24 İyun 2022 19:59
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi barədə sazişin imzalanması mühüm əhəmiyyətə malikdir. Bu, iki ölkə arasında informasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının effektiv şəkildə alınması baxımından vacib addımdır. Müasir dövürdə informasiya təhlükəsizliyinə dövlətlərin böyük önəmini nəzərə alaraq imzalanan bu sazişin müsbət tərəfləri çoxdur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun fikrincə, Rusiya və Azərbaycan arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq sazişi bərabərhüquqlu, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır:

“Eyni zamanda başlıca təhdidlərə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, separatçılıq və ekstremizmin təbliğ edilməsinə qarşı birgə addımlar təşviq ediləcək. Bununla yanaşı vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan hallara qarşı da mübarizə məsələləri öndə olacaq”.

Millət vəkilinə görə, informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi ilə mübarizəni nəzərdə tutan bu sənəd iki ölkə arasında qarşılıqlı olaraq məsələlərin həllinə təkan verəcək:

“Bu əslində informasiya-kommunikasiya texnologiyalarından sülh, sabitlik və inkişafın təmin edilməsi məqsədi ilə istifadə məqsədini güdən əməkdaşlıq çərçivəsidir. Sazişlə Rusiya informasiya məkanından Azərbaycana mümkün təhdidləri bloklanmış olur. Ən əsası erməni lobbisinin və Ermənistanın Rusiyanın informasiya məkanında Azərbaycana qarşı fəaliyyətinə sarsıdıcı zərbə vuruldu”.

Cavid Osmanov hesab edir ki, Ermənistanın Rusiya mediasında anti-Azərbaycan fəaliyyətinə əsaslı problem yaranacaq: “Qarabağda hələ də qalmaqda olan separatçıların Azərbaycan-Rusiya arasında yeni sazişlə media və informasiya məkanında yer alması da qadağan edilir. Azərbaycanla Rusiya arasında imzalanmış yeni sazişlə terrorçuluğa qarşı mübarizənin güclənməsi, informasiya məkanına çıxışın qapadılması təmin edilmiş olacaq”.


Müəllif: Tapdıq Qurbanlı