28 Fevral 2022 20:18
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş SSR-nin ali hakimiyyət orqanları və erməni agenturasının Sumqayıt şəhərində törətdiyi hadisələrindən 34 il ötür. 1988-ci il fevralın 27-29-da baş vermiş həmin iğtişaş soydaşlarımızın ayağına yazılsa da, həmin hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini səlis bilən ermənilərdən ibarət təxribatçı qrup xüsusi rol oynayıb. Şübhəsiz ki, bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti mərhələsi idi. Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Onun fikrincə, tarixə nəzər yetirib hadisələrin baş vermə ardcıllığına diqqət yetirmək kifayət edir ki, erməni faşizminin anti-Azərbaycan, Azərbaycanafob siyasətinin təzahürlərini görək: “1988-ci il fevralın əvvəllərində ermənilər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın dağlıq hissəsini qoparıb Ermənistana birləşdirmək üçün açıq fəaliyyətə başladılar. Separatçı “Qarabağ və "Krunik” komitələri dünyanın hər yerində yaşayan ermənilərə müraciət qəbul edərək onları “böyük Ermənistan” arzularının reallaşacağı gün uğrunda mübarizəyə səslədilər”.

Millət vəkilinə görə, Sumqayıt hadisələri ərəfəsində Ermənistandan və Dağlıq Qarabağdan Sumqayıt və Bakı şəhərlərinə çoxlu sayda milliyyətcə erməni olan şübhəli şəxslər gəlib: “Onların bir qismi mehmanxanalarda yığcam yerləşdirilib. Azərbaycan dilini mükəmməl bilən bu qrup şəhərin onlarda olan xəritəsi əsasında demək olar ki, bütün küçə və dövlət orqanlarını qeydiyyata almıb, xüsusi terror planı hazırlayıb. Həmin şəxslər Sumqayıtda ermənilərin sıx yaşadığı ərazilərdə çoxsaylı görüşlər keçirib, onları təlimatlandırmışdılar. Bakının 30 km aralıqda yerləşən Sumqayıt şəhəri təsadüfən seçilməmişdi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 41 mindən artıq Azərbaycan türklərinin əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı. Ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində olduqlarını bilirdilər. Hələ Sovet dövründə də "ölü zona" adlandırılan şəhərin yerli əhalisi də yoxsulluq və səfalət ucbatından radikal addımlar atmağa meyilli idi. Ona görə də burada geniş miqyaslı iğtişaşlar törətmək mümkün oldu. Bir gün davam edən ixtişaşlar nəticəsində erməni evləri dağıdıldı, onlarla adam yaralandı, 32 nəfər, o cümlədən, 26 erməni, 5 Azərbaycan türkü, 1 ləzgi öldürüldü. Bu qanlı ssenari ilə guya ermənilərin əzildiyi, haqlarının tapdalandığı dünya ictimaiyyətinə təqdim edilməklə əslində yeni bir mərhələdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı, işğalçılıq siyasətinin əsası qoyuldu. Bütün şahid ifadələri "Sumqayıt qırğınları" proqramının icracılarından ən fəalının erməni, iki dəfə məhkum olmuş 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olmasını sübut edir. Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların zirvəsi idi”.

Tamam Cəfərova aparılan istintaq nəticəsində Dövlət Təhlükəsizlik Komitəsinin açılmış arxiv materiallarından bir sıra mühüm faktların üzə çıxdığını söyləyib: “Dağlıq Qarabağ separatçılarının emissarları, SSRİ DTK-nin agentləri olan Sarkisyan, Osipov (Osipyan) və digərləri Sumqayıt hadisələrində fəal iştirak edib. Həmin hadisələrdən dərhal sonra Orta Asiya respublikalarına ezam olunublar. Bu agentlərin izləri sonradan Özbəkistan və Qırğızıstandakı hadisələr zamanı aşkar olunub. Bu fakt Sumqayıtda, Fərqanədə, Oşda və keçmiş SSRİ-nin digər bir yerlərində baş vermiş təxribatların mərkəzdən təşkil və idarə edildiyini birmənali təsdiqləyir. Həmin hadisələrdən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri faktları da mövcuddur. Eyni zamanda qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri də diqqətdən yayınmayıb. İki gündən sonra isə həmin lentlərin montaj edilib bütün dünyanı dolaşdırılması, "Sumqayıt qurbanları"nın xatirəsini "əbədiləşdirmək" üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndində qoyulması heç də təsadüfi sayıla bilməz. Bütün bu faktlar sübut edir ki, bunlar dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun "vəhşi" obrazını yaratmaq məqsədini güdürmüş”.

Deputat Prezident İlham Əliyev tərəfindən Sumqayıt hadisələrinin dərin təhlil edildiyini, əsl həqiqətlərin ortaya çıxarıldığını vuruğulayıb: “Dövlət başçısı vurğulayıb ki, “Heç kim üçün sirr deyil ki, Sumqayıt hadisələrini erməni millətçiləri törətmişdilər. Bu, onların təxribatı idi və orada ən çox qəddarlıq göstərən erməni millətindən olanlar idi. Məqsəd də aydındır ki, bu hadisədən istifadə edib Azərbaycana qarşı əsassız iddialar irəli sürülsün və ondan sonra azərbaycanlılara qarşı soyqırımı əsaslandırılsın”. Sumqayıt hadisələri Azərbaycan xalqına qarşı növbəti soyqırımı cəhdlərinin tərkib hissəsi olub. Yaxın tariximizdə baş vermis bu hadisəni heç zaman unutmayacayıq. Beynəlxalq siyasi arenada Azərbaycanafob qüvvələrin məkrli siyasətinə qarşı mübarizəmiz əzmlə davam edəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər