19 Aprel 2022 16:24
3 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hakimiyyətinin həmişə kənarda bir dayaq nöqtəsi olur. Bu kənar dayaq nöqtəsi də Rusiyadır. Yəni Rusiyadan dəstək alan istənilən Ermənistan hakimiyyəti daxildə ən güclü hakim komanda olur. Nikol Paşinyana isə Rusiyada qərbpərəst kimi baxanlar da var, bəlli bir tərəfi olmayan baş nazir kimi qəbul edənlər də. Yəni gedişata uyğun olaraq, bu gün qərbpərəst, sabah isə durum dəyişəndə ruspərəst ola bilər. Eləcə də özündən əvvəlki hakimiyyətlər kimi – eyni anda həm qərbpərəst, həm də ruspərəst olması da mümkündür. Bu absurd görünə bilər, amma bu Ermənistanın cəfəng reallığıdır”.

Politoloq Yeganə Hacıyevanın Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Ermənistan müxalifəti İrəvanda Baş nazir Nikol Paşinyan əleyhinə aksiyaya başlayıb. Müxaliflərin iddiasına görə, onların “səbr kasası”nı dolduran son damla Paşinyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı verdiyi son açıqlamalar olub. Sizcə, bu etirazlar Ermənistanda hansı gəlişmələrə yol aça bilər?

- 44 günlük Vətən Müharibəsindən sonra Ermənistanda Nikol Paşinyan əleyhinə çoxsaylı etiraz aksiyaları keçirildi. Cəmiyyətin müxtəlif spektrləri Paşinyan və onun ailə üzvlərinin əleyhinə olan bu aksiyalara qatıldılar. Bu gün də Ermənistanda ən populyar şey Paşinyanın tənqid olunmasıdır. Paşinyan da bu tənqidi fikirləri öz əleyhinə çevirməyə çalışır. Bu, ona adı ətrafındakı “demokrat” imicini möhkəmləndirmək üçün vacibdir. Paşinyan Qərbdən ona qarşı səsləndirilən istənilən fikirə o arqumenti göstərir ki, cəmiyyət bunu istədi və biz seçkiyə getdik, amma mən qalib gəldim.

Etirazların Paşinyan üçün nə ilə nəticələnəcəyini bilməyimizdən ötrü 44 günlük müharibədən sonra Ermənistanda baş verənlərə baxmaq lazımdır. Məlumdur ki, Azərbaycan müharibədə qələbə qazandı və beynəlxalq hüquq çərçivəsində öz sərhədlərini bərpa etdi. Bunun nəticəsində Azərbaycanın müəyyən ərazilərində sülhməramlı qrup yerləşdirildi. Anlaşma belə oldu ki, bu sülhməramlılar Azərbaycan ərazilərində müvəqqəti yerləşir. Bundan başqa, sərhədlərin müəyyənləşdirilməsi, bölgədəki kommunikasiyaların açılması və sair məsələlər razılaşdırıldı.

Hesab edirəm ki, proses bu razılaşmalar üzrə qismən yerindən tərpənib. Birtərəfli olsa da, Azərbaycan öz sərhədlərini müəyyənləşdirib. Eyni zamanda, öz təhlükəsizliyi üçün narahatlıq hiss etdiyi bütün istiqamətlərdə, hətta Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi yerlərdə belə hərəkətini davam etdirir. Yəni Azərbaycan öz milli maraqlarına və legitim hüquqlarına haradan təhlükə hiss edirsə, o yöndə də adımını atır.

Ermənistan və onun havadarları, eləcə də bütün dünya başa düşür ki, sərhəddə gərginlik var və bunun aradan qaldırılması üçün məlum məsələlər çözülməlidir.

İndi isə Ukraynada gedən proses ətrafında buradakı məsələlərlə bağlı bir neçə yeni tendensiya izlənilir. Bilirik ki, Rusiyadakı ən güclü etnik lobbi qruplarından biri ermənilərdir. Rusiya hakimiyyətinin başının Ukraynada qarışdığı bir dövrdə həmin lobbi qrupu və Ermənistan dünyaya göstərməyə çalışır ki, guya Azərbaycan bundan istifadə edərək, sərhəddə gərginlik yaradır və s. Reallıqda isə bunu ermənilərin özləri edirlər.

Ermənilər bunu həm də Rusiya hakimiyyətinin diqqətindən kənarda da etməyə çalışırlar. Məsələ budur ki, Rusiyanın hərbi-siyasi rəhbərliyinin başı Ukraynaya məsələsinə qarışıb. Üstəgəl, Putin Ukraynada baş verənlərə görə Rusiya daxilindəki nüfuzunu xeyli itirib, buna görə də həm də xeyli zəifləyib. Daxildəki müxtəlif qruplar da bundan öz məqsədləri üçün istifadə etməyə çalışırlar.

Vaxtilə Ermənistan SSRİ-nin zəifləməsindən istifadə edərək, Azərbaycanda – Qarabağda işğal təxribatına əl atmışdılar. Ermənistan yenə köhnə xülyasına söykənib ki, bunu yenidən Qarabağda edə bilər. Yəni İrəvanda Paşinyan əleyhinə gedən etirazların motivasiyası bundan doğur.

- Bəs bu etirazlar Ermənistanda hakimiyyət dəyişikliyi ilə nəticələnə bilərmi?

- Belə olacağını düşünmürəm. Çünki bu mitinqlərə rəhbərlik edən qrup Ermənistanda nüfuzdan düşmüş bir qrupdur. Erməni cəmiyyəti ağıllı olmasa da, ötən otuz il ərzində bu qrupun Ermənistanın başına hansı oyunu açdığını görüb. Yəni cəmiyyətdə onlara inam yoxdur.

Amma bu, heç bir halda ermənilərin Qarabağla bağlı xülyalarını arxa plana keçirmir. Bunu Ermənistanın heç bir hakimiyyətindən gözləmək lazım deyil. Çünki bu xülya onların düşüncəsinin nüvəsində yerləşir.

- Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi, Qarabağ separatçılarına müstəqilliyin verilməsinin mümkünsüzlüyünə eyham vurdu, üstəgəl, sülh müqaviləsinin vacibliyindən danışdı. Bəs Rusiya səfəri Paşinyanın bu mövqeyində dəyişikliyə səbəb ola bilərmi?

- Ermənistan hakimiyyətinin həmişə kənarda bir dayaq nöqtəsi olur. Bu kənar dayaq nöqtəsi də Rusiyadır. Yəni Rusiyadan dəstək alan istənilən Ermənistan hakimiyyəti daxildə ən güclü hakim komanda olur. Nikol Paşinyana isə Rusiyada qərbpərəst kimi baxanlar da var, bəlli bir tərəfi olmayan baş nazir kimi qəbul edənlər də. Yəni gedişata uyğun olaraq, bu gün qərbpərəst, sabah isə durum dəyişəndə ruspərəst ola bilər. Eləcə də özündən əvvəlki hakimiyyətlər kimi – eyni anda həm qərbpərəst, həm ruspərəst olması da mümkündür. Bu absurd görünə bilər, amma bu Ermənistanın cəfəng reallığıdır.

Bu, indi təkcə Ermənistanın absurd reallığı deyil. Məsələn, bu gün Avropa Parlamentində Ukraynaya dəstək verən deputatlar var. Onlar eyni anda həm də “Artsax”a da dəstək verə bilirlər. Yəni onlar Rusiyanı Ukraynada aqressor kimi tanıyırlar, Qarabağdakı reallıqları görmək istəmirlər. Bu qədər riyakardırlar. Bir sözlə, Paşinyan və Ermənistan bu absurd reallıqda tək deyil.

Paşinyanın Moskva səfərinə gəldikdə, ona Ermənistan daxilində gedən proses fonunda “Rusiya hakimiyyəti dəstəkləyir” görüntüsü yaratmaq vacibdir. Bilirsiniz ki, Nikol Paşinyan peşəkar piarçıdır. Onun bütün siyasi karyerası piar üzərində qurulub. Buna görə də, onun siyasi karyerasının, baş nazir kimi fəaliyyətinin nəticələri göz önündədir.

İndi Paşinyanın hakimiyyətdaxili qruplarından biri Rusiyanın, digəri Qərbin əlinə oynayır. Üçüncü qrup isə guya istiqamət axtarışındadır. Dediyim kimi, Rusiyada Kremlin başının qarışmasından istifadə edən bir erməni qrupu da var. İndi həmin qrup bundan istifadə edərək, Qarabağla bağlı xülyalarından istifadə etməyə çalışır. Bu, yeni bir şey deyil. SSRİ-nin çöküşünün son illərində də bu yola əl atmışdılar. Hətta Çar Rusiyasının zəifləməsindən istifadə edən erməni yaraqlıları Azərbaycanda soyqırımı həyata keçirmişdilər, ərazilərimizi işğala cəhd göstərmişdilər. Amma indi durum əvvəlki kimi deyil, dəyişib. Azərbaycan artıq güclüdür və mübaliğəyə yol vermədən deyirəm ki, beynəlxalq oyunçudur. Azərbaycan münaqişələr və bu konfliktlərin həllinə yanaşması ilə bağlı, enerji təhlükəsizliyi məsələləri ilə əlaqədar təklifləri nəzərə alınan oyunçudur.

Ermənilərin bizə şərti ola bilməz, amma əvvəlki xülyaları qalır. Bu xülyalarını da həyata keçirməyə çalışırlar. Rusiyada bu yöndə çalışan qrupun başında Lavrov və ya Xarici İşlər Nazirliyi, eləcə də digər strukturlarda yerləşmiş ermənilər durur.

- Bəs Kreml onların “tələ”sinə düşə bilərmi?

- İndi Rusiyanın beynəlxalq münasibətləri pozulmağa doğru gedir. Belə bir durumda Rusiya özünə yeni düşmənlər qazanmaq istəmir. Yanında olmasa da, ən azı ona münasibətdə loyal olan, sanksiyalara qoşulmayan ölkələrlə münasibətləri saxlamaq onun xeyrinədir. Amma ortada Ermənistanın Rusiyaya yeni düşmən qazandırmaq cəhdi var. Həmin qrup bunun üçün var gücüylə çalışır. Bu məqsədlə də Qarabağda hərbi fəallıq yaratmaq cəhdləri var.

Amma Cənubi Qafqazda yeni cəbhənin açılması Rusiyanın marağında deyil. Çünki Qarabağdakı ən kiçik hərbi fəallıq Qafqazdakı digər cəbhələrə də impuls verəcək. Məsələn, bu halda proses Gürcüstanın işğal edilmiş ərazilərinə sıçraya bilər. Bu durumda onsuz da üzləşdiyi situasiyanı idarə edə bilməyən Rusiya üçün ciddi problemlər yaradacaq. “Qarabağda sakitlik Rusiyanın nəyinə lazımdır?”, sualının cavabı budur. Təbii ki, Rusiyanın Azərbaycanla münasibətlərini qoruyub-saxlamaq istəyi də bura aiddir.

Yaxın günlərdə ilk dəfə onu gördük ki, Rusiya sülhməramlıları və Müdafiə Nazirliyi etiraf etdi ki, atəşkəsi erməni hərbçiləri pozub. Amma müəyyən addımlar var ki, Rusiya indiki dövr üçün bu addımları atmalıdır. Ya atacaqlar, ya da ora girib erməni separatçılarını özümüz oradan təmizləyəcəyik. Bu da 10 noyabr bəyanatının 4-cü bəndi ilə bağlıdır. Həmin bənd bundan ibarətdir ki, erməni yaraqlıları Azərbaycan ərazilərindən çıxmalıdır.

- Belə bir fikir də var ki, Ukraynada çətin durumla üzləşən Rusiya 10 noyabr anlaşmasının yerinə yetirilməsində maraqlıdır və bunu tezləşdirə bilər. Sizcə, bu belədirmi?

- Hesab edirəm ki, üçtərəfli anlaşmaların reallaşdırılması Rusiya üçün vacibdir. Məsələn, bölgədəki kommunikasiyaların açılması elə ən çox Rusiyanın marağındadır. Eyni zamanda, bu regionda sülh və sabitlik təkcə Rusiya üçün yox, Türkiyə, ABŞ və Avropa Birliyi üçün də vacibdir. Çünki Cənubi Qafqaz Qərblə Şərq arasında tranzit xətti rolu oynamaqla yanaşı, bu bölgənin digər strateji əhəmiyyəti də var. Bura bir növ böyük arteriyanın keçdiyi məkandır. Buna görə də, Cənubi Qafazda sülhün olmasında hamı maraqlıdır.

Əlbəttə Rusiya istəyərdi ki, üçtərəfli anlaşmanın bəzi bəndləri reallaşsın, bəziləri yox. Biz bunu oradan verilən mesajlarda da görürük. Məsələn, müharibənin dayanmasının ilk günündən kommunikasiyaların açılması ilə bağlı cəhdlər edilir. Ən böyük cəhdlər də bu yöndədir. Amma 4-cü bəndlə bağlı heç bir tərpəniş yoxdur.

Azərbaycanın mövqeyi budur ki, üçtərəfli anlaşma kompleks şəkildə həyata keçirilməlidir. Həmin anlaşma da bu halda işlək olacaq. Yox, əgər iqtisadi məsələlərlə bağlı bəndlər yerinə yetrilib, məsələn, 4-cü bənd yerinə yetirilməyəcəksə, onda anlaşmaq mümkün olamayacaq.

Bu gün Azərbaycan Qarabağda quruculuq işləri aparır, həmin ərazilərə həm daxildən, həm də xaricdən investisiya yatırılır. Ora qoyulan maddi vəsaitlərin həcmi isə üç-dörd Ermənistanın büdcəsindən çoxdur. Buna görə də, sülh lazımdır. İndi Rusiya üçün qərar vermək nə qədər çətin olsa da, bu anlaşmanın bütün bəndlər üzrə həyata keçməsi onunçün də vacibdir və buna da gedəcək.


Müəllif: Mənsur Rəğbətoğlu