7 İyul 2022 09:05
2 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Özbəkistanda baş verən son proseslər dünyanın gündəmindədir. Özbəkistan hökumətinin konstitusiyaya dəyişikliklə bağlı referendum qərarı Qaraqalpaqıstan Muxtar Respublikasında etirazlara səbəb oldu. Özbəkistan bir anda etiraz meydanına çevrildi. Baş verənlərin izahı necə ola bilər?

- Fikrimcə, Özbəkistanda baş verən hadisələrə iki rakursdan baxmaq lazımdır. Bunlardan biri geosiyasi proses, digəri isə məhz geosiyasi proseslərə hazırlıq məqsədilə mövcud hakimiyyətlərin mövqeyinin möhkəmləndirilməsi rakursudur. Yəni Özbəkistanda bu məsələnin gündəmə gəlməsi, yaxud konstitusiya dəyişikliyini nəzərdə tutan referendumun keçirilməsi ilk növbədə mövcud hakimiyyətin möhkəmləndirilməsinə yönəlib. İndiyədək olan nəticələrin sıfırlanması və bundan sonra prezidentin yeddi il müddətinə seçilməsi məsələsini konstitusiyaya daxil etmək və bundan diqqətini yayındırmaq üçün ortaya Qaraqalpaqıstan Muxtariyyəti məsələsi atıldı. Əslində, buna da nail oldular.

Rusiya Prezidenti Vladimir Putin də Mirziyoyevə zəngində onun qaraqalpaq bölgəsində sabitlik yaratmaq səylərində dəstək verdi. Əslində, hadisələrin bu şəkildə baş verməsi Rusiyanın maraqlarına uyğun idi. Bir tərəfdən Rusiya ilə yaxın əlaqələri olan Mirziyoyevin mövqeyini möhkəmləndirir, digər tərəfdən isə Özbəkistanın Çin və Türkiyə ilə yaxınlaşmasına mane olmaq üçün bir separatçı bölgənin yaranmasına gətirib çıxarır. Rusiya bunu istəyirdi, bu da baş verdi. Çox güman ki, sözdə Mirziyoyevi dəstəkləyən Rusiya Qaraqalpaqıstandakı separatizmi də dəstəkləyəcək. Təbii ki, bunu açıq şəkildə etməyəcək.

Nəzərə almaq lazımdır ki, yanvar hadisələrindən sonra qonşu Qazaxıstanda da Rusiyanın mövqeləri kifayət qədər ciddidir. Görünən budur ki, Rusiya Orta Asiyada ona loyal münasibətləri olan hakimiyyətləri möhkəmləndirməklə, eyni zamanda, onların başının üstündə “Damokl qılıncı” asmaqla məşğuldur.

- Rusiya müdafiə naziri Sergey Şoyqu rus ordusunun Donetsk və Luqanskla dayanmayacağını bildirdi. Onun sözlərinə görə, əməliyyat Prezident Vladimir Putinin qarşıya qoyduğu tapşırıqlar tam yerinə yetirilənədək davam edəcək. Sizcə, Putinin tapşırığı nədən ibarət ola bilər?

- Putinin Rusiya Müdafiə Nazirliyi və ordusunun qarşısına qoyduğu vəzifələr bəllidir. Bunlar fevralın 24-də Ukraynaya qarşı hərbi təcavüz başlayanda Putinin elan etdiyi hədəflərdir. İlk növbədə, Ukraynada hakimiyyət dəyişikliyinə nail olmağa çalışırlar. Amma sual budur ki, Rusiya dövləti və ordusunun bunu həyata keçirmək üçün yetəri qədər gücü varmı? Düşünmürəm ki, yetərincədir.

Son günlərdə müharibədə “sürünən faza”nın yaranması Rusiyaya imkan verir ki, bu cür təbliğat xarakterli bəyanatlar versin. Amma özləri də bilirlər ki, Ukrayna hərbi baxımdan güclənir, Rusiyanın Luqansk və Donetsk vilayətlərini belə əlində saxlamaq imkanları məhduddur. Şoyqunun açıqlamasına gəldikdə, bu, sadəcə daxili auditoriyaya hesablanmış təbliğatdır və xarici opponentlərə - Ukraynanı dəstəkləyənlərə yönəlik mesajdır ki, Rusiya sona qədər döyüşəcək. Bəs son haradadır? Məlum deyil. Artıq Ukrayna ordusu Rusiya şəhərlərinə hücuma, zərbələr endirməyə başlayıb. Düşünürəm ki, Ukrayna ordusu bu prosesi çox metodik şəkildə həyata keçirir. Asta-asta Rusiya əhalisini də buna alışdırır ki, müharibə sizin ərazilərinizə keçəcək. Əminəm ki, bu baş verəcək. Buna görə də belə bir təbliğata ehtiyac yaranıb. Putinin ordunun qarşısına qoyduğu tapşırıqlara nail olacağı isə sadəcə nağıldır, buna imkan verilməyəcək. Əminəm ki, ilk növbədə, ABŞ və NATO buna imkan verməyəcək.

- Rusiya Finlandiya və İsveçin NATO-ya qoşulma qərarını sükutla qarşılayır. Bu fonda Rusiya Suriyadakı qoşunlarının sayını azaltmaq qərarı verir, üstəgəl, Orta Asiya gözlənilmədən geosiyasi rəqabət meydanına çevrilir. Bir tərəfdə də Rusiya Ukraynada addım-addım işğal planını həyata keçirir. ABŞ-ın Avropadakı fəallığı da diqqətdən yayınmır. Baş verənlərdən belə təəssürat yaranır ki, dünya yenidən bölüşdürülür. Bu ehtimal nə qədərdir, sizcə, böyük güclər arasında dünyanın yenidən bölüşdürülməsi müzakirə mövzusudurmu?

- Əvvəla onu deyim ki, Rusiyanın Suriyadakı hərbi qüvvələrinin sayını azaltması barədə xəbərlər daha çox dezinformasiyaya oxşayır. Çünki daha ciddi mənbələr bildirirlər ki, əksinə, Rusiya Qamışlıda əlavə 1500 nəfərlik desant qüvvəsi yerləşdirib. Qamışlı da Türkiyə sərhədinə çox yaxın məsafədədir. Suriya Rusiya üçün ciddi önəm daşıyır. Çünki bura Rusiyanın Yaxın Şərqdə hərbi bazaları olan yeganə ölkədir. Buna görə də, Rusiyanın Suriyadan geri çəkiləcəyi gözlənilən deyil. Düşünmürəm ki, geri çəkiləcək.

Ukraynaya gəldikdə, dediyim ki, bu, aldadıcı uğurdur. Çünki Ukrayna ordusunun silahlanması və hazırlığı davam edir. İstisna deyil ki, qarşıdan gələn mərhələdə Rusiyaya cavab zərbələri endirsin və onu ağır itkilərə məruz qoysun.

Bölgüyə gəldikdə, bundan danışmaq hələ tezdir. Təbii ki, ABŞ-ın Avropadakı mövqeləri güclənir. Bu, xüsusən də Şərqi Avropada daha çox hiss olunur. Bu da Rusiya təcavüzünün qarşısını almaq məqsədi daşıyır. Finlandiya və İsveçin üzvlüyü sayəsində NATO güclənir. Alyans Rusiya sərhədlərinə bir qədər də yaxınlaşır. Digər tərəfdən, NATO-nun rolunun artması, ABŞ-ın Avropada mövqelərinin güclənməsi Rusiyaya loyal yanaşan kontinental Avropa ölkələrinin, ilk növbədə Fransa, Almaniya və İtaliyanın əl-ayağını bağlayır. Burada söhbət bölgüdən yox, rəqabətdən gedir. Düşünmürəm ki, bununla bağlı hansısa danışıqlar var və ya olacaq. Danışıqlar adətən müharibənin bitmə mərhələsində olur. Müharibə isə hələ təzə başlayıb, bunun hansı coğrafiyaya doğru genişlənəcəyini demək hələ çətindir. Qənaətimə görə, belə bir ssenari də istisna deyil.

- Bəs qlobal geosiyasət meydanında baş verənlər baxımından Cənubi Qafqaz, Azərbaycan hansı yerdə durur?

- Qlobal siyasətdə baş verənlər kontekstində Cənubi Qafqaz, özəlliklə Azərbaycan riskli mövqedə, vəziyyətdədir. Çünki əsas qaynaq nöqtələrdən biri olan, daim qlobal siyasətdə rol oynayan Yaxın Şərq Rusiyanın hədəfindədir. Rusiya Yaxın Şərqdə çıxış yolunu da Azərbaycan üzərindən keçirmək istəyir. Bunun üçün Azərbaycan ərazisində və bizə qonşu olan coğrafiyada, ilk növbədə, Xəzər hövzəsindəki bütün kommunikasiya imkanları nəzarətə götürülməlidir. Əks halda, Rusiya istəyinə nail ola bilməyəcək. Bu isə Azərbaycana ciddi risklər yaradır.

Digər yandan, Türkiyənin bölgədə aktivləşməsi, Cənubi Qafqaz bölgəsi, o cümlədən Xəzərə iddia etməsi təsadüfi deyil. Bu bölgə Türkiyənin Mərkəzi Asiyaya çıxması üçün olduqca önəmlidir. Əlbəttə, Türkiyənin bu fəallığı həm İran, həm də Rusiyada ciddi narahatlıq doğurur. Əslində, 44 günlük müharibədən sonra Rusiya-İran əlaqələri, demək olar ki, kəsilib. Artıq Azərbaycan uzun müddət Ermənistanın işğalı altında olan İranla sərhəd ərazilərini azad edib. Bu ərazilərə nəzarəti özünə qaytarıb. Şübhəsiz ki, bu nə Rusiya, nə də İranı qane edir. Düşünürəm ki, bu kimi səbəblərə görə biz hədəfdə olacağıq.

Bir sözlə, baş verən proseslərin bizdən yan keçəcəyini düşünmürəm. Amma hər şey bu iki ölkəyə münasibətdən, ümumiyyətlə, siyasəti nə qədər çevik və qətiyyətli aparmaqdan asılı olacaq. Məhz bunun nəticəsi olaraq, bizi nə gözləyəcəyini görə bilərik. Çevik siyasətlə “qaynar qazan”a düşməyin qarşısını almaq olar. Buna görə də Azərbaycanın Türkiyə və digər müttəfiqləri ilə ciddi işbirliyində olması vacibdir.


Müəllif: Mənsur Rəğbətoğlu