilliyi də suverenliyimizin ayrılmaz parçasıdır. Təsadüfi deyil ki, Avropa Bilriyi 500 milyona yaxın vətəndaşını qorumaq üçün onlarla qanun və proqram qəbul edib, sərt şəkildə onlara əməl edir”.

Mövcud yeni geosiyasi reallıqda qlobal güclərin təzyiq aləti kimi çıxış edən bu şəbəkənin informasiya inqilabının ən son texnoloji imkanlarından istifadə etməklə, müstəqil Azərbaycan dövlətini başlıca hədəflərindən biri kimi müəyyən etməsinin səbəbləri barədə danışan STM rəhbəri bildirib ki, son otuz ildə Qarabağ və Ermənistanın siyasi korrupsiya rejiminə milyardlar ayıran dünya erməniliyinin Qarabağda məğlubiyyətdən sonra bütün gücünü qlobal araşdırmaçı insan hüquq-müdafiə təşkilatlarına sızmaq üçün səfərbər etməsi hesabatda faktlarla əksini tapıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər