Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir. İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantıları yaranır. Bu, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən nəhəng bir layihədir. Artıq regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişir. Bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsində, nəqliyyat-kommunikasiya, logistika infrastrukturunun inkişafı reallaşır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, Azərbaycanla İran arasında imzalanan yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu ölkəmizin geostrateji müstəvidə qələbəsi, tarixi əhəmiyyətə malik bir hadisədir: “Memorandumun imzalanmasında məqsəd Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu layihənin reallaşması üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürür. Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirəcək”.
Millət vəkili hesab edir ki, İran ərazisi vasitəsilə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması layihəsi Azərbaycanın əsas hissəsinin inteqrasiyasını təmin edəcək: “Bu layihə həmçinin regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq. Sözügedən Anlaşma Memorandumu qeyri-müəyyən müddətə bağlanıb. Ermənistan 44 günlük müharibədən sonra, ilyarım ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdı. Baxmayaraq ki, bu dəhlizin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyət kəsb edirdi. Buna baxmayaraq Zəngəzur dəhlizi ilə açılacaq nəqliyyat və enerji xətlərinin texniki əsaslandırılması hazırlandı. Lakin Ermənistan üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, onun reallaşmasını əngəlləmək məqsədilə müvafiq yer ayırmadı. Ermənistan rəhbərliyi elə zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla bilər. Onlar bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, özündən asılı vəziyyətdə saxlamağı planlamışdı. İndi bütün bu cəhdlərin mənasız olduğunu görən Ermənistan bir daha əsaslı şəkildə düşünməlidir”.
Deputat vurğulayıb ki, 44 günlük müharibə nəticəsində Azərbaycan öz ərazilərini geri qaytardı və dövlət sərhədlərini bərpa etdi: “Bu amil Azərbaycanın növbəti diplomatik triumfuna yol açdı. Ölkəmiz artıq eyni coğrafiyada, Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda - İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı yaradır. Azərbaycan bununla öz planlarını reallaşdırmaqda qərarlı olduğunu nümayiş etdirir. Ermənistan isə növbəti dəfə şansını itirərək mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qaldı. Çünki yeni layihə böyük iqtisadi dividendlər gətirməklə yanaşı, həm də Naxçıvanın blokadadan çıxmasında, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılmasında mühüm rol oynayacaq. Bu gün elektrik enerjisi ixracatçısı olan Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana, Türkiyəyə, daha geniş mənada Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanır. Layihənin reallaşmasında İranla Azərbaycan arasında dostluq, yaxın qonşuluq münasibətlərinin olması mühüm rol oynadı. Memorandumun imzalanması da Azərbaycanla İran arasında diplomatik münasibətlərin qurulmasınnın 30-cu ildönümünə təsadüf edib. Hazırda Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların getdiyi və Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq edildiyi, bununla bağlı Şərq-Qərb nəqliyyat-tranzit dəhlizlərinin Rusiyadan keçən seqmeninin məhdudlaşdığı dövrdə İran ərazisindən keçəcək yeni kommumikasiya bağlantısı mühüm əhəmiyyətə və böyük perspektivə malikdir. Ümumiyyətlə bu yeni iqtisadi layihənin gerçəkləşməsi tarixi hadisə, Azərbaycan diplomatiyasının mühüm qələbəsidir və ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq”.