18 Fevral 2022 20:27
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, NATO və ATƏT rəhbərliyinin Prezident İlham Əliyevlə sıx təmasları, Azərbaycanın geostrateji mövqeyi, enerji təhlükəsizliyi ilə bağlı önəmi haqqında nə demək olar?

- Azərbaycanın əhəmiyyəti rolu, çəkisi indi tamam dəyişib. İndi fərqli bir Azərbaycan mövcuddur. Bu gün faktiki ölkələr arasında müharibə və ciddi konfrantasiyalar olduğu halda Azərbaycanın apardığı siyasət beynəlxalq qanunu bərpa edib, sülh gətirir. Bu, ilkin səbəb kimi də təhlil oluna bilər. Digər ən əsas məsələ odur ki, müasir beynəlxalq münasibətlərdə adekvat siyasət aparmaq indi çox çətin və mürəkkəbdir. O siyasət ki ölkələrin milli maraqlarına toxunmadan onları bir-birinə yaxınlaşdırır, Azərbaycanın apardığı siyasət Qərblə Şərqi, Şimalla Cənubu faktiki geosiyasi nöqteyi nəzərdən daha təhlükəsiz bir şəraitə yönəldir. Xüsusilə Qərblə Şərq arasında olan məsələləri təhlil etsək, burada bir çox məqamların şahidi olarıq.

- Sizcə, indiki reallıqda Azərbaycanın tənzimləyici rolu nə dərəcədə əhəmiyyətlidir?

- Rusiya ilə Ukrayna arasında faktiki olaraq müharibə gedir. Düzdür açıqlanır ki, müharibə yoxdur. Amma bu proses gedir. Bu müharibə içərisində dünyanın tərəf tutduğu, barışdırıcı, konstruktiv olmadığı halda Azərbaycan Ukrayna və Rusiya ilə münasibətləri qoruyub saxlayır. Bu, strateji əhəmiyyət kəsb edən bir haldır. Eyni zamanda bu, ilk dəfə olan bir hal deyildi. Prezident İlham Əliyevin apardığı siyasət məhz bunu ehtiva edir.

- Ölkəmizin tərəfdaşları və qonşuları ilə münasibətlərinin pozulması üçün edilən cəhdlərdə məqsəd nə idi?

- Belə faktlar kifayət qədərdir. Faktiki olaraq Azərbaycanın yaxın qonşusu İranla münasibətlərinin kəskinləşməsi üçün cəhdlər edildi. Bunun səbəbləri hər kəs üçün aydın idi. Amma bizə ən yaxın və xüsusilə Vətən müharibəsində İsrailin Azərbaycana etmiş olduğu dəstək unudulmamalıdır. Buna baxmayaraq Azərbaycan prosesləri çox diqqətlə izləyib. Bu gün ölkəmizin İranla münasibətləri yüksək səviyyədədir. İsraillə də əlaqələrimiz inkişaf strategiyasına uyğundur. Prezident İlham Əliyevin apardığı siyasət dünyada çoxdan yaddan çıxmış, ancaq yenilənməsinə və istifadə olunmasına böyük bir zərurət olan prinsipi bərpa edir. Bu, beynəlxalq qanunu və milli maraqları müdafiə etməkdən ibarətdir. Ölkələr bu siyasi xəttlə getsələr yəqin ki, problemləri də az olar.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər