Artıq quru sərhədlərinin açılmasına zərurət var. Bununla bağlı iki ay öncə də fikirlərimizi söyləmişik. Çünki indi yay fəsli başlayır, turizm sezonunun aktiv vaxtıdır. Azərbaycandan kənarda yüzminlərlə soydaşlarımız yaşayır, onların hamısının təyyarələrdən istifadə etmək imkanı yoxdur. Hava nəqliyyatı ilə də bu sayda adamları aparıb-gətirmək mümkün deyil. Həmçinin təyyarə biletlərinin də həddindən artıq baha olması bu insanlara imkan vermik ki, onlar gəlib ana vətənlərində qohum-əqrabaları ilə görüşsünlər, yaxud öz vətənlərində istirahət etsinlər.
Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
O qeyd edib ki, yay fəslində çox zaman Rusiya və İrandan turistlərin Azərbaycana axını baş verir: “Bu, ölkəmizdə turizm sektorunun inkişafına ciddi bir dəstəkdir. Eyni zamanda yay fəslində Azərbaycanda xüsusən də kənd təsərüffatı məhsullarının ölkə hüdudlarından kənarda satışı məsələsi gündəmdədir. Hər bir istehsalçı istəyir ki, öz məhsulunu xarici bazarlara çıxara bilsin. Quru sərhədlərinin bağlı qalması buna da maneə olur”.
Komitə sədri koronavirus pandemiyasının dünyada sona çatması ilə bağlı xoş xəbərlərin eşidildiyini söyləyib: “Arzu edək ki, başa çatsın, koronavirus da digər virus infeksiyalar kimi mövsümi bir xarakterə keçsin. Amma bu da bizi qorxutmamalıdır. Artıq bu virusa qarşı müalicə, profilaktika təcrübəsi var. Zəruri vaksinasiya aparılır. Ona görə də, quru sərhədlərinin açılması ölkə iqtisadiyyatına, həmçinin sosial həyatımıza müsbət təsir edəcək”.
Deputat hər hansı bir təhlükəyə qarşı sərhəd keçid məntəqələrində yoxlanışın olduğunu xatırladıb: “Sərhədi keçən zaman bu cür yoxlanışların aparılması normaldır. Ona görə də, burada hər hansı bir problem görünmür. Hələlik pandemiya ilə bağlı alovlanma da yoxdur. Bu baxımdan sərhədlərin açılması ilə bağlı ciddi bir problem görünmür”.
Musa Quliyev hesab edir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah situasiyanı dəyərləndirib qərar qəbul edə bilər: “Biz millət vəkili olaraq öz fikirlərimizi irəli sürürük. Çünki bu hansısa bir qanunla qəbul edilən qərar deyil. Son zamanlar gündəmə gətirilən meymunçiçəyi virusu da epizodik xarakter daşıyır. Ona görə də, meymunçiçəyi məsələsinin quru sərhədlərinin bağlanmasına və açılmasına heç bir təsiri olmamalıdır”.