Politoloq Elçin Mirzəbəyli Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- İsrail-Türkiyə münasibətləri tam normallaşır, artıq tərəflər qarşılıqlı səfir təyin etmək barədə qərar veriblər. İki ölkə arasındakı əlaqələrin normallaşması bölgədəki proseslərə necə təsir göstərəcək və ya tərəflər niyə indi barışmaq qərarına gəldi?
- Bundan əvvəl də qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində həm İsrail, həm də Türkiyədən təşəbbüslər irəli sürülmüşdü. Bir məqamı da nəzərə almaq lazımdır ki, münasibətlərin kəskin olduğu dövrdə belə, İsraillə Türkiyə arasındakı iqtisadi əlaqələrdə hansısa dəyişiklik olmamışdı. Hətta müəyyən dövrdə iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi yönündə addımların atıldığını görürdük. Bu da onu göstərir ki, dövlət siyasətinin ən dərin qatlarında hər iki ölkə qarşılıqlı münasibətlərin inkişafının vacib olduğunu başa düşürdü. Amma müəyyən ziddiyyətlər ucbatından bunu siyasi müstəviyə daşıya bilmirdilər.
Düşünürəm ki, bu normallaşma prosesində Azərbaycan və İsrail arasındakı yüksək münasibətlərin kifayət qədər rolu olub. Prinsip etibarilə bu “üçbucaq”ın (Bakı-Ankara-Təl-Əviv) formalaşması geniş bir regionda sülh və sabitliyə töhfə verən amil kimi qiymətləndirilə bilər.
İndiki şəraitdə isə məlumdur ki, Türkiyənin bölgədə rolu artır. Son proseslərdə Türkiyənin aktiv rol aldığının şahidiyik. Qlobal taxıl böhranının aradan qaldırılması istiqamətində Türkiyənin təşəbbüsləri beynəlxalq müstəvidə dəyərləndirilir. Digər yandan, İsrail və Türkiyə arasında enerji sektorunda qarşılıqlı əlaqələrin inkişafı üçün geniş perspektiv var. Türkiyənin qaz yataqlarının kəşfi və istismarı istiqamətində atdığı addımlar və bu prosesin gələcəkdə İsraillə vahid bir platforma üzərindən həyata keçirilməsi hər iki dövlətin, o cümlədən də Azərbaycanın maraqlarına uyğundur. Belə bir platforma Azərbaycanla da var.
Düşünürəm ki, indiki məqamda bölgədə sülh və əmin-amanlığın təmin edilməsi, eyni zamanda, bölgədə ənənəvi olaraq bölücü və parçalayıcı mövqedən çıxış edən və iqtisadi layihələrin icrasına maneə yaradan, yaxud buna cəhd göstərən bəzi rejimlərin fəaliyyətlərinin müəyyən qədər məhdudlaşdırılmasına xidmət edən bir addımdır.
Əslində, bir çox səbəblər var. Bu səbəblər də kompleks şəkildə nəzərə alındıqda, İsrail-Türkiyə münasibətlərinin inkişafı üçün geniş imkanların yaranmasının şahidi ola bilərik.
- İsrail Prezidenti İshaq Hersoq may ayında azərbaycanlı həmkarı İlham Əliyevə məktubunda Azərbaycanın gələn il ölkəsində səfirlik açacağına ümidini və gözləntisini dilə gətirmişdi. Necə düşünürsünüz: İsrail-Türkiyə normallaşmasının davamı olaraq, Bakı da bu yöndə addım ata bilərmi?
- Qənaətimə görə, bu yöndə addımların atılması vacibdir. İsrail Azərbaycanın dostudur və qarşılıqlı münasibətlər hər iki xalqın mənafeyinə xidmət edir. Eyni zamanda, bu dostluq modeli dünyaya bir mesaj kimi də mühüm önəm daşıyır. Yenidən yəhudilərin Azərbaycanda firavan və təhlükəsizlikdə yaşamalarına diqqət çəkmək istəmirəm, bunu hər kəs bilir. Eləcə də İsrailin beynəlxalq müstəvidə Azərbaycanı dəstəklədiyini də təkrarlamaq niyyətində deyiləm.
Üçüncü və ya dördüncü tərəflərin ajiotajını nəzərə alaraq, İsraillə diplomatik əlaqələrin daha da inkişaf etdirilməsindən çəkinməyin gərəksiz olduğu qənaətindəyəm. İsraildə səfirliyin açılmasına ehtiyac var. Bu və ya digər formada dini təəssübkeş obrazı yaradaraq, əslində isə bölücü və parçalayıcı mövqedən çıxış edən kənar qüvvələrin müdaxiləsinə xüsusi önəm vermək lazım deyil.
Əgər mollakratiyanın təmsilçiləri Ermənistanla diplomatik əlaqələrin daha da inkişaf etdirilməsi yönündə addımlar atırlarsa, Qafanda konsulluq açırlarsa və bütün fəaliyyətləri bölgədə sülh və sabitliyin bərqərar olmasına qarşı yönəlibsə, onda regionda təhlükəsizlik və əmin-amanlığın təmin edilməsi missiyasının Azərbaycanın, Türkiyənin, eləcə də Rusiyanın üzərinə düşdüyü qənaətindəyəm. Belə şəraitdə bölücü və həmişə bölgədə xarici dairələrin missioner funksiyasını yerinə yetirən bir ölkənin davranışlarına münasibətdə daha açıq mövqe sərgiləməyin tərəfdarıyam.
İsraildə səfirliyin açılmasını hansısa qonşu ölkə ilə əlaqələndirilməsinin tərəfdarı deyiləm. Azərbaycan müstəqil siyasət yürüdür və bizim üçün ölkəmizin milli maraqları hər şeydən üstün götürülür. Hesab edirəm ki, İsrail-Türkiyə normallaşması prosesi fonunda Azərbaycanın Təl-Əvivdə səfirlik açması önəmli mesaj ola bilər.
- İran ordusu Ermənistan hərbçilərinə pilotsuz uçan aparatların idarə edilməsi qaydalarını öyrədir, yəni təlim keçir. Maraqlıdır: İkinci Qarabağ Müharibəsindən sonra dron almağa çalışan Ermənistan İran PUA-larının alıcısı ola bilərmi? Yaxud İran yerli PUA-larını Ermənistana sata bilərmi?
- İranda keçirilən hərbi turnir çərçivəsində iki ölkənin nümayəndələri arasında belə müzakirənin olduğuna dair faktlar var. Amma İran dronlarının təqdim edildiyi kimi, böyük keyfiyyətə malik olduğunu düşünmürəm. Biz onların raketlərinin hədəflərinə necə tuşlandığını – öz gəmilərini vurduğunu görmüşük. Yəqin ki, dronları da xəritələri səhv salacaq. Burada maraqlı məqamlardan biri PUA-larla əlaqədar qarşılıqlı olaraq təcrübənin öyrənilməsi ilə bağlıdır. Əgər İran bununla bağlı Ermənistanın təcrübəsini öyrənəcəksə, onu hansı acınacaqlı durum və fəlakətin gözlədiyini təsəvvür etmək olar.
Turnirə gəldikdə, burada təkcə Ermənistan yox, Rusiya və Belarus təmsilçiləri də iştirak edirlər. İranın fəallığının, xüsusilə də son dövrlərdə dronlarla bağlı piar xarakterli addımlarının təməlində Türkiyəyə münasibətdə olan qısqanclıq dayanır. Bu, klassik fars şovinizmindən qaynaqlanan ənənəvi qısqanclıqdır. Mollakratiya rejimi heç bir vəchlə Türkiyənin bölgədə güclənməsini qəbul edə bilmir.
Eyni zamanda, Türkiyə PUA-larının Qarabağda nümayiş etdirdiyi üstün mövqeyi və dünyanın hərbi sənaye komplekslərində bu dronların örnək göstərilməsi İranı qıcıqlandırır. Buna görə də arxaik təfəkkürlü rejim də texnoloji baxımdan öz iddialarını ortaya qoyur və öz “uğurlar”ını sərgiləməyə çalışır. Nəticəsi isə effektsizdir.
Türkiyə PUA-larını inkişaf etdirir, Azərbaycan da hər gün üstün texnologiyalara sahiblənir. İranın da qovuna bənzər PUA-larının texnoloji baxımdan üstün olacağına inanmıram. Digər yandan, Ermənistanın da belə bir iqtisadi potensialı yoxdur ki, özünün hərbi sənaye kompleksini və silahlı qüvvələrini yaxın on ildə inkişaf etdirə bilsin.
- Ermənistan və Rusiya arasındakı gərginlik də diqqətdən yayınmır. Ermənistan İrəvandakı partlayışlara görə Rusiyanı ittiham edir və buna görə Moskvadan ona nota da verilib. Sizcə, İrəvan Moskva ilə körpüləri niyə “yandırır”?
- Ermənistanda Rusiya əleyhinə kampaniyanın önündə “Sasna Çrer” Partiyası, əslində isə terror təşkilatı dayanır. “Sasna Çrer” rusofob bir təşkilatdır. Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələrkən bu təşkilata yumşaq münasibət göstərməsi Moskvanın da diqqətini çəkməmiş deyil. Həmin təşkilatın üzvləri 2016-cı ildə Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinin qarşısını almaq üçün terror aktı törətmişdilər və bununla Serj Sərkisyana müəyyən bəhanə vermişdilər.
Bir sözlə, bu təşkilata diqqət yetirmək lazımdır. “Sasna Çrer”in lideri Jirayr Səfilyan Livan ermənisidir. Onun vaxtilə ASALA terror təşkilatının muzdlu qatilləri ilə birlikdə Azərbaycan ərazilərinə gəlməsi bəzi Qərb dairələrinin, xüsusilə ABŞ və Fransadakı erməni diaspor təşkilatlarının maliyyə dəstəyi ilə baş tutmuşdu. “Sasna Çrer” qərbyönlü qrup sayılır. Düşünürəm ki, Rusiyanın “Sasna Çrer”in kampaniyası üzərindən Ermənistana nota verməsi bu amillərlə bağlıdır.
Təbii ki, Ermənistandakı digər qüvvələr də İrəvandakı bu partlayışdan istifadə etməyə çalışırlar. Bu baxımdan, Ermənistan hakimiyyətinin də müəyyən çalışmaları var. Yayılan məlumatlar bəzi qüvvələrin də Rusiya əleyhinə fəaliyyət aparmasına imkan yaradır. İrəvandakı partlayışdan sonra Ermənistanın müəyyən qurumlarından verilən açıqlamada bəzi hərbi və mülki obyektlərə, həmçinin metro stansiyalarına partlayıcı maddələrin qoyulması ilə bağlı elektron məktublar daha çox Rusiyadan daxil olur. Sonra bu məktubların mənbələrinin olmadığında diar fikir formalaşdırıldı. Yenidən bu məktubların rus dilində olmasıyla bağlı məlumatlar yayılmağa başladı. Yəni ziddiyyətli fikirlər var idi.
Diqqətçəkən məqamlardan biri də bu idi ki, belə məlumatların yayılmasında Serj Sərkisyan və Robert Köçəryana yaxın dairələr xüsusi fəallıq göstərirdilər. Yəni hər kəs baş vermiş hadisədən öz maraqları naminə yararlanmağa çalışır. Paşinyan tərəfdarlarının və dolayı yolla Qərb tərəfindən himayə olunan qrupların isə Rusiya əleyhinə təbliğat aparması Ermənistan baş nazirinin yürütdüyü siyasətin təməlində dayanan faktorlardan qaynaqlanır. Paşinyanın hansı formada və hansı platforma üzərindən hakimiyyətə gəldiyi kimsəyə sirr deyil. Ənənəvi münasibətlər bu gün də davam edir.
İrəvandakı hadisələrdən sonra Rusiyanın aparıcı media qurumlarında Paşinyanın ABŞ Dövlət Departamenti ilə gizli əlaqələri və xüsusi təchiz edilmiş rabitə vasitələri ilə Moskva ilə münasibətlər və bütün regiondakı gəlişmələr barədə məlumatların Amerikaya ötürülməsinə dair informasiyalar yayıldı. Bu informasiyaları dilə gətirənlər də Rusiyanın ənənəvi təbliğatçıları deyildilər, peşəkar və kəşfiyyat məlumatlarına çıxışları olan ekspertlər idilər. Bunun da təsadüfi olmadığını düşünürəm, bunlar Ermənistan hakimiyyətinə verilən mesajlardır.
Bir faktı da nəzərə almaq lazımdır ki, bir müddət əvvəl ABŞ “demokratikləşməyə və iqtisadi sabitliyin qorunmasına yönəlmiş islahatları dəstəkləmək” məqsədilə Ermənistana 120 milyon dollarlıq paket təqdim edib. Bu, Ermənistan kimi kiçik və kasıb bir ölkə üçün nəhəng məbləğdir. Bu amilin də prosesin içində yer aldığı qənaətindəyəm.
Paşinyanın ABŞ, İran və digər bir sıra Qərb dövlətləri ilə oynadığı ikili oyunlar Rusiyanın qəzəblənməsinə səbəb ola bilər. Paşinyanın isə ənənəvi qütbündən üz çevirməsi Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşdırılması ilə bağlı öncədən onun qarşısına qoyulmuş missiya ilə əlaqədardır.