11 Mart 2022 09:23
2 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Antalyada Diplomatiya Forumunun keçirilməsinin indiki mərhələdə proseslərin gedişinə təsiri haqqında nə demək olar?

- Bu forumda iki istiqamətdə məsələlər müzakirə olunacaq. Prezident İlham Əliyevin burada iştirakı ilə iki ölkə arasındakı münasibətlərin dərinləşməsi, müttəfiqlik əlaqələrinin konkret mövzuları barəsində də fikir mübadiləsi aparılacaq. Bu mövzuların siyasi, iqtisadi, hümanitar sahələrə aid olması da məntiqli hesab edilir. Çünki Azərbaycanla Türkiyə arasında münasibətlər sürətlə inkişaf edir. Bu baxımdan iki qardaş ölkə arasında müzakirə ediləcək mövzular çoxdur.

- Münasibətlərin yeni elementləri ilə bağlı nə kimi gözləntilər var?

- Burada müzakirə ediləcək mövzular dünya gündəminə aid olan məsələlər olacaq. Azərbaycan və Türkiyənin koordinasiyalı şəkildə beynəlxalq arenada çıxış etməsi məntiqli görünür. Bunu Ukraynada olan hadisələrə, həm də Rusiya Qərb qarşıdurmasına da aid etmək olar. Bu baxımdan hesab edirik ki, ölçülmüş və koordinasiya olunmuş mövqeyimizə yeni elementlərin daxil olması istinsa edilmir.

- Ermənistanın da bu forumda iştirakı indiki mərhələdə proseslərin irəliyə aparılması üçün təsirli olacaqmı?

- Ümumi tendensiyanı nəzərə almaq lazımdır. Rusiya üçün Ukrayna mövzusu əsas mövzudur. İndi bu mövzuya hərbi elementlər daxil olub. Hiss olunur əvvəlcədən planlaşdırılmış miqdarda qoşunların hərbi əməliyyatlarda iştirakı prinsipi pozulub. Burada təbii ki, ikinci dərəcəli mövzuların hesabına bu məsələ həll olunacaq. Çünki indiki gərgin vaxtda Qarabağda bu sayda qoşunların saxlanılması Rusiya üçün əlverişli deyil. İstisna deyil ki digər hərbi-siyasi imic yaradan layihələr də ixtisara salınsın. Hətta Ermənistanda, Suriyada olan hərbi kontingentin də sayının azaldılması, ixtisara salınması mümkündür. Qarabağda olan rus sülhməramlıların sayının azaldılması və oradan tamamilə çıxması istisna olunmur.

- Sizcə, separatçıların son təxribatlarının bundan qaynaqlanma ehtimalı nə dərəcədə güclüdür?

- Bu halı sözsüz ki, separatçılar hiss edir. Məqsədləri də hansısa bir gərginlik yaratmaqla diqqəti çəkməkdir. Onlar Azərbaycanın Müdafiə Nazirliyinin cavab addımlarını da elə bu cür təqdim etməyə çalışır. Elə görüntü yaratmağa çalışırlar ki, guya Azərbaycan Rusiyanın burada zəifləməsindən istifadə edir. Beləliklə də Azərbaycanla Rusiya arasında münasibətlərə hansısa bir formada xələl gətirmək məqsədləri var. Bu sadəcə olaraq ənənəvi təxribat üslublü bir siyasətdir. Təbii ki, Azərbaycan tərəfi bu halları gözəl bilir.

- Sülhməramlıların çıxması hansı halda mümkün görünür?

- Dövlətimiz təmkinli bir şəkildə bu proseslərin öz-özlüyündə həll olunmasında hansısa manəələr törətməyəcək. Çünki sülhməramlıların buradan getməsi artıq reallığa çevrilib. Burada hansısa artıq hərəkətlər ümumi işə ziyan gətirə bilər. Sadəcə prosesləri ağılla, təmkinlə yekunlaşdırmaq mərhələsi yetişib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər