Xarici işlər naziri Ceyhun Bayramov Estoniya Respublikasının parlamentinin sədri Yuri Ratasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, qonaqları salamlayan nazir Ceyhun Bayramov Azərbaycanın dost Estoniya ilə münasibətlərin inkişafına yüksək önəm verdiyini bildirib. Ölkələrimiz arasında son zamanlar intensiv dialoqun həyata keçirildiyi, o cümlədən parlament ölçüsündə qarşılıqlı səfərlərin həyata keçirildiyi məmnunluqla qeyd edilib. Nazir, cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olduğunu, bu müddət ərzində əlaqələrin inkişafında bir sıra uğurlara imza atıldığını vurğulayıb və gələcəkdə əməkdaşlığın daha da inkişafında maraqlı olduğumuzu səsləndirib.
Parlamentin sədri Yuri Ratasın Azərbaycana səfərinin çox məhsuldar olduğunu qeyd edib, Azərbaycan dövlət başçısı ilə keçirilən görüşə, Şuşa şəhərinə edilən səfərə məmnunluqla istinad edib. O, iki ölkə arasında tarixi bağların olduğunu qeyd edib və Azərbaycan xalqını 28 may - Müstəqillik Günü münasibətilə təbrik edib.
Görüşdə, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən iqtisadi, informasiya texnologiyaları, ətraf mühit, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb. Xüsusilə, informasiya texnologiyaları, təhsil, alternativ enerji sahələrində əməkdaşlığın inkişafı potensialının olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov Estoniya parlamentinin sədrinə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, azad olunmuş ərazilərin minalardan təmizlənməsi, geniş bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, o cümlədən Brüsseldə liderlər arasında baş tutan görüş barədə məlumat verib.
Yuri Ratas Estoniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini qeyd edib və ölkəsinin bölgədə sülhün təmin olunmasının tərəfdarı olduğunu vurğulayıb.
Görüşdə tərəflər, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.