Tarixi köklərə, millli, dini və sarsılmaz əsaslara söykənən Azərbaycan-Türkiyə münasibətləri dostluq, qardaşlıq, müttəfiqlik səviyyəsindədir. Dünyada bu iki qardaş ölkə arasında olan münasibətlərə oxşar heç bir nümunə mövcud deyil. Sözsüz ki, bu cür yüksək münasibətlər iki qardaş ölkə lideri arasında olan əlaqələrin mahiyyətində də özünü göstərir. Rize-Artvin Hava Limanının iki qardaş ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı, burada Azərbaycan-Türkiyə münasibətlərinin dünəni, bu günü və gələcəyi ilə bağlı verilən mesajlar mühüm əhəmiyyət kəsb edir
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə çox böyük işlər görülür:
“Qardaş Türkiyə bu gün dünya miqyasında aparıcı gücə və mövqeyə sahibdir. Türkiyənin son illər əldə etdiyi uğurlar, beynəlxalq münasibətlər sistemində olan yanaşmaları da əsaslı şəkildə dəyişib. Türkiyə bu gün həm istisadi, həm siyasi, həm də hərbi cəhətdən dünyanın inkişaf etmiş ölkələri sırasında qabaqcıl yerdədir. Azərbaycanın mövqelərini bütün beynəlxalq platformalarda açıq şəkildə dəstəkləyən qardaş ölkənin artan imkanı ökəmizin də mövqelərinin güclənməsini təmin edir”.
Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın artan gücü, II Qarabağ müharibəsində əldə edilən tarixi Zəfər ölkəmizin beynəlxalq aləmdə mövqelərinin əhəmiyyətli dərəcədə dəyişməsinə, möhkəmlənməsinə səbəb olub:
“Ölkəmizdə aparılan düzgün istisadi, siyasi strategiya Cənubi Qafqazda Azərbaycanın aparıcı mövqeyə yüksəlməsini təmin edib. Məhz Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən düzgün siyasət Azərbaycanın dünya miqyasında maraqlarının təminatına və mövqelərinin möhkəmlənməsinə imkan yaradıb”.
Cavid Osmanov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakının da tarixi əhəmiyyətinə toxunub:
“Bu tarixi səfər işğaldan azad edilən ərazilərdə Azərbaycanın həyata keçirdiyi ilk beynəlxalq səviyyəli layihəyə qardaş ölkə dəstəyi idi. Sözsüz ki, bu eyni zamanda Azərbaycanla birlik mesajı olmaqla yanaşı, bundan sonrakı məsələlərdə atılacaq addımların məhz tarixi prinsiplərə əsaslandığını da nümayiş etdirmiş oldu. Məhz bundan sonra iki qardaş ölkə arasında olan yüksək münasibətlərin rəsmi şəkildə təsdiqi kimi tarixi müttəfiqlik haqqında Şuşa bəyannaməsi imzalandı. Bu artıq iki qardaş ölkə arasında olan münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsininin təzahürü hesab edilir”.