19 Mart 2022 09:50
3 527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Tarixi Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Hüquqları İnstitutunun böyük elmi işçisi, ehtiyatda olan kapitan Rizvan Hüseynov Teleqraf.com-a geniş müsahibə verib.

Müsahibəni təqdim edirik.

(Əvvəli burada)

– Bəs xoxollar kimlərdir? Xoxol sözünün mənası nədir?

– Ukraynanın əsasən cənub-şərqində bu söz indiyədək işlədilir. Onlardan kimliklərini soruşsanız, deyəcəklər ki, “mı xoxlı”. Xoxollar subetnosdur. Türklərlə qarışan etnik qruplardır. Bunlar kazaklardır, fərqli-fərqli etnik qruplardır. Ümumiyyətlə özlərinə xoxol deyərlər. Onlar Taras Şevçenkonun dövründə saçlarını qırxıb başlarının mərkəzindən hörük saxlayardılar. Bu hörüyə “xoxolok” deyilirdi. “Xoxolok” onların hansı dinə, hansı mədəniyyətə aid olduğunun göstəricisi idi. Kazaklar da elə edirdi.

– Taras Şevçenko da xoxol olub?

– Bəli. Qədim türk mədəniyyətindən gəldiyi üçün təkcə bizim mədəniyyətdə yox, fərqli-fərqli mədəniyyətlərdə bu mənalar saxlanılıb. Bu baxımdan “xoxolok”lu insan görəndə deyirdilər ki, bu xoxoldur.

– Rusiya və Ukrayna xalqı 1941-45-ci ildə faşizm kabusuna qarşı birgə mübarizə aparıblar. Hazırda faşizmlə mübarizədə çiyin-çiyinə döyüşmüş insanların nəvə-nəticələrinin bir-biriləri ilə döyüşməsini necə qiymətləndirirsiniz?

– Gəlin, belə danışaq. Keçmişi bilmək lazımdır, amma keçmişlə yaşamaq ehtiyac yoxdur. SSRİ bir proje idi, bolşeviklər 15 respublikanı bir yerə topladılar. Sözsüz ki, Almaniya kimi dövlət bu projeyə qarşı idi. Birinci Dünya müharibəsinin sonunda Almaniya imperiyası, Avstriya-Macarıstan, Osmanlı dövləti, çar Rusiyası dağıldı. Dağılan bütün bu imperiyalar yeni milli projelərin əsasında dövlətlər qurdular. Yəni, yeni ideologiyaların toqquşması baş verdi. Almaniya nasional-sosializmi (nasizm), Rusiya bolşevizmi seçdi və bu ideyalar bir-biri ilə toqquşdu. Bufer zonası da Ukrayna ilə Belarus oldu. Ona görə də İkinci Dünya müharibəsi zamanı döyüşlərin ən ağır hissəsi Ukrayna və Belarus ərazisində gedib. Faşist Almaniyası Ukraynada hansı tələyə düşmüşdüsə, həmin tələyə də əks tərəfdən rus ordusu düşüb. Sovet hakimiyyəti qərar qəbul etdi ki, arxa cəbhəyə çəkilir və Ukrayna, Belarus və hətta Rusiya ərazisinin bəlli bir hissəsini güzəştə gedir. Yəni, imkan yaradır ki, faşist Almaniyası hücumunu maksimum genişləndirsin və cəbhəni maksimum yaysın. Sonra isə almanların təchizatı çatdırmaq, işğal olunmuş əraziləri saxlamaq kimi çətinlikləri meydana çıxdı. Üstəlik qış yaxınlaşdı və sair və ilaxır. Həmin şeyi Rusiya özü yaşayır. Ona görə ki, coğrafiya, hərbi strategiya və taktika bəllidir. Gördüyünüz kimi rus Ukrayna ərazisində həmin vəziyyətə düşüb. İki seçim qarşısındadır. Hitler “Barbarossa” planına əsasən Ukraynada bəlli şəhərləri ildırım sürətilə alıb Moskva ətrafına çıxacağını deyirdi. Yeri gəlmişkən, nasist rəhbərliyinin planları Moskva Reyxkomissarlığının yaradılması idi. Hitler dəfələrlə deyirdi ki, “russkoe” və “Rusiya” kimi sözlərin qadağan edilməli, onların əvəzində “moskovskoe” və “Moskoviya” sözləri işlədilməlidir. Hitler “Barbarossa” planını ildırım sürəti ilə həyata keçirə bilmədi. Nəticədə “B” variantını seçdi. Üç il, dörd il qanlı müharibə apardı və nəticəsi də bəllidir. Həmin tələyə Rusiya düşüb. Bax, bu günlərdə Rusiya rəhbərliyi oturub müzakirə aparıb qərar verməlidir ki, ölkə uzunmüddətli müharibəyə, hərbi iqtisadiyyata keçməyə hazırdırmı? Yaxud hansısa bir formatda kiminsə vasitəçiliyi ilə hərbi münaqişə dayandırılır və diplomatik danışıqlara keçilir. Bu o demək deyil ki, müharibə birdəfəlik dayandırılır. Bu hərbi-siyasi kampaniyanın uğursuz olduğunu hamımız gördük. Mənim fikrimcə, Rusiya hakimiyyəti bu günlərdə seçim etməlidir ki, bəli, biz bütün xalqımızı, iqtisadiyyatımızı səfərbər edib Ukrayna dövlətini dağıtmalıyıq. Bunu etməsək bizim projemiz batacaq. Həmin şeyi də Hitler etdi. Belə deyək, oyunun içinə girdi və nəticə göz qabağındadır.

Ona görə də nə vaxtsa hansısa xalqın bir-biri ilə dost-qardaş olması əhəmiyyətli deyil. Biz də əsrlər boyu Osmanlı dövləti ilə döyüşmüşük. Səfəvi qızılbaş dövləti Osmanlı ilə amansızcasına döyüşüb. Nəticədə üçüncü tərəflər qalib gəlib. Bu hal hər yerdə yaşanır. Mən bunu hər zaman yada salıram ki, iki tərəf münaqişədə olanda qalib gələn üçüncü tərəf olur. İndi Rusiya oturub bunu fikirləşsin. Biz bunu sizinlə keçən dəfə də müzakirə etmişdik. Rusiya həmin sualın üstündədir. Biz sizinlə müharibə ərəfəsində bir intervü etdik. Həmin müsahibə zamanı bildirdim ki, əgər Rusiya bu prosesə daxil olursa, bu uzun qaranlıq tuneldir.

– Rusiya parlamentinin yuxarı palatası – Federal Məclisin Federasiya Şurasının sədri Valentina Matviyenko fevralın 21-də Rusiya Təhlükəsizlik Şurasının iclasında emosional şəkildə bildirdi ki, iki müstəqil dövlət kimi 30 illik ayrı mövcudluqda Rusiya Ukraynaya nə pislik edib? O israrla sual etdi ki, Rusiya nə pislik edib? Həqiqətən də sual yaranır: iki qardaş slavyan xalqı arasında bu münaqişə, bu ziddiyyət, bu konflikt, bu uçurum nədən yarandı?

– Matviyenko özü ukraynalıdır. Soyadından bəllidir. “Yenko” patronim suffiksi Ukraynanın Dnepr kazakları, şəhər əhalisi və kəndliləri üçün xarakterikdir. Məsələn, Şevçenko, Vasilenko, Ovçarenko, Timoşenko, Yuşşenko, Parxomenko, Lukaşenko, Zaxarçenko, Martınenko və sair və ilaxır. Rusiyanın elitasını, mədəniyyətini formalaşdıran əsas şəxslərin patronim suffiksi “yenko”dur.

Burada bilirsinizmi necədir? Bir tərəfdən Rusiyanı başa düşürəm. Rus tərəfi deyir ki, ay Ukrayna son 300-350 ildə sən mənim siyasi projemin, siyasətimin, dövlətlərimin, dövlətçiliyimin bir parçası olmusan. Mən sənə öz ideologiyamda yüksək status vermişəm, mərkəzimsən. Az öncə danışdığımız “Kiyevskaya Rus” anlayışını yada salın.

– Matviyenko deyir, biz demək olar ki, Ukraynaya pulsuz qaz verirdik.

– Bu məsələni qoyaq bir qırağa. Pulsuz heç nə olmur. Rusiya Ukraynaya deyir ki, sən mənim ideoloji düsturumsan. Ona görə də mən istər çar Rusiyası, istər bolşeviklər, istərsə də müasir dövrdə sənə güzəştlər edirdim. Amma burada başqa variant da yoxdur. Əgər Rusiya imperiya kimi mövcud olmaq istəyirsə, Ukraynanı əldə saxlamalıdır ki, Avropa ilə arasında bufer olsun. İndi saxlaya bilmədi. Başa düşürəm, amma bu hər yerdə baş verib. Keçmiş SSRİ-nin bütün respublikaları pərən-pərən düşdü. Yəni, müstəqilliklərini qazandı və öncəki projelərə qoşuldu. Kim nəyin parçası olubsa, təbii olaraq ora qayıtdı. Ona görə ki, bolşevik proyekti süni, qeyri-təbii proyekt idi. Çar Rusiyası projesi isə Qərbdən idarə olunan qeyri-təbii bir proses idi. Düzdür, 300 il az müddət deyil. Amma mərkəz zəifləyən kimi qıraqlar dərhal öz təbii yerinə qayıtdı. Orta Asiya Çinlə yaxınlaşdı. Orta Asiya ənənəvi olaraq Çinlə bağlıdır. Demirəm ki, Çindən asılıdır. Amma müasir dövrdə Çin dünyada gücünə görə ikinci dövlətdir. Rusiya bununla razılaşıb. Ona görə ki, gücü yoxdur. Biz Qafqazda yerləşən bir ölkə olaraq Türkiyə ilə yaxınlaşdıq. İranla da pis münasibətimiz yoxdur. Ermənistan da İranla yaxınlaşdı. Ona görə ki, erməni xalqının əksəriyyəti Türkiyədən və İrandan çıxan bir toplumdur. Gürcüstan çətin durumda qalıb. Amma Gürcüstan mədəniyyət olaraq həm Türkiyəyə, həm Qacar dönəmində İrana bağlıdır. Baltikyanı ölkələr skandinav dövlətlərinə qoşuldular və Avropa İttifaqına girdilər. Yəni, təbii proses getdi. Ölkələr və xalqlar öz keçmişlərinə qayıtdılar.

– Bəs Ukrayna Rusiya üçün niyə bu qədər vacibdir?

– Dediyim kimi rus milli ideyasının kökündə Ukrayna-Belarus-Rusiya birliyi dayanır. Yəni, Ukrayna Rusiya üçün ən əziz yerdir. Ancaq fakt odur ki, proje dağılıb. Nə qədər pulsuz, yaxud ucuz qaz versən, fakt odur ki, Ukrayna da yenidən çar Rusiyasından öncə olan projeyə qayıtdı. Bu, Reç Pospolita idi. Reç Pospolita dövlət olaraq Baltikadan az qala Qara dənizədək uzanırdı. Ona görə də I Pyotr pəncərə sındırırdı. Reç Pospolita, İsveç imperiyası, daha sonra isə Avstriya-Macarıstan imperiyası imkan vermirdi ki, rus Avropaya sirayət etsin. İndi yenidən qayıdırıq öncəki dönəmə. Yəni, Moskoviyadan çıxan Rusiya genişlənib çar Rusiyası, sonra SSRİ, indi isə Rusiya olub. Ukraynanı itirmək o deməkdir ki, Rusiya yenidən qayıdıb Moskoviya olur. Sözsüz ki, Rusiya bunu istəmir. Ukraynanı itirmək hətta Rusiya Federasiyasının əksər subyektlərini itirmək anlamına gəlir. Ona görə də ölüm-dirim savaşı gedir. Yəni, Rusiyanı anlayıram. Digər tərəfdən Ukraynanı da anlayıram ki, bu onun seçimidir. Olub-keçib. Qardaşlıq-dostluq qurtardı. Qan qohumluğu da rol oynamır. Seçim budur. Düşüncə Qərblə bağlıdır. Qərbin pis-yaxşı olması, məsələnin bu yerə gəlib çatmasının kimin günahı, kimin səhvi olması başqa söhbətdir. Fakt faktlığında qalır ki, müasir Ukraynanın əksər xalqları ürəklə, qəlblə və başla Qərbə bağlıdırlar. Hətta Türkiyəyə daha çox bağlıdırlar, nəinki Rusiyaya. Bu da son 30 ildə yürüdülən yanlış rus siyasətinin nəticəsidir. Valentina İvanovna bir tərəfi deyirsə, öz yanlışlıqlarını da deməlidir. O qədər yanlış addımlar atdılar ki, nəticə etibarilə Ukrayna bu gün kiminlə gəldi dostluq-qardaşlıq etməyə hazırdır, bircə Rusiya ilə yox.

– Qeyd etdiyiniz Pyotrun pəncərə sındırması nə anlama gəlir?

– Ruslarda belə bir anlayış var: Pyotr Avropaya pəncərə açdı. O pəncərəni açmaq üçün də İsveç imperiyası, Reç Pospolita dövlətləri ləğv olunmalı, dağılmalı idi ki, Rusiya Avropaya çıxsın. Yəni, düşmən dövlətin üzərindən keçib gedə bilmirdi. Həmin problem Osmanlı imperiyası ilə Səfəvi dövləti arasında da yaşanılıb. Səfəvi dövlətinin əksər ticarəti və yolları Osmanlı ərazi vasitəsilə Avropaya – Aralıq dənizi sahillərinə gedirdi. Müharibənin əsas səbəbi də Osmanlı dövlətinin bundan sui-istifadə etməsində idi. Torpaqbasdı vergisini artırırdı, yolları bağlayırdı, yaxud elə edirdi ki, məhsullar xarab olurdu. O vaxtın əsas pul gətirən xammalı, indiki dillə desək, nefti, qazı ipək idi. Ona görə Səfəvi ilə Osmanlının müharibə edəcəyi və labüd idi. Üçüncü tərəf – Avropa isə bu müharibənin daha da genişlənməsi üçün əlindən gələni etdi. Sonra isə bu prosesə Rusiya qoşuldu. Həmin proses istənilən konfiqurasiyada var. Rusiya və onun ətrafında cərəyan edən proseslərə baxdıqda da bunu görmək olar. Qərb Rusiyanı zəiflətmək üçün Ukrayna kartından çox gözəl, məharətlə istifadə etdi.

– Rusiya ərazisinə görə dünyada birinci yerdədir. Əhalinin sayı isə ərazi ilə adekvat deyil. Rusiyanın əhalisinin sayı artmır, nəinki artmır, əksinə azalır. Rusiya dövləti ölkə əhalisinin sayının artması üçün müxtəlif həvəsləndirmə tədbirləri həyata keçirir. Bu baxımdan Rusiyanın Ukraynaya müdaxilə etməklə əslində demoqrafik problemini həll etmək istədiyinə dair fikirlər var. Siz bu haqda nə düşünürsünüz?

– Ola bilər. Bəzi rus dostlarımdan bunu eşitmişəm. Düzdür, bağlı, çox da açıqda demirlər. Hansısa demoqrafik məsələləri həll etmək üçün Ukraynadan, əsasən şərqi Ukrayna yaşayan rusların mərkəzi Rusiyaya köçü olsa, demoqrafik vəziyyət düzələr. Mənə görə bu yanlış konsepsiyadır. Nəticə etibarilə gördük ki, yanlışdır. Çünki Ukrayna xalqının demoqrafik vəziyyəti də yaxşı deyil.

– Tamamilə doğrudur.

– Ümumiyyətlə, xristian toplumlarının demoqrafik demoqrafik durumu heç də yaxşı deyil. Hansısa xristian xalqı ilə digərini calaq etmək iki sıfırı bir-biri ilə calaq etməkdir. Sıfır üstəgəl sıfır bərabərdir sıfır. Ona görə də burada ümid müsəlman-türk toplumlarınadır. Ələlxüsus indiki durumda başqa alternativ çətindir. Ukraynada yaşayan əksər ruslar hazırda Rusiyaya nifrət edir. Evləri, şəhərləri dağılıb. Mənasız, məntiqsiz mənzərə yaranıb.

– Qaçqın düşüblər...

– Özü də Avropaya. Rusiya ümid edirdi ki, humanitar dəhlizlərin açılması ukraynalı qaçqınları Rusiyaya – Taqonroq, Voronej, Rostov-Don istiqamətinə, Kubana gələcəyinə imkan verəcək. Rusiya bəlkə də fikirləşirdi ki, cənub sərhədlərində – Şimali Qafqaz istiqamətində demoqrafik vəziyyəti dəyişəcək. Ola bilər. Orada ermənilərin, başqa xalqların sayı daha çoxdur və siyasi nüfuzları da böyükdür. Ola bilər Rusiyada düşünürdülər ki, şərqi və cənub-şərqi Ukraynadan köç edən milyonlarla rus Rusiyanın cənub bölgələrində demoqrafik problemi həll etməyə kömək edəcəklər. Amma gördüyümüz kimi imkanı olan ancaq Avropaya tərəf gedir. Bu da onun göstəricisidir ki, Rusiyanın projesi tam uğursuzdur.

– Müharibənin və Rusiyanın gələcəyi ilə bağlı fikirləriniz nədən ibarətdir?

– Çox ağır və mürəkkəb sualdır. Bununla bağlı proqnoz vermək də həddən artıq çətin və məsuliyyətlidir. Mən müharibə başlayan gün sosial şəbəkələrdəki səhifələrimdə ehtimal etdiyimi bildirdim ki, iki-üç gün ərzində ən şiddətli, blitskriq döyüşlər olacaq. Rusiya istədiyinə nail olmasa, bir aya yaxın döyüşlər gedəcək. Bunun düsturunu mən yazmamışam. Yəni, hərb elmi çox gözəl bilir ki, döyüşən qüvvələr bir ay, maksimum 40 gündən sonra dəyişilməlidir. İstər döyüşdə iştirak edən insan faktoru, istərsə də texnika, təchizat dəyişilməlidir. Yəni, bu müharibənin maksimum bir ay-qırx gün vaxtı var. Artıq 3 həftə keçir və Rusiyanın nə vəziyyətdə olduğunu görürük. Ola bilər ki, qarşıya qoyduğu vəzifəni yerinə yetirəcək, amma vəzifə də dəyişir axı. Planlar fərqlidir. İki-üç günə Kiyev alınsaydı bir başqa cür olacaqdı. Rusiya üçün ən əlverişli variant da o idi. Zelenski devrilir, yeni Ukrayna hakimiyyəti rusun dəstəyi ilə lazımi siyasət yürüdür. Amma bu planı Qərb də bilirdi. Bu planı bilməyən siyasi mərkəz qalmayıb. Hətta Azərbaycanın kəndlərində də bunu bilirlər. Ona görə də mənim fikrimcə, Rusiya hakimiyyəti hazırlanan tələyə düşdü. Tələnin də adı Ukraynadır. Ukrayna elitası, hərbi-siyasi rəhbərliyi özlərini bu məsələdə qurban verməyə hazır idi. Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən və Luqansk və Donetsk vilayətinin bir qismində “dövlət” yaradandan sonra indiki planını tamamlasaydı, deyərdim ki, əhsən! Amma sən Ukraynanı yaraladın, incitdin və fikirləşirsən ki, o bunu unudacaq. Yox, mümkün deyil. Ukrayna 8 il ərzində Qərbin hər cür – kadr, siyasi, iqtisadi, ideoloji, silah-sursat, kəşfiyyat dəstəyini alıb. Qərb əlindən gələni etdi ki, Ukraynanı tələyə çevirsin və bu haqda rəhmətlik Heydər Camal 2014-cü ildə proqnozunu verib. Onun çox məşhur bir çıxışı var. Deyib ki, Krım pendirdir, Ukrayna tələdir və Rusiya gec-tez bu tələyə düşəcək. Biz hazırda bu proqnozun həyata keçdiyini görürük. Tələyə düşüb nə edəcək? Rusiya bütün hərbi-texniki potensiaını burada batıracaq və fakt olaraq batırır. Əvəzində Rusiya nə edəcək? Maksimum Ukrayna dövlətinə zərbə vuracaq, infrastrukturunu dağıdacaq, Ukraynanı elə vəziyyətə salacaq ki, özünə gələ bilıməsin. Rusiya “bu ev mənimdir, bu masanı, bu stulu, bu çarpayını sənə mən vermişəm, indi sındırıb gedirəm” təfəkkürü ilə hərəkət edir. Qərb də bunu bilirdi. Qərb bilirdi ki, Rusiya bunu edəcək. Ən dəhşətlisi odur ki, Ukrayna elitası mənən və şüurlu şəkildə buna hazır idi. Onların bu qədər Qərbə getmək eşqi var.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər