18 May 2022 10:32
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə NATO-nun ən önəmli üzvlərindən biridir. 1949-cu ildə bu təşkilata üzv olan Türkiyə NATO-da ABŞ-dan sonra ən çox əsgərə malik ölkədir. Ukraynadakı müharibə başlayana qədər Finlandiya və İsveç tərəfsiz davranırdı. Amma sonradan bu ölkələr də öz təhlükəsizlikləri naminə NATO-ya üzv olmaq qərarı verib. Ötən həftə bu iki ölkənin baş naziri Stokholmda toplanaraq belə bir qərar verdiklərini elan etdilər.

Bunu Teleqraf.com-a Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

O qeyd edib ki, NATO-ya üzvlük təşkilatın bütün üzvlərinin razılığı ilə baş tutur: “Əgər təşkilatın bir üzvü buna razı deyilsə, o ölkənin NATO-ya üzvlüyünə veto qoyulmuş olur. Amma Finlandiyadan fərqli olaraq İsveç bu günə qədər Türkiyənin ərazi bütövlüyünə qarşı çıxan PKK və digər terror təşkilatlarını himayə edib. İsveç tərəfindən PKK-ya və digər terror təşkilatlarına ayrı-ayrı zamanlarda silah verilib. Türkiyəni parçalamağa çalışan PKK-ya İsveç qanunverici sistemində belə yer verilib. Ona görə də, Ukrayna müharibəsi dövründə İsveç və Finlandiya öz ərazi bütövlüklərini qorumaq üçün NATO-ya üzv olmaq istəyir. O zaman bu ölkələrə sual verilməlidir ki, necə olur siz Türkiyənin ərazi bütövlüyünə zərbə vurursunuz, amma öz ölkənizin torpaq bütövlüyü məsələsi gündəmdə olduğu zaman narahat olursunuz”.

Sabiq səfir xatırladıb ki, hətta Türkiyə bir müddət öncə İsveçdən 30-a qədər terrorçunun təhvil verilməsini tələb edib: “Amma qarşı tərəf bu məsələnin bir hissəsinə rədd cavabı, digər hissəsinə isə heç bir cavab verməyib. Finladiya da eyni mövqedən çıxış edib. Ona görə də, bu iki ölkə tam səmimi olmalıdır. Türkiyə ilə NATO-da müttəfiq olmaq istəyirlərsə, öncə ölkələrindəki terrorçuları təmizləməlidirlər. Türkiyə İsveç və Finlandiyadan bizim ölkəmizə zərər verəcək heç bir ünsürün qalmadığına əmin olmalıdır. Eyni zamanda bu dövlətlər rəsmi olaraq öhdəlik götürməlidir ki, bundan sonra Türkiyəyə zərər verə biləcək heç bir addım atılmayacaq. Ancaq bu şərtlər icra edildikdən sonra Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verə bilər”.

Hulusi Kılıça görə, bu iki ölkə Türkiyəni razı salmalıdır: “Yunanıstan NATO-ya üzv olarkən də eyni şərtlərlə Türkiyə buna razılıq verib. Amma sonradan Yunanıstan Türkiyəyə qarşı bir sıra problemlər yaratdı. Əgər onun sonradan belə bir addım atacağı məlum olsaydı, Türkiyə Yunanıstanın NATO-ya üzvlüyünə qarşı çıxardı. Məhz bu təcrübə göstərdi ki, Türkiyə bundan sonra bu kimi məsələlərdə daha diqqətli davranacaq. Ölkələrin NATO-ya üzvlüyünə razılıq verərkən Türkiyə ona zərər verməyəcək dövlətlərin öhdəlik götürməsi tələbini qoyacaq. Bu, Türkiyənin dövlət siyasətidir. Cənab Prezident Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Mövlud Çavuşoğlu da bununla bağlı Türkiyənin mövqeyini açıq şəkildə ifadə edib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər