22 Avqust 2022 22:28
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Publika.az saytına müsahibə verib. Teleqraf.com müsahibəni təqdim edir.

– Tofiq müəllim, tanınmış rusiyalı filosof, politoloq və ictimai xadim, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinin qızı Darya Duqinanın terror aktı nəticəsində həlak olması ilə bağlı sizin fikirlərinizi bilmək istərdik...

– Bu onu göstərir ki, Ukrayna müharibəsi Rusiyanın əsas mövzusu olarkən artıq konflikt formasının inkişafına gətirib çıxarır. Çünki teraktın məsuliyyətini öz üzərinə götürən Rusiya Milli Respublika Ordusu siyasi bəyanat yaydı. Bəziləri deyir ki, bu saxtadır, bəziləri həqiqi olduğunu iddia edir. Ancaq bəyanata fikir versək görərik ki, orada iddialı bir mövqe mövcuddur və bu mövqenin tərəfdarları Rusiyada potensial olaraq çoxdur. Onlar məhz Putinin siyasətinə qarşı çıxış edirlər. Onun dost və qardaş slavyan xalqları arasında nifaq saldığını deyirlər. Yəni, bu elə bir hadisədir ki, o artıq Rusiya daxilində yeni proseslərə gətirib çıxaracaq.

– Aleksandr Duqinin baxışlarını və fəaliyyətini Azərbaycanın maraqları baxımından necə qiymətləndirmək olar?

– O, ilk növbədə rus millətçisidir. Ancaq onun avrasiyaçılıq konsepsiyasının prinsiplərindən biri ondan ibarətdir ki, slavyan etnosunun türk etnosu ilə hansısa formalarda əməkdaşlığı olmalıdır. Duqin məhz o adamlardandır ki, Rusiyanın siyasətini ilk növbədə Türkiyəyə, bəlkə qismən də Azərbaycana münasibətdə dəyişdirib. Onun baxışları göstərir ki, Rusiya öz gələcəyi üçün Türkiyə ilə əməkdaşlıq etməlidir. Biz bilirik ki, o, 2015-ci ilin noyabrında rus hərbi təyyarəsinin vurulması ilə başlayan Türkiyə-Rusiya böhranı vaxtı çox fəal idi. Duqinin Türkiyə siyasi elitası ilə əlaqələri bu böhranın həllinə xidmət edirdi. Hər halda mən belə düşünürəm. Təbii ki, real oyunçular fərqli idi.

Duqin bildirmişdi ki, biz Türkiyə ilə əməkdaşlığı davam etdirməliyik. Bu fikir istər-istəməz ictimiyyət tərəfindən qəbul olunmuşdu. Yaddan çıxarmayaq ki, Duqinin əsli də deyəsən Azərbaycandandır. Səhv etmirəmsə, onun babaları burada yaşayıblar. Yəni, bizə münasibəti mən hesab edirəm ki, müsbətdir. Təbii ki, onun rus millətçisi kimi bəzi baxışları bizim maraqlarımıza ziddir. Ancaq dünya təkcə o adamlardan ibarət deyil ki, onların dedikləri bizə xoş gəlsin. Biz çevik və real siyasətdə hər bir imkandan istifadə etməliyik. Harada nə xeyir qazana bilsək, ondan istifadə etməliyik. Bu, o cümlədən Duqinə də aiddir. Hesab edirəm ki, onun qızının faciəli şəkildə həlak olması məsələsində mövqeyimiz bizə dost mövqe göstərən Duqinə ən azı başsağlığı vermək şəklində olmalıdır. Kim istəyir versin, kim istəyir verməsin. Verməyənlər özləri bilərlər. Amma mən hesab edirəm ki, onun Rusiya ilə Türkiyə arasında münasibətlərin yumşaldılması istiqamətindəki fəaliyyəti, bunun fəlsəfi-sosioloji baxımdan əsaslandırılması bizim üçün müsbətdir.

Burada bir fikri də qeyd etmək lazımdır. Rusiyada müxtəlif siyasi dairələr var. Yadınızdadırsa, bir neçə il əvvələdək Ermənistan Rusiyada forpost adlandırılırdı. Duqin və digər ictimai xadimlərin fəaliyyəti nəticəsində artıq bu məfhumdan istifadə olunmur. Əksinə hər yerdə vurğulanır ki, Rusiya ilə Türkiyə arasında olan münasibət bu bölgə üçün ən əhəmiyyətli əməkdaşlıq platformalarından biridir.

Duqinin Azərbaycan əsilli olması barədə bir qədər ətraflı məlumat verə bilərsinizmi?

– Bu barədə məndə ətraflı məlumat yoxdur. Deyəsən onun kökləri molokanlara aiddir. Hardasa oxumuşam. İndi dəqiq demək çətindir. Buna görə də Azərbaycana yaxınlığı var.

Müsahibənin əvvəlində adını çəkdiyiniz Rusiya Milli Respublika Ordusu adlanan qurumun bəyanatını ciddiyə almaq olarmı, yoxsa bu bəyanatla hansısa qüvvələr tərəfindən iz azdırılır?

– Nəsə demək çətindir. Bilirsiniz, əslində Rusiyanın yaxın tarixinə baxsaq, terror aktlarının həddən artıq çox olduğunu görmək mümkündür. Bu, həm Şimali Qafqazdakı separatçı qüvvələrə, həm də digərlərinə aiddir. Yəni, terror aktları müasir Rusiyanda siyasi üslublardan biridir. Nadir hallarda baş verən bir hadisə deyil.Bunu açıq demək lazımdır.

Bəzən bu məsələni Ukrayna ilə bağlayırlar. Biz bir şeyi başa düşməliyik: Ukraynada gedən hərbi əməliyyatlar nəticəsində Rusiyanın hərbi baxımdan məğlub olacağına ümid yoxdur. Bu ehtimallar azdır. Hər halda mən bu fikirdəyəm. Çünki bəzi mütəxəssislərin dediklərinə görə, Rusiyanın hərbi potensialı müharibədən öncə Ukraynanınkını 10-15 dəfə üstələyirdi. Yaxşı, indi bu nisbət azalıb, deyək ki, 15 deyil, 5-dir. Qərbin hərbi baxımdan nisbi şəkildə kömək etməsinin hərbi nöqteyi-nəzərdən nəticəyə gətirib çıxaracağına inanmıram. Ukraynanın və dostlarının əsas ümidi ilk növbədə Rusiyada gedən proseslərlə bağlıdır. Orada daxili proseslər istər-istəməz həm siyasi, həm iqtisadi böhrana gətirib çıxaracaq. Məhz bunların nəticəsində bu işğala son qoyula bilər. İndi dediyim bu hadisə onu göstərir ki, Rusiyada qarşıdurma üçün müxtəlif konsepsiyalar mövcuddur və hətta açıq şəkildə bəyan olunur. Bu terror aktı da siyasi situasiyanın inkişafında vacib hadisələrdən biridir.

Ukraynanın bu hadisənin baş verməsində marağı varmı?

– Mən bunu deyə bilmərəm. Çünki məndə nə bu fikri dəstəkləmək, nə də inkar etmək üçün məlumat yoxdur. Sadəcə olaraq “mənə elə gəlir ki, bu belədir” demək ciddi olmaz. Hələ ki, məlumatlar yoxdur (qeyd edək ki, müsahibə Rusiya Federal Təhlükəsizlik Xidmətinin baş vermiş hadisənin Ukrayna xüsusi xidmət orqanlarının planlaşdırıb həyata keçirməsinə dair məlumat yaymasından əvvəl götürülüb). Olan məlumat Rusiya Milli Respublika Ordusu adlanan qurumun bəyanatıdır və bu, terror aktıdır. İstisna etmirəm ki, bu təşkilatın arxasında yetərincə qüvvələr dayanır. Ən əsası odur ki, ictimai rəydə bu cür baxışlar mövcuddur. Onlar qeyd edirlər ki, Putinin siyasəti ilə razı deyillər. Bu siyasət Rusiyanın öz qonşuları ilə münasibətinin köklü şəkildə pisləşməsinə gətirib çıxarıb. Ukrayna kimi qardaş ölkə və xalqla müharibə aparılır və sair. Demək, bu fikirlər ictimaiyyətdə mövcuddur ki, bu cür terror aktı baş verib.

Bəziləri deyirlər ki, bu ideologiyanın əsasında Duqin dayanır. Yəni, o formalaşdırıb. Bunu inkar etmək çətindir, çünki mən onun fəaliyyəti ilə o qədər də tanış deyiləm. Amma əvvəldə qeyd etdiyim kimi Rusiya siyasi elitasının, qismən ictimaiyyətin Türkiyəyə münasibəti Duqin və onun kimi düşünən insanların baxışları nəticəsində köklü şəkildə dəyişib. Bu bir faktdır.

Əslində avrasiyaçılıq ideyası öz-özlüyündə Avrasiya materikindəki böyük ölkələrin əməkdaşlığını nəzərdə tutur ki, burada da açar ölkələr Rusiya, Çin, Hindistan və Türkiyədir. Bu baxımdan Duqinin mövqeyini başa düşmək olar...

– Bilirsiniz, avrasiyaçılıq yeni ideya deyil. Demək olmaz ki, onun müəllifi təkcə Duqindir. Avrasiyaçılıq baxışları hələ ondan qabaq var idi. Məsələn, Lev Qumilyovun məşhur nəzəriyyəsi mövcuddur. Qumilyov qeyd edir ki, slavyanlarla türklər bir yerdə olanda Avrasiyanın sahibi olur və sair. Yəni, bu cür baxışlar mövcuddur. Bəli, bunların içində qatı rus millətçiliyi də var, amma hesab edirəm ki, bəzi elementləri bizim üçün müsbətdir. Ən azı müsbət məqam ondan ibarətdir ki, slavyanlar türklərə düşmən kimi yox, tərəfdaş kimi baxırlar. Slavyanların türklərə tərəfdaş kimi baxmasının təbliği hesab edirəm ki, faydalıdır.

Duqinin qızının öldürülməsinin izlərinin Fransaya gedib çıxdığı, prezident seçkilərində ikinci turda ikinci yeri tutmuş Marin Le Penin seçki kampaniyasının maliyyələşdirilməsi işinin kurasiyasının Darya Duqina tərəfindən həyata keçirildiyi, onun məhz bu səbəbdən qətlə yetirildiyi kimi versiyalar səslənir. Bu barədə nə deyə bilərsiniz?

– Ehtimallar çox ola bilər, amma gəlin əsaslara baxaq. Nəyə görə mən vaxtın böyük hissəsini Rusiya Milli Respublika Ordusu adlanan qurumun bəyanatına həsr etdim? Çünki orda göstərilən fikirlər və onların əsaslı olması, hər halda reallığa çox yaxın olması məndə elə təəssürat yaradır ki, orada doğrudan da hansısa ideologiyanın təsiri altında insanlar var. Nəyə görə Rusiya Ukrayna ilə müharibə aparır? O müharibə ki, onun nəticəsində nə Rusiya qalib gəlir, nə Ukrayna. Bu baxımdan belə baxışlar çoxluq təşkil edir. Sizə açıq deyim ki, mən də o mövqedəyəm. Orada Rusiyanın faydasının nə olduğunu kimsə mənə izah etsin. Bu faydanı heç kim deyə bilməz. NATO-nun yaxınlaşması ciddi söhbət deyil. Rusiya indiyədək NATO-nun dörd ölkəsi ilə həmsərhəd idi, artıq bu ölkələrin sayı beşə çatır. Yəni, Ukraynaya müdaxilə üçün hansısa əsaslı səbəb göstərilmir.

Belə fikirlər var ki, hədəfdə əslində Duqinin özü olub. Belə ki, o son anda fikrini dəyişib və başqa avtomobillə getməyə qərar verib...

– Mən də bunu oxumuşam, təbii ki, əsas məqsəd, əsas hədəf Duqin olub. Çünki onun qızının önəmi özü qədər deyildi. Düzdür, Duqina da fəal idi.

Duqin və Duqina 2018-ci ildə Cocuq Mərcanlı kəndində keçirilən “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransa qatılaraq Azərbaycana dəstək ifadə ediblər. Həmin konfransda Rusiyadan Dövlət Dumasının deputatlarıı Dmitri Savelyev və Aleksey Yezubov, jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeri Korovin, “Milli müdafiə” jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko və digər şəxslər iştirak edib. Konfransdan sonra qonaqlar işğaldan azad edilmiş Lələtəpə yüksəkliyində olmuş, orada Azərbaycan əsgərləri ilə foto çəkdirmişdilər ki, bu da Ermənistanda böyük etiraza səbəb olmuşdu.

– Görürük ki, bu insanlar həm Azərbaycan, həm Türkiyə ilə əməkdaşlığı təbliğ edirlər. İkincisi, biz başa düşməliyik ki, Rusiyanın siyasi elitası arasında ermənipərəstlər də çoxdur. Və bu cəbhədə vuruşan məhz Duqin, Şevçenko kimi insanlardır. Bu baxımdan biz onlara istər-istəməz bu məsələdə dəstək veririk. Onlar da bizə dəstək verirlər. Ermənilərin Rusiya mediasında monopoliyası məhz bu insanların vasitəsilə qırılmalıdır. Yəni, onlar taktiki və strateji baxımdan bizim üçün çox vacib tərəfdaşdırlar. Onların bəyanatları müharibə vaxtı ermənilərin təbliğatını bir növ neytrallaşdırırdı, indi də neytrallaşdırır.

Bundan sonra Rusiyada proseslər necə inkişaf edəcək?

– Hiss olunur ki, siyasi böhran güclənəcək. Çünki Rusiyanın Ukrayna ilə müharibə aparmaqda əsl marağının nə olması sualına cavab tapa bilmirik. Rusiyanın özündə o qədər boş torpaqlar, o qədər yerlər var ki, onları inkişaf etdirmək üçün böyük pullar lazımdır. Bu pullar isə müharibəyə xərclənir. Bir-birinə qardaş olan insanlar, xalqlar bir-birini vurub öldürürlər. Bu məsələləri əsas götürsək, görəcəyik ki, doğrudan da Rusiyanın özünün ziyanına olan bir addım atılıb. Təbii ki, bu fikirdə olan insanların sayı çoxalacaq. İndi onlar üçün bir növ çox təsiredici hadisə baş verib. Yəni, bu fikirdə olan insanlar tək deyillər. Bu terror aktı Duqinin avrasiyaçılıq baxışlarına görə deyil, onun Ukraynaya qarşı olan mövqeyinə görədir. Həmin mövqe nəticəsində bu baş verib. Biz təbii ki, onun Ukrayna ilə bağlı baxışlarını qəbul etmirik, amma qeyd etdiyim məsələlərdə biz onunla əməkdaşlıq edirdik və edəcəyik. Bilirsiniz, hər şey Azərbaycanın milli maraqları baxımından ölçülməldir. Mənə xeyri varsa, mən onunla əməkdaşlıq etməyə hazıram. Bu çox sadə bir mövqedir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər