15 İyun 2022 09:27
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq İlqar Vəlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Baş naziri Nikol Paşinyandan sonra xarici işlər naziri Ararat Mirzoyan da KTMT-ni Ermənistana yardım göstərməməkdə ittiham etdi. Ümumiyyətlə, Ermənistan rəsmilər tez-tez KTMT-ni hədəfə alırlar. Sizcə, bu, “Rus NATO-su”nu Azərbaycana qarşı təhrik etmək cəhdidir, yoxsa Ermənistan rəhbərliyi bununla ittifaqdan çıxmağa zəmin yaradır?

- Qənaətimə görə, bu, daha çox KTMT-dən çıxmağa hesablanmış gediş kimi görünür. Ermənistan rəhbərliyinin bu hərbi blokdan çıxmaq kimi bir niyyəyinin olduğu heç kimə sirr deyil. KTMT indi həssas bir dönəmdən keçir. Bu da Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Artıq KTMT-nin Ukraynadakı müharibəyə qoşulması ehtimalından danışılır. Bu cür təkliflər var. Söhbət KTMT sülhməramlılarının Ukraynaya göndərilməsindən gedir. Əlbəttə belə bir addım Qərbi qıcıqlandıra bilər. Artıq Qərb KTMT-nin bəzi üzvlərinə ismarışlarını verib.

Təbii ki, Ermənistan anti-Qərb fəaliyyətdə iştirak etmək istəməz. İrəvan müxtəlif yollar və bəhanələrlə gələcəkdə ehtimal olunan bu əməliyyata qatılmaqdan boyun qaçırmağa çalışır. Ermənistan hər ehtimala qarşı KTMT ilə arasında məsafə saxlamağa cəhd göstərir. Buna görə də, indi KTMT-yə tənqidi mövqedə durmaq Ermənistana daha sərfəlidir, nəinki onun fəaliyyətini dəstəkləmək. Bu, bütün hallarda Qərbin xoşuna gəlməz.

Ortada bir paradoksal vəziyyət də var. Məsələ budur ki, KTMT-nin cari sədri Ermənistandır. Amma buna baxmayaraq, sanki Ermənistan bu məsuliyyətdən yaxa qurtarmağa çalışır.

- Mirzoyan son açıqlamasında Azərbaycanı Ermənistan ərazilərinə müdaxilədə günahlandırdı. Paşinyanın da yanaşması ikilidir. Bəs bu ziddiyyətlər və pozucu mesajlar nədən qaynaqlanır: bunlar daxili auditoriyaya hesablanıb, yoxsa Paşinyan və komandası həqiqətən Bakıyla anlaşmadan boyun qaçırır?

- Əlbəttə burada daxili faktorlar da önəmli rol oynayır. Yəni açıqlamlar həm də daxili auditoriyaya hesablanıb. Ümumiyyətlə, bu, yekdil fikir və vahid mövqedən uzaq bir komandadır. Ən azı verdiyi açıqlamalar belə təsəvvür yaradır. Onlar indiyədək öz içlərində yekdil fikir və vahid mövqe formalaşdıra bilməyiblər. Digər yandan, ümumiyyətlə, Ermənistanın siyasi elitası parçalanmış durumdadır. Bu, təkcə müxalifətlə bağlı deyil, daxildəki müəyyən qruplar da burada rol oynayır. Paşinyanın komandası daxilində Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpası və normallaşmasını istəyənlər də, bundan ehtiyat edənlər də var. Ehtiyat edənlər də bu cür qeyri-müəyyən mövqedə dayanırlar.

- Ermənistan mətbuatı və ekspertlərinin iddiasına görə, avqustda Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin ehtimal olunan görüşündə sənəd imzalana bilər. Bəs bu ehtimal nə qədər real ola bilər?

- Bu formatda keçirilmiş əvvəlki görüşlərə nəzər saldıqda görə bilərik ki, yeni sənədin imzalanacağından söhbət gedə bilməz. İmzalansa da, bu, aralıq və ya texniki sənəd ola bilər. Yəni prinsipləri müəyyən edə sənəd. Amma məsələlərin həllini nəzərdə tutan sənədin imzalanacağını düşünmürəm. Əslində belə bir sənədin ərsəyə gəlməsini istəmirlər. Qorxurlar, ehtiyat edirlər, müxtəlif bəhanələrlə bu sənədi şişirdirlər ki, guya bu, Ermənistanın milli maraqlarına xəyanət olacaq və s. Bu da Ermənistan daxilindəki siyasi gərginliyə hesablanmış bir məsələdir.

Dediyim kimi, mümkündür ki, tərəflər görüşəndə hansısa yeni prinsipləri müəyyən etsinlər və bunların üzərində digər addımları atsınlar.

- Yunanıstan-Türkiyə xəttində də gərginlik hökm sürür. Yunan hərbçilər Türkiyəni İstanbul boğazını vurmaqla hədələyirlər. Yunanıstan niyə birdən-birə özünün qat-qat güclü Türkiyəyə “əzələ” göstərməyə başlayıb?

- Yunanıstan bir çox məqamlarda Ermənistanı xatırladır. Belə ölkələr arxalarında güclü qüvvə görməsələr, heç bir hərəkət edə bilməzlər. Əgər Ermənistan üçün uzun müddət həmin güclü arxa Rusiya idisə, bu, Yunanıstan üçün ABŞ-dır. Xüsusən də son həftələrdə ABŞ-Yunanıstan münasibətləri xeyli isinib. Hətta “F-35” qırıcılarının Yunanıstana satılacağı ilə bağlı xəbər yayılıb. Bunlar ona görə baş verir ki, Türkiyə son zamanlarda milli maraqları çərçivəsində daha cəsarətli addımlar ata bilir. Məsələn, Qara dənizin cənubundakı “Sakarya” qaz yatağının istismara verilməsi Türkiyəyə enerji baxımından böyük uğur gətirə bilər. Bundan başqa, Türkiyə Kipr adası yaxınlığında kəşfiyyat işləri aparır. Həmin ərazilərdə də elə yataqlar var ki, bunların işlənilməsi Türkiyəyə həm iqtisadi, həm də siyasi sahədə daha müstəqil addımlar atmasına yeni imkanlar yarada bilər.

Təbii ki, bunları istəməyən qüvvələr var. ABŞ da bura daxildir. Həmin qüvvələr Türkiyəni əngəlləmək üçün Yunanıstan və Cənubi Kiprə dəstək verirlər. Bu fəaliyyətlər Türkiyənin ambisiyalarını məhdudlaşdırmağa hesablanıb. Digər yandan, Türkiyə Şimali Suriyada kürd terrorçularına qarşı mübarizə aparır, yaxud yeni əməliyyata hazırlaşır. ABŞ bundan da narahatdır. Buna görə də öz qüvvələrini bölgəyə göndərir. ABŞ-ın öz qüvvələrini yerləşdirdiyi bölgədə bir terrorçu kürd rejimi var. Bu rejim də Türkiyəni təhdid etmək, onu dayandırmaq üçün nəzərdə tutulub. ABŞ da bu qondarma qurumu Türkiyəyə qarşı dəstəkləyir. Amerika strateqləri Türkiyəni öz qüvvələrini Şimali Suriya və Yunanıstan istiqamətlərində bölmək məcburiyyətində qoymaq bu planı həyata keçirirlər. Amma təcrübə göstərir ki, bunlar Türkiyəyə mane ola bilməz. Çünki Türkiyə ordusunun potensialı, gücü və hazırlığı onu deməyə əsas verir ki, türklər bütün istiqamətlərdə öz məqsədlərinə çata bilərlər.

- Bəs Rusiya? Bir müddət əvvəl Moskvadan da Türkiyənin yeni antiterror əməliyyatlarına narazılıq bildirilmişdi.

- Rusiyanın bundan o qədər də narahat olduğunu düşünmürəm. Lavrov və Çavuşoğlu arasındakı son görüş göstərdi ki, Türkiyənin Şimali Suriyada əməliyyat keçirməsi qismən də olsa, Rusiyanın marağındadır. Çünki faktiki olaraq, kürdələrin arxasında amerikalılar dayanıb. Rusiya da ABŞ-ın bölgədəki nüfuzunun zəifləməsi üçün Türkiyənin bu addımı atmasında maraqlı ola bilər. Yəni bu baxımdan Türkiyəni dəstəkləməsi mümkündür. Hətta son məlumata görə, kürdlər Suriyada Rusiyanın hərbi kolonunu daş atəşinə tutublar.

Rəsmi ritorikada bir çox söz deyilə bilər. Yəni Rusiya sözdə bundan narahat olduğunu deyə bilər, amma bu o demək deyil ki, buna görə həqiqətən narahatdır.


Müəllif: Mənsur Rəğbətoğlu