24 May 2022 15:57
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azay müəllim, Milan Məhkəməsi 2018-ci ildə sabiq deputatlar Müslüm Məmmədov və Elxan Süleymanova, eyni zamanda italiyalı deputat Luka Volonteyə qarşı cinayət işi başlatmışdı. Azərbaycanlı deputatların belə məsələlərdə adının hallandırılmasında məqsəd nə idi? Uzun müddət beynəlxalq təşkilatlarda iş təcrübəsinə malik şəxs kimi ittiham ehtimalları haqqında nə deyə bilərsiniz?

- Bu, Azərbaycana qarşı qondarma bir iş idi. Azərbaycanın millət vəkillərinə qarşı erməni lobbisinin bilavasitə təhriki və iştirakı ilə qurulmuş oyunun tərkib hissəsi hesab edilirdi. Birmənalı olaraq bu, Azərbaycana təzyiq xarakteri daşıyırdı. Zaman-zaman bunun adını “kürü diplomatiyası” qoymuşdular. Sözsüz ki, bütün bunların hamısı düşünülmüş şəkildə bir mərkəzdən - erməni lobbisinin maliyyəsi ilə idarə edilən proses idi. Hamımız bilirik ki, bunun arxasında nə dayanır. Məqsəd Azərbaycanı qaralamaq, ləkələmək, ölkəmizin müstəqil siyasətini zəiflətmək, öz şərtlərini diktə etdirmək mahiyyəti daşıyırdı. Eyni zamanda bu, bir növ təzyiq elementi kimi ortaya atılan oyun idi. Təəssüflər olsun ki, bir müddət prosesi körükləyənlər bunu daha da şişirtdilər. Amma reallıq odur ki, İtaliyanın Milan Apellyasiya məhkəməsi gec də olsa, ədaləti bərpa etdi. Siz də bilirsiniz ki, İtaliyada və bir çox Avropa ölkəsində məhkəmə prosesi çox uzun bir dövrü əhatə edir. Bu proses uzun olmaqla yanaşı həm də üzücüdür. Ola bilsin ki, bəlkə də bu qərarı daha tez verə bilərdilər. Amma gec də olsa, belə bir qərar verildi. Bunun özü müsbət bir haldır.

- Belə siyasi motivli məsələnin Avropada məhkəmə müstəvisində qabardılmasında kimlər maraqlı olub?

- Bizim keçmiş həmkarlarımızın bu prosesdə bilərəkdən, qəsdən hədəf götürüldüyünü hamımız bilirdik. Yanlış qərar və ittiham üzərində atılan addımları müşahidə edirdik. İndi isə Milan Apellyasiya Məhkəməsi nəhayət bu məsələyə nöqtə qoydu. Qeyd edilən məsələ ilə bağlı ədalətli qərarın verilməsi keçmiş deputat həmkarlarımızın günahsız olduğunu bir daha aşkara çıxardı. Əslində bu, siyasi motivli bir yanaşma idi. Bunun da çox yaxşı ki, nəticələri ləğv edildi.

- AŞPA-nın siyasi məhbuslarla bağlı öhdəliyi olmadığı halda Azərbaycanla bağlı belə bir məruzənin hazırlanması barədə almaniyalı Kristofer Ştrasserə niyə belə göstəriş verilmişdi?

- AŞPA-da elə qüvvələr var ki, onlar hər zaman insan hüquqları məsələsini açıq şəkildə bəhanə edib, heç bir əsas olmadan Azərbaycana hücum təşkil edirlər. “Siyasi məhbus” məsələsi də onlar üçün bir istismar alətinə çevrilmişdi. Bizim hamımız da bilirik ki, AŞPA-da siyasi məhbus anlayışına aid qaydalar müəyyən edilməyib. Ona görə də onların bu məsələyə yanaşması tam selektivdir. Özlərinin təmsil oldunduğu ölkələrdə yüzlərlə insan haqlarının pozulması ilə bağlı faktın olmasına rəğmən heç vaxt onlara diqqət ayrılmayıb. Azərbaycanda isə özlərinin maliyyələşdirdiyi bir qrup şəxsin əsassız olaraq “siyasi don” geyindirib təqdim etdiyi “məhbuslarla” bağlı öncədən hazırlanmış ssenari əsasında fəaliyyət göstərirdilər.

- Bəs dünyanın aparıcı təşkilatlarından biri niyə bu cür addım atıb?

- Biz heç vaxt AŞPA-nın bu istiqamətdə verdiyi qərarların səmimiliyinə inanmamışıq. Çünki bu səmimiyyət həmişə şübhə doğurub. Onların bu istiqamətdəki fəaliyyəti ictimaiyyət tərəfindən dəstəklənməyib. Ona görə də Ştrasserlə bağlı məsələdə, bundan əvvəl Azərbaycanın maraqlarına uyğun qərarlar nə zaman qəbul olunubsa, buna dərhal don geyindiriblər. Bunu qəbul edənləri, yaxud bu qərara səs verənləri nələrdəsə günahlandırıblar. Guya ki, onları ələ alıblar. Amma Azərbaycan əleyhinə qərarlar qəbul ediləndə o zaman həmin şəxslər “qəhrəman” olub. Hətta bunu ən ədalələtli, obyektiv qərar kimi təqdim ediblər. Bu da onu göstərir ki, onlar üçün prinsipial heç nə yoxdur. Onlar üçün əsas məsələ Azərbaycana qarşı qəbul edilən qərarın mahiyyətidir. Əgər bu qərar müsbətdirsə, Azərbaycanın xeyrinədirsə, o zaman səhv, pis olur. Əksinə bu qərar Azərbaycanın əleyhinədirsə, ölkəmizi qaralamaq niyyətini güdürsə, şər-böhtanla dolu müddəaları özündə əks etdirirsə, o zaman bu, ən ideal, obyektiv qərar hesab edilir. Ona görə də AŞPA-nın məsələlərə yanaşması bu cür qiymətləndirilir. Bu da sözsüz ki, olduqca üzücüdür. Eyni zamanda AŞPA-ya nüfuz gətirmir.

- II Qarabağ müharibəsindəki uğurdan sonra da Azərbaycanın artan mövqeyinə, güclənən nüfuzunun sarsıdılmasına qarşı bu cür həmlələrin olması gözənilirmi?

- Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbədən sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Çünki Azərbaycan işğala məruz qalan ölkə kimi təcavüzün aradan qaldırılması üçün uzun illərdir vurğulayırdı ki, BMT Təhlükəsizlik Şurasının qərarları icra edilməyib. Bu icra edilməlidir. Amma bunu Azərbaycanın özü etdi. Ona görə də bu gün Azərbaycanın yaratdığı reallığa qarşı müsbət yanaşmalar var. Ölkəmizin bu mövqeyi hörmətlə, simpatiya ilə qarşılanır. Çünki heç bir dövlət və beynəlxalq təşkilat Azərbaycanın işğalda olan ərazilərinin azad edilməsini qınamır və qınaya da bilməz. Amma bu heç də o demək deyil ki, bundan sonra beynəlxalq təşkilatlar, yaxud da ki, erməni lobbisi sakit dayanacaq. Əksinə gedən proseslər onu göstərir ki, onlar döyüş meydanında, informasiya və diplomatiya sahəsində uğradıqları ağır məğlubiyyətdən sonra da ölkəmizə qarşı çirkin kampaniyaları gücləndiriblər.

- Erməni lobbisinin daha çox hansı təşkilatlarda Azərbaycana qarşı fəal olduğunu söyləyə bilərsiniz?

- Bu, ATƏT PA-da, AŞPA-da və başqa təşkilatlarda da açıq şəkildə görünür. Ona görə də demək olmaz ki, müharibədən sonra ermənilər sakit oturublar, yaxud da ki, onların çevrəsində olan və Azərbaycana təzyiq edən dairələr sakitləşiblər. Bunu söyləmək olmaz. Çünki əksinə onlar daha da “fəallaşıblar”. Bu baxımdan da, biz daha ehtiyatlı, təmkinli və hazırlıqlı olmalıyıq ki, bu cür kampaniyaların, təzyiqlərin qarşısını vaxtında ala bilək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər