Avropa Parlamentinin bu yanaşması təəccüblü deyil. Avropa təsisatlarının hər zaman yanaşmalarının əsasında ikili standartlar dayanıb. Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayıb. İşğal dövründə Azərbaycanın tarxi, mədəni abidələrini dağıdıb, ümumiyyətlə erməni barbarları o ərazilərdə daşı-daş üstündə qoymayıb. Amma Avropa Parlamenti, Avropa Şurası, Avropa İttifaqına üzv olan ölkələr tərəfindən bir dəfə də olsun bununla bağlı mövqe sərgilənməyib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
O qeyd edib ki, Azərbaycan bütün Avropa təsisatlarına davamlı olaraq ciddi şəkildə hər zaman bununla bağlı məlumatlar verib və reaksiya göstərməsini tələb edib: “Amma heç zaman bu çağırışlara adekvat reaksiya verilməyib. Ona görə də, Avropa Parlamentinin qətnaməsi olduqca məkrli bir xarakter daşıyır. Növbəti dəfə biz gördük ki, hər addımında ədalətdən, demokratiyadan, insan hüquqlarından bəhs edən Avropa təsisatları elə ilk fürsətdəcə özləri bu prinsipləri çox rahatlıqla ayaqlamağa hazırdır”.
Millət vəkili Avropa Parlamentinin Bakıdakı erməni kilsəsi haqqında öz mövqeyinin bildirməməsinə də toxunub: “Onlar ədalətli mövqe sərgiləmək istəyirlərsə, Azərbaycanda erməni kilsəsini, digər dini abidələrin hər zaman dövlət qayğısı ilə əhatə edildiyini bilməlidirlər. Amma Avropa təsisatları bir dəfə də olsun bu reallıqları dilə gətirməyib. Ona görə də, bu bəyanat məqsədli şəkildə Azərbaycana qarşı təxribat xarakterli bir yanaşmadır. Onların mövqeyi hər zaman məhz bundan ibarət olub”.