"ATƏT-in Minsk qrupunun reanimasiyası cəhdləri riyakarlıq və utancverici addımdır. Bizim üçün artıq belə bir təsisat yoxdur. Minsk qrupu özü-özünü sui-qəsdə düçar etmiş təsisatdır, Minsk qrupu artıq tarixin bir hissəsidir".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 30 illik uğursuz fəaliyyətdən sonra kimisə Minsk qrupunun həmsədri təyin etmək utancverici bir addımdır.
"Minsk qrupunun həmsədrlik missiyasını yerinə yetirən dövlətlər beynəlxalq ictimaiyyət qarşısında müəyyən dərəcədə utanmalıdır. Çünki BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında həmin dövlətlərə beynəlxalq ictimaiyyətin mandatı verilmişdi ki, bu ədalətsizliyi aradan qaldırsınlar. Həmçinin işğal və təcavüzə son qoysunlar. Amma nə oldu? Bir qarış Azərbaycan torpağı belə işğaldan azad olunmadı, bir Azərbaycan vətəndaşı öz torpağına qayıda bilmədi".