1 Mart 2022 18:40
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Musa müəllim, Rusiya-Ukrayna münaqişəsi fonunda Azərbaycan və Türkiyəyə olan münasibət, vasitəçilik və digər məsələlərdə etibarlılıq nədən qaynaqlanır?

- Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, regionda, dünyada əsas söz və güc, etibar sahibləri hansı dövlətlərdir. Bu mənada Azərbaycanın və qardaş Türkiyənin mövqeyi bir daha önə çıxdı. Azərbaycan artıq region dövləti statusundan, dünya dövləti statusuna yüksəlib. Prezident İlham Əliyevin bu müharibədən öncə Ukraynaya, Rusiyaya səfərləri oldu. Bu səfərlərdə hər iki ölkə liderləri ilə müəyyən sənədlər, müqavilələr imzalanıb. Məhz bu amil bir daha göstərdi ki, Azərbaycanın siyasəti regionda, dünya miqyasında yüksək qiymətlənən doğru prinsiplərə əsaslanır. Eyni zamanda Vladimir Zelenskinin, Vladimir Putinin Azərbaycan və Türkiyəyə yüksək, inamı, etibarı var. Bunu hər iki ölkənin liderinin bəyan etməsi Azərbaycanın bu ölkələrdə olan yüksək nüfuzunu bir daha təsdiqləmiş olur. Azərbaycanın mövqeyi bu müharibəyə münasibətdə tamamilə doğru bir istiqamətə yönəlib. Bu mövqe sabitdir. Ölkəmizin mövqeyi beynəlxalq hüququn irəli sürdüyü, tələb etdiyi normala uyğundur. Çünki Azərbaycan 30 ilə yaxın hüquqi ədalətsizlikdən əziyyət çəkmiş dövlətdir. Ona görə də, Azərbaycanın bu məsələlərin Ukraynanın ərazi bütövlüyü çərçivəsində sülh, danışıqlar yolu ilə həll edilməsinin vacibliyini önə çəkməsi təbiidir. Bu hər iki dövlətin xalqlarının mənafeyinə uyğundur.

- Bakının və İstanbulun tərəflər üçün ən məqbul görüş yerləri sırasında qeyd edilməsi hansı amillərlə bağlıdır?

- Görüş yerlərinin və yaxud da ki, danışıqların aparılması üçün paytaxların seçimi məsələsində Ukrayna prezidentinin irəli sürdüyü bir neçə mühüm şəhər arasında Bakının da göstərilməsi Azərbaycana, dövlətimizə olan dərin inamın göstəricisidir. Azərbaycan Ukraynaya humanitar yardım da göndərdi. Bunu da bir dövlətin hümanist missiyasi kimi önə çəkmiş oldu. Bütün bunlar onu göstərir ki, Azərbaycan Prezidenti dünya miqyasında qəbul edilən liderlərdən biridir. Böyük məsəlhətləşmələrin aparılmasında dövlətimizin başçısının öz mövqeyi var.

- Post-münaqişə dövrü ilə bağlı dövlətimizin hansı hədəfləri var?

- Rusiya-Ukrayna müharibəsi də ədalətli bir mövqe və nəticə ilə yekunlaşacaq. Post-müharibə dövründə heç şübhəsiz ki, dünyanın artıq düzəni dəyişmiş olacaq. Post-pandemiya və post-müharibə dövrlərindən Azərbaycan iki illik dünya sınağından ən uğurla çıxacaq dövlətlərdən biri kimi bəşəriyyətə təqdim etmiş oldu.

- Siz, yeni bir düzən üçün formalaşacaq reallıqda Azərbaycanın yerini necə görürsünüz?

- BMT-nin COVID-19-a həsr edilmiş növbəti sessiyasında da Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi çıxış etdi. Sərgilənən mövqe o idi ki, bu iki il ərazində Azərbaycanın bəşəriyyəti pademiyadan xilas etmək üçün apardığı uğurlu siyasət və fəaliyətinin yekunu uğurlu olub. Bütün bunlar real müharibənin gedişi və ona olan münasibətin qiymətləndirilməsi Azərbaycanın mövqeyinin doğru olduğunu göstərir. Müharibələrin bitməsi mütləq ki, yeni bir dünya düzəninin formalaşmasına zəmin yaradacaq. Bundan sonra da Azərbaycan lider dövlətlər kimi dünyaya özünü təqdim edəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər