Bu gün ölkəmizdə alternativ və bərpaolunan enerji mənbələri inkişaf edir. “Yaşıl enerji”yə keçidin təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Bu 1994-cü ildə Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. Hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi gündən-günə güclənir və qloballaşır. Artıq ənənəvi enerji mənbələrinin “yaşıl enerji” ilə əvəz edilməsi dünya gündəliyindədir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpaolunan enerji mənbələrinin payına düşəcək: “Son dövrlər dünya ölkələri bərpaolunan alternativ enerji mənbələrinə sürətli keçidi prioritet kimi qəbul edib. Ənənəvi enerji mənbələri tədricən tükənir. Eyni zamanda ətraf mühitə külli miqdarda ziyan vurulur. Bu baxımdan dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən geniş istifadə təşviq edilir”.
Millət vəkilinə görə, enerji mənbələri arasında 2020-ci ildə yeganə artım bərpaolunan enerji növləri üzrə qeydə alınıb: “Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə, növbəti 10 ildə bərpaolunan enerji sektoruna hər il orta hesabla 440 milyard dollar investisiya qoyulacaq. Artıq Azərbaycanda ənənəvi enerji növlərinə alternativ olaraq “yaşıl enerji”nin inkişaf etdirilməsi həyata keçirilir. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub”.
Cavid Osmanova görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin əsas prioritetləri bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsidir: “Ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə 2004-cü ildə Dövlət Proqramı qəbul edilib. Dövlət Proqramının qəbulu bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb”.
Deputat bildirib ki, “yaşıl enerji”yə keçidlə bağlı atılan mühüm addımlar Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması mühüm addımdır: “Bu addımlar ölkəmizin enerjiyə artan tələbatını ödəməklə yanaşı ixrac imkanlarımızı da genişləndirəcək. Alternativ enerjinin istehsalı artırılmaqla Azərbaycan təbii qaz sərfiyyatını azalda bilər. Enerji mənbələrinin şaxələndirilməsi ilə yanaşı, dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi aktual məsələlərdəndir və bu mənada bərpaolunan enerji mənbələrindən istifadə etməklə atmosferə atılan karbon emissiyalarının azaldılması ekologiyaya əvəzsiz töhfədir”.