8 Mart 2022 13:05
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 30 ildən çoxdur ki, Azərbaycan müstəqil dövlətdir. Ötən bu müddət ərzində gender bərabərliyi, qadın hüquqlarının qorunması, onların siyasi, iqtisadi azadlıqları aktual məsələ olub və bu istiqamətdə bir sıra uğurlar əldə edilib. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində qadınların ictimai-siyasi həyata daha fəal transformasiyası, onların idarəetmədə təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş qanun layihələri, dövlət proqramları və çoxtərəfli fəaliyyət, eləcədə birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüskarlığı və diqqəti nəticəsində yeni bir mərhələyə yüksəlib.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, Azərbaycanda gender bərabərliyinin təşviq olunması, bütün səviyyələrdə qadın və qızların səlahiyyətlərinin genişləndirilməsi üzrə güclü siyasi çərçivələr müəyyən edilib:

“Güclü qanunvericilik bazası yaradılıb. Davamlı olaraq qanunvericilik bazası təkmilləşdirilir. Azərbaycan qadını ənənələri, milli dəyərləri, müasir çağırışları, intellekti və sosial aktivliyi özündə cəmləşdirir. Azərbaycan əhalisinin ümumi sayının 50 faizini qadınlar təşkil edir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,7 faizi, orta ixtisas təhsil müəssisələrində 80,9 faizi, ali təhsil müəssisələrində 54 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,5 faizi, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,6 faizi, ali təhsil müəssisələri tələbələrinin isə 49,3 faizi qızlardır.

Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artması, onların kiçik və orta sahibkarlıqda geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Əsas məqsəd qadınlarda özünəinam hissini artırmaq, həm öz icmasına, həm də cəmiyyətə töhfə verə bilməsinə şərait yaratmaqdır”.

Millət vəkili Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirakında xüsusi çəkisinin 48,3 faiz təşkil etdiyini söyləyib: “Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,5 faiz, fərdi sahibkarlar arasında isə 21,4 faizdir. Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,5 faizə çatıb. Dövlətimizin müstəqillik tarixində ilk dəfə Milli Məclisin spikeri qadın seçilib. Qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 57,6 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,4 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır. Bu gün bütün dünyada və eləcə də ölkəmizdə əsas məsələlərdən biri "qadın bütün ixtisaslara yiyələnə bilər” trendini yaratmaqdır”.

Hicran Hüseynova bildirib ki, Azərbaycan qadınları bütün sahələrdə aktiv iştirak edib: “Qadınlarımız təşkilatlanaraq pandemiya zamanı həssas ailələrə, Vətən Müharibəsi zamanı Orduya, erməni terrorundan əziyyət çəkən insanlara kömək edirdilər. Hazırda 30 ilə yaxın erməni işğalına məruz şəhər və kəndlərimiz yenidən qurulur.

Qadınlarımızın cəmiyyətin bütün sahələrinə daha fəal cəlb edilməsi üçün yeni perspektivlər, reallıqlar yaranıb. Onlar bu prosesdən kənarda qala bilməzlər və qalmırlar. Bir sözlə, Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığının təminatlarından biridir. Bir daha analarımızı, bacılarımızı, qızlarımızı bu gözəlbayram münasibəti ilə ürəkdən təbrik edirəm”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər