12 Mart 2022 08:00
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət təklif göndərib və hazırda cavab gözləyir.

Teleqraf.com-un məlumatına görə, bunu "Anadolu" agentliyinə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

"Mesaj bundan ibarətdir: Münasibətlərimizin əleyhinə olan işğal faktoru artıq ortadan qalxıb. Bu vəziyyətdə Azərbaycan tərəfi keçmişin bütün çətinlik və problemlərinə baxmayaraq, Ermənistanla münasibətlərin normallaşmasının tərəfdardır", - deyə C.Bayramov bildirib.

Onun sözlərinə görə, bir ilə yaxındır Ermənistan Azərbaycanın təklifinə hər hansı cavab verməyib.

"Azərbaycan tərəfi xoş niyyətini göstərmək üçün bu yaxınlarda Ermənistana yeni təklif göndərib. Biz Ermənistan tərəfinə özündə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını ehtiva edən bəzi təməl prinsiplər təklif etdik. Biz münasibətləri müəyyən prinsiplər əsasında inkişaf etdirməyə hazır olduğumuzu bildirdik. Ermənistan bunlara baxıb öz fikrini bildirməlidir. Əgər Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir. Yaxın zamanda Ermənistanın cavabı bəlli olacaq və biz təbii ki, bundan sonra müvafiq addımları atacağıq", - deyə XİN rəhbəri bildirib.

C.Bayramov qeyd edib ki, bir səhifədən ibarət olan təklif yaxın zamanda qarşı tərəfə verilib: "Təməl prinsiplər müəyyən edilərək təklif edilib. Əgər Ermənistan tərəfi münasibətlərin normallaşmasını istəyirsə, bu təklifə öz yanaşmasını dərhal bildirməlidir. Ancaq bunu da qeyd edim ki, həmin sənəddə qeyd olunan prinsiplərin hamısı beynəlxalq münasibətlərə dair prinsiplərdir".

Nazir əlavə edib ki, Azərbaycan tərəfindən dəfələrlə vurğulanan iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsi də bu təkliflər arasındadır.

"Azərbaycan tərəfi bu məsələlərin həllini təklif edib, lakin Ermənistan həmişə ilkin şərtlər irəli sürüb. Prosesin başladılması üçün ilkin şərtlər qəbuledilməzdir. İkitərəfli əməkdaşlıq qrupu yaradılmalı və bu qrup çalışmalara başlamalıdır. Beş əsas maddə var. Təkliflərimiz beş maddədən ibarətdir", - deyə C.Bayramov qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər