15 Fevral 2022 12:47
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə qarşıya qoyduğu bütün hədəfləri reallaşdırır. Ali Baş Komandanın söylədiyi kimi, tarixi Zəfərdən sonra vaxt itirmədən bu işlərə start verilib. Siyasi iradə ortaya qoyulub. Ölkəmizin bütün maliyyə və texniki imkanları, kadr potensialı səfərbər edilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdama növbəti səfəri zamanı yeni müəssisələrin təməli qoyulub. Bu, dövlət başçısının Ağdama 3-cü səfəridir. Hər növbəti səfər zamanı bu ərazilərə yeni nəfəs, yeni inkişaf gəldiyini görürük.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, Prezident yerli sahibkarlara müraciət edərək, onları Ağdama, o cümlədən digər azad olunmuş ərazilərimizə dəvət etdi:

“Bu ərazilərə yatırılan hər yeni investisiya yeni iş yeri, yeni inkişaf deməkdir. Qarabağa, Şərqi Zəngəzura qoyulan sərmayə yaxın gələcəkdə bütövlükdə ölkəmizin inkişafına qoyulan sərmayə olacaq. Azad olunmuş ərazilərdə müasir standartlara uyğun infrastruktur qurulmaqdadır. Artıq azad edilmiş torpaqlarda qurulan yarımstansiyaların sayı 9-a çatıb. Qaz xətlərinin çəkilişi layihəsi işlənir, içməli su ilə təminat, yol-nəqliyyat infrastrukturu, avtomobil və dəmir yollları tamamilə yenidən qurulur. Məhz bu amillər yaradılan müəssisələrin daha səmərəli fəaliyyətini təmin edəcək”.

Millət vəkili Ağdamda yeni Mərkəzi Xəstəxananın təməli qoyulduğunu, minə yaxın şagirdin təhsil alacağı məktəbin inşasına başlanıldığını da diqqətə çatdırıb:

“Altı evdən ibarət yaşayış kompleksi iki ilə inşa ediləcək. 190 hektar ərazidə qurulacaq Sənaye Parkı Ağdamı ən inkişaf etmiş şəhərlərdən birinə çevirəcək. Burada sənayenin inkişafı təmin olunacaq, ənənəvi sahələr bərpa olunacaq. Şəhərin gələcək inkişafı ilə bağlı əsas plan yaşayış binalarının inşası, iş yerlərinin açılmasıdır. Yəni, buraya geri qayıdacaq insanlar işlə təmin olunmalıdırlar. Bu istiqamətdə də addımlar atılır. Bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də əlverişli imkanlar yaradır. Xüsusilə sahibkarlar Qarabağa, Şərqi Zəngəzura sərmayə yatırmaqla uzunmüddətli inkişafa töhfə verməlidirlər”.

Könül Nurullayeva xatırladıb ki, Ağdam başda olmaqla bütün azad olunmuş ərazilərmizdə mədəni-dini abidələrin bərpası da davam edir:

“May ayında Ağdam Cümə məscidinin bərpasına başlanacaq. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Bu işləri öz imkanları hesabına görən Heydər Əliyev Fondu hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsini verir. Biz öz tarixi torpaqlarımıza qayıtmaqla bu əraziləri regionun inkişaf etmiş bölgəsinə çevirməkdəyik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər