“Rus ordusu Ukraynaya NATO və Qərb müttəfiqləri tərəfindən daxil olan silah-sursatı vura bilirsə, vurmalıdırlar. Bunu bəyan etmək lazım deyil. Digər tərəfdən, müdafiə naziri belə deyir, eyni zamanda Müdafiə Nazirliyinin sözçüsü olan general İqor Koneşenko bildirir ki, Qərbdən gələn silahları və anbarları vurmuşuq. Əgər vurmusunuzsa, onda niyə deyirsiniz ki, vuracağıq? Deməli ya o, ya da bu yalan danışır. Mənim fikrimcə, ruslar reallıqda bu silahları vura bilmirlər”.
Bu sözləri Teleqraf.com-a hərbi ekspert Azad İsazadə Rusiya Müdafiə naziri Sergey Şoyqunun “ABŞ və onun NATO müttəfiqləri Ukraynanı silahla təchiz etməkdə davam edirlər. Bəyan edirəm ki, bundan sonra Ukrayna Silahlı Qüvvələrinə silah daşıyan istənilən nəqliyyat vasitəsi tərəfimizdən məhv ediləcək” bəyanatını şərh edərkən bildirib.
Azad İsazadə hesab edir ki, ruslar Ukraynaya gələn silahları vura bilmir:
“Mənim konkret məlumatım yoxdur. Ancaq ehtimal edirəm ki, Qərb Ukraynaya filan növ silahlar göndərəcəyik bəyanatını o zaman verir ki, artıq bu silahlar Ukraynaya çatdırılır. Yəni silahı çatdırdıqdan sonra bəyan edirlər ki, Kiyevə bu tip silahlar göndərəcəyik. İnanmıram ki,silahlar ünvanına çatmadan Qərb rəsmiləri yarımçıq açıqlama versinlər”.
Hərbi ekspert qeyd edir ki, bu silahlar ehtiyatla, gizli formada və mümkün təhlükələr hesablanmaqla Ukraynaya çatdırılır:
“Ola bilsin ki, sonradan Ukraynanın hansısa anbarlarında bu tip silahlar vurulur. Lendliz haqqında qanun elədir ki, bu hərbi yardımlar vurulub-vurulmamasından asılı olmayaraq davam edəcək. Nəhayətdə ruslar bu silah-sursatı vuracaqlarsa, Qərb də özünü bilməməzliyə vuracaq, guya belə hadisə baş verməyib”.
İsazadə ehtimal edir ki,Ukraynaya ötürülən silahlar müxtəlif yollarla ölkəyə çatdırılır:
“Əvvəl ABŞ, Kanada və Britaniya yük təyyarələrini Ukrayna hava limanlarında görmək olurdu, ən azından bununla bağlı foto və videolar paylaşılırdı. İndi mümkündür ki, dəmiryolu vasitəsilə də belə silahlar daxil olur. Yük avtomobilləri ilə də belə silahlar çatdırılması mümkündür. Nəhayətdə Ukrayna ilə Avropa ölkələri arasında sərhədlər meşəlikdir. Bu meşəlik vasitəsilə də silah-sursat daşına bilər. Yəni bir neçə yoldan istifadə olunur”.