Prezident İlham Əliyevin Moskvaya son səfəri olduqca zəngin təəssüratlarla, mühüm sənədlərin və görüşlərin keçirilməsi ilə yadda qaldı. İki ölkə arasında əldə edilən mühüm razılaşmalar regionun gələcəyi, təhlükəsizlik, sabitlik üçün önəm kəsb edir. Atılan addımlar Azərbaycanla Rusiya arasında olan əlaqələrin yeni bir müstəvidə inkişafına imkan yaradacaq. 44 günlük müharibədən sonra Azərbaycanın regionda daimi sülhün və təhlükəsizliyin təminatı üçün etdiyi bütün təşəbbüslər böyük dəstək qazanır. Çünki ölkəmiz məhz inkişafı, sülhü, xalqlar, dövlətlər arasındakı münasibətlərin inkişafa, tərəqqiyə yol açması üçün mövqe ortaya qoyur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun fikrincə, Azərbaycanın xarici siyasətinin əsas hədəfi bütün qonşularla, dost və tərəfdaş ölkələrlə daha sıx əməkdaşlığı təşviq edir:
“Ölkəmizin xarici siyasətdə əldə etdiyi bütün uğurların əsasında məhz Prezident İlham Əliyevin siyasi-diplomatik məharəti dayanır. Bütün qonşularla, o cümlədən Rusiya ilə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi olduqca vacib idi. Bu cür yüksək səviyyəli əlaqələr eyni zamanda yeni bir dövrün başlanğıcı üçün zəmin yaradıb. İki ölkə arasında olan münasibətlərin qarşılıqlı müttəfiqlik, müstəqilliyə, suverenliyə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına əsaslanması mühüm amildir”.
Millət vəkilinə görə, Azərbaycanın şimal qonşusu və əsas tərəfdaşı Rusiya ilə bərabər addım atması olduqca vacibdir:
“Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya və Azərbaycan BMT Nizamnaməsinin prinsiplərinə uyğun yanaşma ortaya qoyur. Eyni zamanda iki tərəf arasında əldə edilən sənədlər beynəlxalq müqavilələrə əsaslanır”.
Cavid Osmanov hesab edir ki, Azərbaycanla Rusiya arasındakı müttəfiqlik sənədi Ermənistanın bu ölkə ilə münasibətlərini inhisara almaq üçün də vacib idi:
“Ermənistan bununla Rusiyanın imkanlarından öz maraqları üçün istifadə etməkdən məhrum olur. Eyni zamanda işğalçı ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) təşkilatındakı üzvlükdən yararlanmaq imkanları da heçə enir. Bu tarixi sənəd Azərbaycan-Rusiya müttəfiqliyi Ermənistana böyük zərbə kimi dəyərləndirilə bilər. Ona görə də Moskva Bəyannaməsi Ermənistanda təşviş, ümidsizlik yaradıb. Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbəsi, qardaş Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması olduqca önəmli idi. Məhz belə bir tarixi Bəyannamənin ardınca Rusiya ilə də eyni səviyyəli sənədin əldə edilməsi mühüm uğur hesab edilir. Bununla da Ermənistanın bölgədə neytarlaşdırlması prosesi daha sürətli bir şəkil alır. Azərbaycan isə əldə etdiyi tarixi qələbə fonunda öz müttəfiqlərinin sayını artırmaqla daimi təhlükəsizlik qazanmaq imkanlarını gücləndirir”.