“Türkiyənin Finlandiyanın və İsveçin NATO-ya üzvülüklə bağlı tutduğu xəttə əvvəlcə aydınlıq gətirilməlidir. Çünki bununla bağlı müxtəlif yanaşmalar və spekulyasiyalar var. Belə yanlış fikirlər irəli sürülür ki, guya Türkiyə bu məsələni Rusiya ilə koordinasiya edir, Rusiyanın maraqlarını müdafiə etmək üçün veto hüququndan yararlanacaq. Bu tamamilə yanlış yozumlardır”.
Bu sözləri Teleqraf.com-a analitik Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamaları da göstərir ki, rəsmi Ankara bu məsələdə Türkiyənin maraqlarını önə çıxarır və bu maraqları təmin etmək üçün sona qədər iş aparacaq.
Oqtay Qasımov Türkiyənin İsveç və Finlandiya ilə bağlı niyə bu mövqeni tutmasının açıq şəkildə izahına ehtiyac hiss edildiyi qənaətindədir: “Türkiyənin məsələyə öz baxışı var. Finlandiya və İsveçin NATO-ya üzvlüyü müzakirə olunarkən xarici işlər naziri Mövlud Çavuşoğlu bildirdi ki, Ankara NATO-nun genişlənməsinə qarşı deyil. Sadəcə olaraq İsveç və Finlandiya ilə bağlı Türkiyənin qayğıları var.
Uzun illərdir ki, PKK-ya və onun Suriya qoluna İsveç tərəfindən böyük dəstək verilir. Təsadüfi deyil ki, İsveç parlamentində 2022-ci ildə dövlət büdcəsi müzakirə edilərkən hökumət Suriyada fəaliyyət göstərən YPG, PYD və SDQ-yə maliyyə yardımı ayrılması, silah-sursat təminatı ilə bağlı qərarlar qəbul edib. Həmin qərara əsasən bu terror təşkilatlarına 376 milyon dollara qədər vəsait ayrılıb. Türkiyə də konkret sual edir: Sabah bizimlə birlikdə NATO-da olacaq ölkələr nədən Türkiyənin təhlükəsizliyinə təhdid yaradan terror təşkilatlarına dəstək verirlər?
Üstəlik 2015-ci ildə Türkiyə Suriyada terrorçulara qarşı əməliyyata başlayanda İsveç və Finlandiya hökumətləri buna qarşı çıxdı. Hətta Finlandiya Türkiyəyə yüksək texnoloji avadanlıqların verilməsini dayandırdı.
Həm də bu iki Skandinaviya ölkələri terrorçuların ən çox məskunlaşdığı ölkələrdir. İsveç parlamentində PKK-nın faktiki üzvləri fəaliyyət göstərir, PKK maraqlarını təmsil edir və Türkiyə əleyhinə qərarlarda öncüllük edirlər.
Sözsüz ki, bunlar Türkiyəni qayğılandırır. Əslində Türkiyə bu məsələlərlə bağlı qarşı tərəfdən konkret mövqe gözləyir.
Üstəlik bir neçə gün əvvəl Ankara bu iki ölkədən beynəlxalq axtarışda olan 33 şəxsin Türkiyəyə verilməsini tələb etdi. Amma mənfi cavab aldı. Sözsüz ki, Türkiyə NATO-nun cənub-şərq cinahının aparıcı ölkəsi olaraq bu hallarla razılaşa bilməz”.
Yaranan problemin həlli yollarına gəldikdə, Oqtay Qasımov bildirib ki, NATO-nun baş katibi, Avropa siyasətçiləri və ekspertləri bu problemi həll ediləcək məsələ kimi qiymətləndirir: “Burada Türkiyənin təhlükəsizliyi ilə bağlı müzakirə aparacağı ünvan Stokholm və ya Helsinki deyil. Məncə, daha çox Brüssel və Vaşinqtonla müzakirələr aparılacaq. Çünki əslində Suriyadakı terrorçulara ən çox dəstək verən, eləcə də Şərqi Aralıq dənizində Türkiyəyə qarşı yaradılan blokun da önündə gedən ABŞ-dır. ABŞ Türkiyəni müəyyən qədər zəiflətməyə çalışır. Xüsusilə, Co Bayden dövründə. Odur ki, bu məsələlər Ankara-Vaşinqton arasında müzakirə edilməli və həllini tapmalıdır. Düşünürəm ki, Türkiyə bu məsələdə haqlı mövqeyini önə sürür və onunla birlikdə NATO-da təmsil olunan dövlətlər, eləcə də alyansa daxil olmaq istəyən İsveç və Finlandiya Türkiyənin maraqlarına uyğun addımlar atmalıdır. Burada maraqların təmini qarşılıqlı olmalıdır”.
Prezident Ərdoğanın mövzuya dair son açıqlamalarını şərh edən Oqtay Qasımov vurğulayıb ki, bu, ədalətli yanaşmadır: “Türkiyə ən azından istədiklərinin bir qismini almalıdır. Türkiyəyə konkret olaraq ABŞ və NATO tərəfindən birmənalı və qəti təminat verilməlidir. Halbuki Suriyada vətəndaş müharibəsi yeni başlayanda və Türkiyənin hava məkanının pozulmasının mümkünlüyü üzə çıxdıqda Ankaranın tələblərinə baxmayaraq NATO ləvazimatları ya vaxtında vermədi, ya da vermək istəmədi. İndi Türkiyə maraqlarını ortaya qoyub. Düşünürəm ki, bu həssas dövrdə - NATO, Avropa Birliyi, ABŞ Rusiyaya qarşı birləşmişkən onlar NATO-da ikinci döyüşkən və güclü ordusuna malik olan Türkiyə ilə anlaşmalı, qarşılıqlı razılıq əsasında məsələni yoluna qoymalıdır”.