12 İyul 2022 14:24
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı tarixidir. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi qələbənin başlanğıcı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin 4 günlük Aprel Zəfəri oldu. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu döyüşməyi və düşməni məhv edib torpaqlarını azad etməyi bacarır.

Dörd günlük Aprel döyüşləri xalqımıza qələbə sevinci yaşatdı. Lələtəpəyə sancılan üçrəngli bayrağımız bu gün Şuşada dalğalanır. Qələbəyə tam əmin olan xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşərək indiyə qədər görünməmiş milli birlik, həmrəylik nümayiş etdirdi.

2020-ci il 27-i sentyabrından etibarən 44 gün ərazindəki qısa dövrdə həm döyüş meydanında, arxa cəbhədə, diplomatiya müstəvisində, informasiya məkanında Azərbaycanı qələbəyə aparan bir tarix yazıldı. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə Müzəffər Ordumuz Lələtəpədən başladığı tarixi missiyasını Şuşanın fəthi və üçrəngli bayrağımızın bütün azad edilmiş torpaqlarımızda dalğalandırması ilə başa çatdırdı.

Milli Məclisin deputatı Aqil Məmmədov Teleqraf.com-a bildirib ki, Tovuz döyüşləri Ordumuzun düşmən üzərində qazandığı növbəti qələbə olmaqla yanaşı, bir qəhrəmanlıq salnaməsidir.

Deputat qeyd edib ki, Qarabağ cəbhəsindən uzaqda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələri mərdliklə döyüşdü və düşmənə layiqli cavab verdi: “2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il uğurlu Günnüt əməliyyatından sonra 2020-ci il Tovuz döyüşləri bizi Böyük Qələbəyə aparan Zəfər salnaməsi hesab olunur. Çünki Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından 22 il sonra başlanan Aprel döyüşlərində Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatı nəticəsində Ermənistan ordusuna ağır zərbələr vurdu. Qüdrətli Azərbaycan Ordusunun əks-hücumu nəticəsində "qüdrətli", "yenilməz" Ermənistan ordusu haqqında uydurulmuş miflər tamamilə alt-üst edildi”.

Aqil Məmmədov deyib ki, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan sürətli iqtisadi-sosial inkişafa nail olmaqla yanaşı, qısa müddətdə güclü hərbi potensiala, qüdrətli orduya da sahibdir:

“Məhz erməni təxribatına cavab olaraq başlayan Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almağa qadirdir. Vətən müharibəsi dövründə xalq olaraq güclü birlik və həmrəylik nümayiş etdirdik. Ali Baş Komandanın dediyi kimi, düşmənin başına elə yumruq vurduq ki, uzun müddət özünə gələ bilməyəcək. 30 illik erməni işğalı bitdi, ona görə də xalqımızın bu gün qalib kimi alnı açıqdır. Bu tarixi qələbələr bizim şərəf salnaməmizdir. Qüdrətli və güclü Azərbaycan bu gün özünün bütün dünya tərəfindən qəbul edilən ərazi bütövlüyü çərçivəsində daha da inkişaf edir. Bu inkişaf bölgədə və qlobal müstəvidə sülh və əməkdaşlığa başlıca töhfədir”.

Kəlbəcərin deputatı olan Aqil Məmmədov onu da əlavə edib ki, Kəlbəcərin işğaldan azad olunması Ermənistanın bu rayonun ərazisində, müxtəlif kəndlərində, o cümlədən Ağdaban və Başlıbel kəndlərində həyata keçirdiyi müharibə cinayətlərinin hüquqi baxımdan beynəlxalq ictimaiyyətdə ifşası üçün imkanlar yaradır: "İnanıram ki, ermənilər bütünlükdə Qarabağda törətdiyi qanlı cinayətlərə görə beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Çünki törətdikləri vandalizm aktları göz qabağındadır”.

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, 2020-ci il sentyabrın 27-də erməni təxribatından sonra Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatında ən vacib olan Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mifi dağıtmaq idi: " Azərbaycan əsgəri ilk dəfə düşməni diz çökdürüb onun başına “Dəmir yumruq” endirdi. Azərbaycanın igid oğulları 30 illik işğalı 44 günə qələbə ilə əvəz etdi. Hazırda Qarabağda üçrəngli Azərbaycan bayrağı dalğalanır. Vətən müharibəsinin tarixi əhəmiyyəti həm də ondan ibarətdir ki, xalq ordusuna inanırdı. Ordumuz qarşıya qoyulan bütün döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Müharibə dövründə Ali Baş Komandanın böyük sərkərdəliyi ilə Azərbaycan Ordusu yeni əsrin müharibəsini aparmaqla öz tarixi missiyasını uğurla həyata keçirdi".

Ekspert Azərbaycanın əsas istəyinin ərazi bütövlüyünü qorumaq olduğuna diqqət çəkib: “Bütün şəhidlərimizin qisası və qanı 75 gün sonra növbəti erməni təxribatı ilə başlayan Vətən müharibəsində alındı. Əslində Vətən müharibəsində Azərbaycan özünün hərbi imkanlarını daha geniş şəkildə düşmənə göstərə bildi. Yaxın əsrdə Ermənistana unutmayacağı bir zərbə vuruldu. Vətən Müharibəsi beynəlxalq ictimaiyyətə isə Ermənistanın ləyaqətli düşmən olmadığını da nümayiş etdirdi. Gəncənin ballistik raketlə bombalanması, Bərdənin kasetli raketlərlə vurulması və digər faktlar Ermənistan rəhbərliyinin mülki əhaliyə, o cümlədən, yuxuda olan 2 yaşlı körpəyə qarşı taktiki raketlərlə savaşdığını və müharibə cinayətləri törətdiyini sübut etdi”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Tapdıq Qurbanlı