Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Aydın müəllim, Azərbaycanla İran arasında imzalanan memorandumun tarixi əhəmiyyətini necə şərh edirsiniz?
- Azərbaycanla İran arasında Şərqi Zəngəzurdan yol çəkilməsi barədə sazişin imzalanması tarixi hadisədir. Bu, bir daha göstərdi ki, Azərbaycan region dövlətlərinin hər birinin marağına xidmət edəcək layihələr reallaşdırır və bunların təşəbbüskarıdır. Növbəti dəfə bu layihə reallaşdı. Ölkəmizin verdiyi təklif təkcə Azərbaycan və İranın deyil, bu yolla Şərqə və oradan Rusiya və Mərkəzi Asiyaya yük daşınmasını tezləşdirəcək böyük bir fəaliyyət kimi ortaya qoyulur. Bu layihə Azərbaycan və İranın maraqlarına cavab verir. Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalına görə özünün Naxçıvan bölgəsi ilə əlaqələrini itirmişdi. Naxçıvan uzun müddət blokada şəraitində yaşamalı olmuşdu. Hazırda Naxçıvanı blokadadan tam çıxarmaq üçün böyük imkanlar yaranıb. Əvvələr də İran ərazisi vasitəsilə Naxçıvanla müəyyən əlaqələr saxlanılıb. Artıq bu, beynəlxalq yol statusu alacaq, qısa bir zamanda körpülər salınacaq, yollar çəkiləcək. Yük daşımalarının həcmi əhəmiyyətli dərəcədə artacaq. Bir çox ölkələr də bundan faydalanacaq.
- Ermənistan II Qarabağ müharibəsindən sonra öz ərazisindən keçməklə reallaşması mümkün olan Zəngəzur dəhlizinin açılmasına maneə yaratdı. İndiki halda bu məsələ ilə bağlı yanaşmalar hansı səviyyədədir?
- Azərbaycanla İran arasında belə bir sazişin imzalanması Ermənistanda böyük təşvişə səbəb olub. Ermənistan kapitulyasiya imzalamış ölkə olmasına baxmayaraq, yenə də Zəngəzur dəhlizi məsələsində Azərbaycana siyasi təzyiq göstərməyə çalışırdı. Bu ölkə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin açılması üçün konkret fəaliyyət göstərmirdi. Ermənistan çalışırdı ki, bu layihəyə mümkün qədər siyasi rəng versin. Hətta Azərbaycandan siyasi dividentlər qoparmağa və keçmiş Dağlıq Qarabağ problemini yenidən diriltməyə çalışırdı. Amma Azərbaycanın qəti mövqeyi buna imkan vermirdi. Bununla belə yolun çəkilişi də ləngiyirdi. Vətən müharibəsinin bitməsindən, 10 noyabr 2020-ci il bəyanatının imzalanmasından il yarım vaxt keçməsinə baxmayaraq hələ də bu proses uzanırdı. Ona görə də, İran vasitəsi ilə yeni bir yolun çəkilişi artıq Zəngəzur dəhlizi məsələsini, Ermənistandan asılılığı birmənalı şəkildə ortadan çıxardı.
- Bu yolun perspektivi haqqında nə demək olar?
- Bu yol Ermənistandan keçəcək yoldan daha sərfəli bir marşrutdur. Ermənistan da bu yolun açılması ilə bağlı konkret fəaliyyətə başlaya bilər. Bir istiqamətə bir neçə alternativ yolların işə ancaq xeyri var. Azərbaycanın təşəbbüsü ilə problemin həllinin, Ermənistandan asılılıq variantının üstündən xətt çəkdi. Burada Ermənistanın nə mövqedə olmasının artıq elə bir əhəmiyyəti yoxdur. Ermənistan istəyəcəksə, o yol da çəkilə bilər. Hər iki yoldan da maksimum istifadə etmək olar. Həmin yolun istifadəsi təkcə Azərbaycanla onun Naxçıvan bölgəsinin əlaqəsi deyil, buradan Türkiyə, Şərq ölkələrinə, Avropaya yük daşımaları təmin ediləcək. Yük daşımalarında nəqliyyat xərcləri həddən artıq azalacaq. Eyni zamanda belə bir sənədin imzalanması Azərbaycanla İran arasında dostluq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə oldu. Bu layihədən sonra digər layihələrin reallaşması tamamilə mümkün olan bir məsələdir.
- Bundan sonra Ermənistanı nə gözləyir?
- Ermənistan bu proseslərdən mümkün qədər nəticə çıxarmalıdır. Nə qədər ki, onlar “böyük Ermənistan" xülyası ilə yaşayacaq, keçmiş Dağlıq Qarabağ problemini reanimasiya etmək fikrinə düşəcək bundan ancaq zərər çəkəcək. Ermənistanın təsadüfən qazandığı dövlətçiliyinin özü böyük bir sual altında qala bilər. Çünki yerli əhali artıq perspektivi olmayan Ermənistanda yaşamaq istəmir. 1990-cı ildə 4 milyon əhalisi olan Ermənistanda bu gün rəsmi olaraq 2,9 milyon, faktiki isə 1 milyon yarıma yaxın insan yaşayır. Bir müddət əvvəl Rusiyada 700 min Ermənistan vətəndaşı arasında rəy sorğusu keçirilib. Həmin insanların mütləq əksəriyyəti geri Ermənistana qayıtmayacağını bildirib. Ona görə də, Azərbaycan şans verir ki, onun irəli sürdüyü təşəbbüslərdən Ermənistan faydalana bilsin. Bunu etməyəcəksə, zərərini özü çəkəcək. Azərbaycan isə özünün region dövlətlərinin maraqlarına xidmət edən fəaliyyətini bundan sonra da genişləndirəcək.