23 İyun 2022 09:05
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın regionda artan nüfuzu, Vətən müharibəsindən sonra formalaşdırdığı yeni reallıqlar digər keçmiş post-sovet ölkələrinə, xüsusi ilə də Orta Asiyanın türkdilli dövlətlərinin davranışlarına müəyyən təsirlər göstərib. Bura Türkiyənin regionda, Suriya, Liviya və Yaxın Şərqdə artan nüfuzunu da əlavə etmək lazımdır. Eyni zamanda Türkdilli Dövlətlər Təşkilatının yaranması və artıq bir çox dövlətlərin türk silahları üçün növbədə dayanması kimi faktorları da unutmaq olmaz. Ona görə də bu gün həm Özbəkistanın, həm də digər ölkələrin Azərbaycan-Türkiyə İttifaqına yaxınlaşmasını da təsadüfi hesab edə bilmərik.

Bunu Teleqraf.com-a hərbi ekspert Ədalət Verdiyev deyib.

O qeyd edib ki, keçmiş sovet ölkələri arasında Özbəkistan digər türkdilli dövlətlərdən fərqli olaraq heç vaxt Ermənistanla diplomatik əlaqələr qurmayıb və davamlı olaraq Azərbaycanın haqq işini dəstəkləyib: “Bu baxımdan iki dövlət arasında imzalanan Bəyannamə də məhz bu prosesin davamı kimi nəzərə alınmalıdır”.

Onun fikrincə, strateji tərəfdaşlıq haqqında münasibətlərimizin dərinləşməsi Azərbaycan və Türkiyə İttifaqının Şuşa Bəyannaməsinin artıq Orta Asiyaya tərəf yayılması deməkdir: “Hesab edirəm ki, gələcəkdə Özbəkistanla Azərbaycan və Türkiyə münasibətləri hərbi texniki sahədə də dərinləşməkdə davam edəcək. Burada birgə istehsal sahələrindən tutmuş hərbi təlimlərə, silah tədarükü, qarşılıqlı hərbi məsləhətləşmələr yaxın gələcəyin perspektivlərinə aid olan planlardır”.

Ədalət Verdiyevə görə, Özbəkistanla Azərbaycan arasında formalaşan bu cür münasibətlər alqışa layiqdir: “Bizim Orta Asiyada strateji tərəfdaşlığımızın mövcud olması, bu tərəfdaşlığın gələcəkdə müttəfiqlik istiqamətində inkişaf etməsi Azərbaycanın və regionun sülhün təmin edilməsi baxımından maraqlarına da tamamilə uyğundur”.


Müəllif: Tapdıq Qurbanlı