Azərbaycanın 2020-ci ildə apardığı Vətən müharibəsi təkcə hərb sənətinin incəliklərinin, yüksək texnologiyalı dəqiq silahların tətbiqi ilə baş tutan XXI əsrin müharibəsi deyildi. Vətən müharibəsi həm də Azərbaycanın beynəlxalq humanitar hüquqa tam əməl etməsi ilə yadda qaldı.
Teleqraf.com xəbər verir ki, müharibə zamanı Azərbaycan hərbi-siyasi rəbbərliyinin aldığı tədbirlər müharibənin getdiyi rayonda mülki əhaliyə münasibətdə hər hansı xoşagəlməz halların baş verməsinin qarşısını aldı. Bu isə silahlı münaqişələrin və müharibələrin gedişi zamanı olduqca mühüm amildir. Çünki hərbi əməliyyatlarda konkret hədəflər olur. Bu hədəflər düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsi, ərazinin işğaldan azad edilməsi və ölkənin suverenliyinin həmin ərazilərdə bərpa edilməsidir. Mülki insanlar, o cümlədən qadınlar, qocalar və uşaqlar hədəf olmalı deyil. Azərbaycanlılar kimi insani dəyərlərə mühüm yer verən xalqın başqa cür davranması da mümkün deyildi. Məhz bunun nəticəsində azadetmə əməliyyatı zamanı qarşı tərəfdən bir nəfərin də necə deyərlər, burnu qanamadı. Məhz bunun nəticəsində müharibədən sonrakı dövrdə Azərbaycana qarşı beynəlxalq müstəvidə müəyyən qüvvələr addım atmaq istəsələr də buna müvəffəq ola bilmədilər.
Buna baxmayaraq Ermənistan tərəfinin həm birinci, həm də ikinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı soyqırımları, vəhşiliklər törətməsi heç kim üçün sirr deyil. Təkcə bu günlərdə 30-cu ildönümü tamam olan Xocalı faciəsi yox, digər faciələr də var.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı da bu məsələyə toxundu. Dövlət başçısı bildirdi ki, bizdə indiyədək itkin düşənlərimizin sayı təqribən 4 mindir. Əfsuslar olsun ki, onlar bizə qaytarılmır və kütləvi məzarlıqların yerləri bildirilmir.
Fevralın 24-də Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıq da erməni vəhşiliklərinin gün üzünə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu hadisə bir daha göstərir ki, erməni şovinistləri üçün Birinci və ikinci Qarabağ müharibələrinin gedişi zamanı heç bir məhdudlaşdırıcı faktor mövcud olmayıb. Onların məqsədi təkcə Azərbaycan ərazilərini ələ keçirmək yox, həm də Azərbaycan xalqını məhv etmək olub.
Edillidə aşkarlanan kütləvi məzarlıq bir daha Ermənistanın müharibə cinayətəri törətdiyinin göstəricisidir. O müharibə cinayətləri ki, nəinki müasir dünyada, həmçinin, XX əsrin ən qanlı və dəhşətli müharibəsi olan İkinci dünya müharibəsinin sonunda ona yol verənlər ciddi şəkildə cəzalandırılıblar. 1946-cı ildə baş tutan Nürnberq prosesi müharibə cinayətlərinə yol verən nasist cinayətlərinin bəzilərinin ölüm hökmünə, bəzilərinin ömürlük, bəzilərinin isə 20 il müddətinə azadlıqdan məhrum edilməsinə gətirib çıxardı.
Ermənistanın hərbi-siyasi rəhbərliyi isə nəinki Birinci və İkinci Qarabağ müharibəsi zamanı yol verdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunmayıb, heç buna görə üzr də istəməyib. Hər zaman insan hüquqlarından, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməkdən bəhs edən, özünü dünyada sülh və sabitliyin təminatçısı kimi böyük dövlətlər və beynəlxalq təşkilatlar isə bu məsələdə susqunluq nümayiş etdirməkdə davam edirlər.