“Qarbağda yaşayan ermənilərə çörək almaq üçün Saxarovun, Suvorovun heykəli deyil, iş və pul lazımdır”
Teleqraf.com politoloq Zərdüşt Əlizadə ilə müsahibəni oxuculara təqdim edir:
- Zərdüşt bəy, Brüsseldə Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən 5 saatlıq görüşdə müəyyən razılaşmalar əldə edilib. Artıq razılaşmanın bəzi bəndləri reallaşdırılır. Siz son danışıqlar prosesini necə qiymətləndirirsiniz?
- Brüsseldə bundan əvvəlki razılaşmaların həyata keçirilməsinə diqqət yetirildi. Əvvəlcədən delimitasiya komissiyasının yaradılması razılaşdırılmışdı. Eyni zamanda Avropa və Rusiya burada mütəxəssislərinin iştirakına hazır olduğunu bildirmişdi. Lakin məhz Ermənistanda gərgin və qeyri-sabit vəziyyətə görə, bu razılaşmalar həyata keçirilməmişdi. Bu dəfə tərəflər komissiyada işləmək istədiyini ifadə etdi. Yaxşı haldır ki, həm Azərbaycan, həm də Ermənistan tərəfi komissiyada işləyəcək nümayəndələrini elan ediblər və hətta razılaşdırılıb ki, ilk iclas sərhəd bölgəsində keçirilsin. Harada razılaşacaqlarsa, görüşəcəklər. Sərhədimiz uzundur və münasib yerdə iclas keçirmək olar. Bu, müsbət haldır.
İkincisi, sülh müqaviləsinin hazırlanması da öncədən razılaşdırılmışdı. Amma ona görə həyata keçirilmirdi ki, Ermənistanda rusmeylli qüvvələr azlıqda olsalar və iki seçkini uduzsalar da, fəaldırlar. Əsasən də küçə yürüşləri və nümayişlərə, dövlət idarələrinin mühasirəyə alınmasına, küçələri bağlamağa çalışırlar. Belə şəraitdə Ermənistan hökumətinə iki şey qalır: Konstitusiya ilə təsbit edilən hüquq və azadlıqlara dözmək və zamanın öhdəsinə buraxmaq. Əvvəl-axır bu fəal etirazçılar yorulub çəkiləcəklər. Bundan sonra hökumət öz işini qanunauyğun formada həyata keçirəcək.
Amma ikinci məqam da var. Ola bilsin ki, hansısa anda sabitlik pozulsun və bu zaman Rusiyanın fətvası ilə Ermənistanda iki amil işə düşə bilər.
Birincisi, hansısa ordu hissələri dövlət idarələrini götürür və Ermənistanda hərbi çevriliş baş verir.
İkincisi, terror aktıdır. Bu da Robert Köçəryanın sevimli üsuludur və siyasi rəqiblərini aradan götürmək üçün terror təşkil edir. Maşallah, "Daşnaksütyun", peşəkar terrorçular var. Tarixən çoxlu terror aktları törədiblər. Birini də törədib Paşinyanı öldürər və bağırarlar ki, xain öz cəzasını aldı. Xatırlayın, Karen Dəmirçyanı, Vazgen Sərksiyanı və bir neçə parlament üzvünü öldürdükdən sonra qatil bağırırdı ki, xainlər öz cəzasını aldı, bəsdir xalqın qanını içdilər. Halbuki bu terror aktından sonra Köçəryan mövqelərini bərkitdi və xalqın qanını içməyə başladı.
Qısacası, Ermənistanda siyasi vəziyyətin gərginliyi, Nikol Paşinyanın həm Rusiyadan, həm Avropadan, həm də ABŞ-dan asılı olması ona gətirib çıxarır ki, hələlik qəti qərar verə bilmir və məsələni uzadır, manevrlər edir, fürsət axtarır. Məsələn, bu gün Ermənistan prezidenti Vaaqn Xaçatryanın iqamətgahını müxalifət mühasirəyə alıb. Bu, əslində qanunun pozulması, dövlət qurumlarının işinə imkan verilməməsidir. Bizdə bu proses 1990-cı illərdə baş verib. Ermənistanda indi Köçəryan, Sərksiyan dövlət çevrilişinə əl atırlar. Paşinyan da hələlik dözür və ümid edir ki, qəti cəza tədbirləri görmədən məsələni yoluna qoyacaq.
- Və bu proses Azərbaycan-Ermənistan razılaşmalarının həyata keçirilməsinə əngəl yaradır...
- Azərbaycan-Ermənistan razılaşmaları qaçılmaz və labüddür. Sadəcə olaraq zaman həddi var. Zaman üçtərəfli bəyanatda göstərilib. Nə qədər uzatsalar qərar qəbul etmək üçün bir o qədər az vaxt qalır. Bəli, Rusiya da, elə Avropa da hoqqabazlıq edir.
- Nə mənada?
- Məsələn, Qarabağda yaşayan 25-30 min erməninin hansısa müstəsna hüquqlarından danışır. Amma özləri çox gözəl bilir ki, separatizm beynəlxalq sülhə və sabitliyə ən böyük təhlükədir. Avropalılar isə zor gücünə sərhədlərin dəyişdirilməsinə çox mənfi baxır. Hərçənd Serbiyadan Kosovanı qoparıb müstəqil dövlət elan etdilər və onu tanıdılar. Bu da ruslara əsas verir desin ki, sizə olar, bizə olmaz? Biz də Krımı, Donetsk və Luqanskı ayırırıq, Xersonu da ayıracağıq. Əgər bir tərəf qanunu pozursa, anlamalıdır ki, gücü və imkanı olan tərəf də onu pozacaq və bu zaman etirazlar effektiv olmayacaq.
Konkret mövzuya qayıtdıqda, hesab edirəm ki, bütövlükdə Azərbaycanın vəziyyəti pis deyil. Amma mənim qənaətimcə, bizim hökumətimiz bəzi addımları atmalıdır.
Birincisi, Qarabağa qayıdış sürətlə aparılmalı, bu yerlərin əhalisinin məskunlaşdırılması başa çatdırılmalıdır. Həmçinin kəndlərin tikilməsi və həyata keçirilməsi Qarabağ əhalisinin fəal iştirakı ilə olmalıdır. Elə rayonlar var ki, minalanma o qədər də çox deyil. Odur ki, məskunlaşma aparılmalıdır.
- Demək istəyirsiniz ki, azərbaycanlıların işğaldan azad edilən rayonlarımızda məskunlaşması ermənilərə təsir göstərəcək?
- Əlbəttə, təsir göstərəcək. Biri var sən məchul ərazidə yaşayırsan, bir də var məskun ərazidə. İnsanlar hərəkət edir, yaşayır, səs-küy olur, danışır, toy qurur və s. Bunların təsiri böyükdür.
İkincisi, düşünürəm ki, biz bir başqa amildən istifadə etmirik. Bunu etmək lazımdır. Mən barış potensialını nəzərdə tuturam. Ermənilərin qəbul edib-etməməsindən asılı olmayaraq biz elan edə bilərik ki, Qarabağda böyük tikinti işlərinə başlamışıq, işləmək istəyən bizim erməni vətəndaşlarımız burada işləyə bilər. Məncə, bu məsələdə pasportun olub-olmamasına elə də fikir verməməliyik. Gəlsin işləsin, maaş veririk, təhlükəsizliyini də təmin edirik. Məncə, gələrlər. Orada xeyli erməninin maddi ehtiyacı var. Çıxılmaz vəziyyətdə qalıblar, iş yoxdur, Ermənistan büdcəsindən ayrılan cüzi pulun ümidinə qalıblar. Bu da barışa doğru addım olar. Gəlib hansısa yolun və ya evin tikintisində azərbaycanlı ilə işləməsi elə əməkdaşlıqdır. Bu, etimad yaradır və düşmənçilik geri çəkiləcək. Bu amildən də istifadə etmək olar. Yeri gəlmişkən, bütün Avropada belə mexanizmlərdən istifadə olunur.
- Rus amili, ərazidə olan sülhməramlılar buna imkan verərmi?
- Rusiya bunu istəyər-istəməz, öz işidir. Biz siyasətimizi aparaq. Ruslar gəlib ermənilərin hamısının əlini zəncirləyəsi deyil ki... Rus deyəcək, gedib orada işləmə, erməni də cavab verəcək ki, onda mənə pul ver, iş ver. Söyləyək ki, gətirib burada Saxarovun, Suvorovun heykəlini qoyursan, bunun mənə nə isti-soyuğu var, mənə çörək almaq üçün heykəl yox, pul lazımdır. Yəni belə sadə həyat həqiqətləri də var.
- Hazırda Azərbaycan və Ermənistan arasında danışıqlar iki platformada aparılır - Moskva və Brüsseldə. Sizcə, bu platformaların hansı bizə daha münasibdir?
- Tofiq Zülfüqarov Qarabağ münaqişəsini bilən ən savadlı mütəxəssisimizdir. Bu məsələyə çox gözəl yanaşma sərgiləyib. Deyib ki, iki platforma yoxdur, bir platforma var. Sadəcə bu platformanı həyata keçirməyə çalışan iki əsas qüvvə var - Qərb və Rusiya. Rusiya çalışır ki, bu məsələdə proseslər onun nəzarəti altında olsun. Amma başı Ukraynaya qarışıb və özünün zaman cədvəli var. Avropa isə çalışır ki, zaman cədvəlini dəyişsin, prosesləri sürətləndirsin və təşəbbüsü ələ alsın. Amma sizi inandırım ki, son nəticədə bu münaqişənin birdəfəlik həllində nə Avropa, nə də Rusiya maraqlıdır. Elə ABŞ da maraqlı deyil. Çünki tarixən Qərb də, Rusiya da bölgəni nəzarətdə saxlamaq, türk dünyasına, müsəlman coğrafiyasına təsir etmək məqsədilə erməni kartından istifadə etməyə çalışıb. Bu fikirlərə kimsə etiraz edə bilər. Amma tarixi nümunələr var ki, onları bir-birinin ardınca düzüb sual etmək olar: bunların hamısı təsadüfidirmi? Məncə, yox!
- Brüssel görüşünə dair Şarl Mişelin verdiyi bəyanatda “Dağlıq Qarabağ”, “status” kimi ifadələrə yer verilmədi, Qarabağda yaşayan ermənilər ölkəmizdə yaşayan azsaylı xalqlardan biri kimi təqdim olundu. Bu, Azərbaycanın mövqeyi ilə Avropanın razılaşdığını göstərən nüans deyilmi?
- Şarl Mişel təsadüfi adam deyil, ciddi və təcrübəli diplomatdır. Uzun müddət baş nazir olub. Problemi öyrənib sonra danışır. Üstəlik başa düşür ki, bu məsələdə iki tərəf var: məğlub Ermənistan və qalib Azərbaycan. Qalib Azərbaycan “Dağlıq Qarabağ” ifadəsini, status, müstəqillik kimi sözləri qəbul etmir. Bu sözləri işlədəndə Azərbaycan tərəfi görüşə ciddi yanaşmır, uzağı etika naminə görüşə qatılsa da, hər hansı bir razılaşmanı qəbul etmir. Ona görə də, belə görüşdə qalib Azərbaycanla daha çox hesablaşırlar. Bu, Ermənistan üçün acı, bizim üçünsə xoş həqiqətdir. Belə də olmalıdır.
- Aprelin 6-da da Brüsseldə görüş keçirildi, bəzi razılaşmalar əldə olundu, amma sonradan Ermənistan bu razılaşmaları həyata keçirmədi. Bəzi analitiklər bunu Rusiya amili ilə əlaqələndirdi. Bu dəfə də Ermənistan prosesi ləngidə, razılaşmanı poza bilərmi?
- Rusiya üçün əsas məsələ odur ki, əldə olunacaq razılaşmalarda Rusiyanın təsir imkanları nəzərdə tutulsun. Onlardan biri odur ki, delimitasiya danışıqlarında Rusiyanın nümayəndəsi əsas mütəxəssis kimi iştirak etsin. Habelə sülh müqaviləsinin hazırlanması prosesinə qatılsınlar. Mümkün qədər Avropa nümayəndələri bu proseslərdə iştirak etməsin. Habelə Zəngəzur yolunun statusunun müəyyənləşməsində yazılsın ki, Rusiya burada qəyyum tərəfdir. Gələcəkdə Rusiyanın da malları bu yolla gedəcək. Bəziləri bunu anlamır, amma Zəngəzir dəhlizi, bununla paralel İrandan keçəsi yol Rusiyanın təcrid vəziyyətindən çıxması üçün bəlkə də yeganə yoldur. Hazırda Ukrayna ilə düşməndir və yol bağlıdır. Belarusun özü təcrid olunub. Pribaltika ilə münasibətləri pisdir və yol bağlıdır. Qərbə yol Sankt-Peterburq istiqamətində Finlandiyaya qalır. Bu da dəniz yoludur və quru yolu yoxdur. Amma Finlandiya da bu yolu bağladı. Gürcüstanla münasibətləri pisdir, ərazisini işğal edib və yol yoxdur. Deməli, qalan yeganə yol cənubdan gələrək Azərbaycandan keçib Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə və oradan da Yaxın Şərqə çıxışdır. Və ya Bakı-Tbilisi-Qars yolu ilə Avropa və Şərqə çıxış əldə etməkdir.
- Deməli, indi Rusiya müəyyən qədər Azərbaycandan asılı vəziyyətə qalıb?
- Sözsüz. Bunu mən anlayır və görürəmsə, deməli, İlham Əliyev daha yaxşı bilir. Mən düşünürəm ki, Azərbaycanın əhəmiyyəti həm Rusiya, həm də Avropa üçün böyükdür. Məsələn, açıq deyirlər ki, Çindən gələn yolun Rusiyadan keçməsini istəmirik. Əslində Rusiya yolu da de-fakto bağlanıb. Tutaq ki, Çindən mal gətirdilər. Bu gəlib Ukraynaya, Pribaltikaya, Polşa sərhədinə dirənəcək, hamısı ilə də düşməndir və yollar da bağlıdır. Bu halda ümid qalır Azərbaycandan keçən yollara. Qazaxıstanla gəlib bizim məmləkətdən Türkiyə və oradan da Avropaya gedəcək. Çin, eləcə də təcrid halında olan Rusiya üçün bu yol əsasdır.
- Bu arqumentlər Azərbaycan və Ermənistan arasında razılaşmaları qaçılmaz edir?
- Əlbəttə. Üstəlik Azərbaycan və Ermənistan qonşudurlarsa, münasibətləri tənzimləməyə məhkumdurlar. 100 il bir-birilə müharibə edən ölkələr sonda barışırlar. Nə ermənilər, nə də biz marsa köçməyə hazırlaşırıq.
- Amma bunun üçün də Ermənistan 1988-ci ildən bu yana irəli sürdüyü “Miatsum” kimi iddialardan əl çəkməlidir...
- 150 ildir erməni xalqının beynini “Böyük Ermənistan” xülyası ilə doldururlar. Hələ biri bu yaxnlarda deyir ki, nə qədim yunanlar, nə romalılar, nə də Osmanlı ermənilərə qalib gələ bilib. A kişi, hansı xəyaldan, xülyadan danışırsan? Boş-boş söhbətlərdir. Amma bu, onların beyninə yeridilib. Bu xəstəliyin müalicəsinin iki yolu var. Biri müharibədə məğlub olmalarıdır və bu, onları xeyli oyadıb. İkincisi, alimlərin hamının görəcəyi formatda oturub müzakirələr aparması, kitablar yazmasıdır. Erməniləri də sağaltmaq olar. Məsələn, ermənilərdə Filip Vartanoviç Ekozyants var, internetə azı 40-50 çarx yerləşdirib, bütün erməni saxta əsatirlərini məhv edir. “Böyük Ermənistan” kimi ideyaları yerin altına soxub çıxarır. Özü də bunu mədəni şəkildə edir. Fransız, italyan, rus, fars, Osmanlı mənbələrini də açıq ortaya qoyur. Ona cavab verməyə əsaslı arqument, söz tapmırlar, əvəzində təhqir edirlər, söyürlər. Bu mənada kitablar yazılmalıdır, tarix olduğu kimi yazılmalı, danışılmalıdır. Bu mənada ermənilər əvvəl-axır sağalmağa, Azərbaycanla normal qonşu kimi yaşamağa məhkumdur. Başqa seçim də yoxdur.