Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elman müəllim, artıq iki həftədir ki, Ermənistanda aksiyalar ara vermir. Sizcə, Paşinyan iqtidarı üçün təhlükə varmı?
- Bu gün Ermənistandakı aksiyalarda öz ətraflarına daha çox adam toplamağa çalışan hərbi canilər Robert Köçəryan və Serj Sərkisyan demək olar ki, tək qalıblar. Artıq erməni cəmiyyəti onlardan üz çevirib. Çünki bu iki hərbi cani 30 ilə yaxın Ermənistanda talançılıqla məşğul olublar. Sadəcə olaraq bu terrorçular vaxtilə SSRİ təhlükəsizlik komitəsinin əlatları olduğu üçün onlara müəyyən tapşırıqlar qarşılığında “mükafat”lar da verilirdi. Onlar sonradan müdafiə naziri, prezident edildilər. Bu da onların “hədiyyələri” idi. Amma indi vəziyyət tamamilə dəyişib. Bu gün Ermənistandakı aksiyalarda keçmiş hərbi canilərə heç bir dəstək yoxdur. Eyni zamanda Ermənistan cəmiyyəti yaydakı seçkilərdə olduğu kimi bu gün də real iqtidarı dəstəkləyir. Hazırda erməni cəmiyyətinin mütləq əksəriyyətindən baş nazir Nikol Paşinyana böyük dəstək var. Onların istəyi və birmənalı mövqeyi budur.
- Sizcə, Köçəryan-Sərkisyan cütlüyünün və “Qarabağ klanı”nın Ermənistan cəmiyyətindən dəstək almaq şansı qalırmı?
- Erməni cəmiyyəti başda Köçəryan-Sərkisyan olmaqla, “Qarabağ klanı”nı cinayətkar və terrorçu qruplaşma kimi qəbul edir. Ona görə də erməni cəmiyyətinin böyük əksəriyyəti və açıq sorğuda iştirak edən insanlar bildirirlər ki, bu iki hərbi cani Ermənistanı çapıb-talayıb, bütün qonşularla, hətta müttəfiqləri ilə belə düşmən ediblər. Bunu ermənilərin özləri bəyan edir. Deməli erməni cəmiyyətində artıq prosesləri düzgün qiymətləndirməyi bacaran insanların sayı artmaqdadır.
- Real aksiyaçılara qarşı cəmiyyətin reaksiyası necədir?
- Ötən gün Gümrüdə Köçəryanın və Sərkisyanın tərəfdarlarını yerli insanlar “iti qovan kimi” qovurdular. Onları açıq şəkildə söyürdülər ki, siz bura niyə və hansı üzlə gəlmisiniz. Deyirdilər ki, siz özünüzü qarabağlı hesab edirsinizsə, gedin mitinqinizi də Qarabağda keçirin. Siz bizim övladlarımızı öldürmüsünüz, əlil etmisiniz, sizə görə güzəranımız pis günə qalıb. Bütün bunlar onu göstərir ki, olanlardan düzgün nəticə çıxarmağı bacaran insanlar artıq erməni cəmiyyətində də çoxalmaqdadır. Onlar hesab edirlər ki, Nikol Paşinyan heç nəyə baxmadan Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi imzalamalı və razılıq əldə etməlidir.
- Kənar qüvvələrin fikirləri və təlimatları Ermənistandakı proseslərdə nə dərəcədə təsirli görünür?
- Ermənistan tarixin heç bir dövründə müstəqil siyasi qərar qəbul etməyib. Onlar ya Rusiyadan, ya da Qərbdən verilən təlimatlara uyğun hərəkət edib. Bu vaxta qədər isə onlara şimal qonşumuzdan açıq dəstək gəlib. Rusiya açıq şəkildə hər zaman Ermənistana özünün dəstəyini bildirib. Bu gün də Ermənistandakı aksiyalarda Rusiyanın izini görmək mümkündür. Amma N.Paşinyan və komandası Qərbyönümlü olduğu üçün bu proses baş verir. Qərbin də görünür, Paşinyandan istəyi odur ki, Azərbaycan və Türkiyə ilə barışıq etsin. Çünkin əbədi düşmənçilik onlar üçün daha ağır fəlakətlərə yol aça bilər.
- Hakimiyyət dəyişikliyi fonunda yeni müharibə riski gözlənilirmi?
- Ermənilər müharibə etdilər və nəticəsini də gördülər. Onlar bu faktdan düzgün nəticə çıxarmalıdırlar. Ermənistan 27-28 il ərazində müharibəyə hazırlaşırdılar. Hətta yeni ərazilər, yeni müharibə ritorikasından bəhs edirdilər. Amma nəticəsini bütün dünya gördü. 44 günlük müharibə onları diz çökdürdü. Müharibə edən ölkədə ilk növbədə çox ciddi siyasi stabillik olmalıdır. Ölkə iqtisadi cəhətdən tam təmin olunmalıdır. Bütün bunlara əsaslanan bir ordunun olması isə ən başlıca amildir. Amma bütün bunların əksinə bu gün Ermənistanda ordu yox vəziyyətindədir. İqtisadiyyat isə tamamilə iflas edib. Onlar sadəcə olaraq verilən vədlərə əsaslanmağa çalışırlar. Görünür ki, onlara kimlərsə 90-cı illərdə olduğu kimi silahlandıraacaqlarını deyib. Ancaq onlar anlamalıdırlar artıq, o qatar gedib. Bu gün onların qarşısında 90-cı illərin əvvəllərində olan zəif Azərbaycan yoxdur. Güclü və güclü müttəfiqləri olan Azərbaycanla qarşılaşmaq bundan sonra Ermənistan üçün heç bir perspektiv vəd etmir. Ona görə də erməni cəmiyyəti bir daha doğru-düzgün düşünüb qərar verməlidir ki, iki hərbi caniyə qulaq asmalı olsalar, növbəti müharibə Ermənistan ərazisində baş verəcək. Yaxşı olardı ki, Ermənistan cəmiyyətində hələ də sağlam məntiqə əsaslanan adamlar bu reallığı daha çox izah etsin.