30 Avqust 2022 09:25
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, siyasi ekspert Vüqar Zifəroğlu Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- İrandan aşkar şəkildə anti-Azərbaycan mövqeyi sərgilənir. İranın hərbi dairələrinə (SEPAH) bağlı olduğu bildirilən Teleqram kanallarında Azərbaycan “İranın şimalı” adlandırılır. Hətta İran xarici işlər nazirinin keçmiş müavini Əbülfəzl Zöhrəvənd Azərbaycanın “islam respublikasına ilhaq” edilməli olduğunu dilə gətirir. Baş verənləri necə izah etmək olar: İran nə etməyə çalışır?

- İran hökumətinə yaxın media orqanlarında Azərbaycana qarşı aparılan kampaniya ilk hal deyil. Həmin media qurumlarında mütəmadi olaraq, Azərbaycan əleyhinə materialların tirajlanmasının şahidi oluruq. Maraqlıdır ki, bu tip yazılarda təkcə Azərbaycanın xarici siyasəti, ümumiyyətlə, dövlətimizin fəaliyyəti qaralanmır, həm də bu kimi materiallarda və müəyyən şəxslərin verdikləri açıqlamalarda tariximiz təhrif edilir, tarixi şəxsiyyətlərimizlə bağlı heç bir gerçəkliyi əks etdirməyən fikirlərə yer verilir. Yaxud bunlarla bağlı müəyyən iddialar dilə gətirilir. Bir sözlə, bu, İrandan Azərbaycana qarşı yönəlmiş ilk hal deyil.

Bildiyiniz kimi, 44 günlük Vətən Müharibəsindən sonra İranın Azərbaycan əleyhinə mesajları mütəmadi hal almağa başlayıb. İranın bir sıra sabiq dövlət rəsmilərinin verdikləri açıqlamalardan da görürük ki, bunun əsas səbəblərindən biri 44 günlük müharibənin nəticələridir. Bu müharibədən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıq yarandı. Bu reallığın yaradıcısı da Azərbaycandır. Təəssüf ki, müəyyən qüvvələr bu reallığı qəbul etməkdə çətinlik çəkirlər. Nəticədə bundan irəli gələn mənfi halların şahidi oluruq.

Bilirsiniz ki, indi Zəngəzur dəhlizi İran rəsmilərinin və media qurumlarının ön planda tutduqları əsas məsələlərdən biridir. Zəngəzur dəhlizi kifayət qədər ciddi siyasi-iqtisadi önəmə malik, çox böyük və strateji əhəmiyyətli bir layihədir. Təəssüf ki, bizim bəzi qonşularımız bu layihənin həyata keçirilməsini hansısa formada özlərinə qarşı “təhdid” kimi görürlər. Halbuki dəfələrlə bəyan etmişik ki, bu layihə, ümumiyyətlə, 44 günlük Vətən Müharibəsinin nəticələri Cənubi Qafqaza sülh və əmin-amanlıq gətirməyə xidmət edir. Hətta müharibədən sonra Azərbaycan və Türkiyə prezidentləri regional əməkdaşlığın qurulmasını ehtiva edən “Altılıq” formatını irəli sürdülər.

Məqsədimiz Cənubi Qafqazı çiçəklənən bölgəyə çevirməkdir. Amma təəssüf ki, bəziləri əsassız şəkildə baş verənləri özlərinə qarşı “hədə və təhdid” kimi qəbul edirlər.

- Ümumiyyətlə, İranın təkcə Azərbaycanla yox, demək olar ki, bütün müsəlman ölkələri ilə münasibətləri problemlidir. Maraqlıdır: özünü “islam respublikası” adlandıran bir ölkə niyə öz dinindən olanlara qarşı belə aqressivdir?

- 1979-cu il inqilabının ilk illərindən əsas siyasətə çevrilən “Şiə islamı inqilabının ixracı” ideyası İran rejimi tərəfindən açıq şəkildə ifadə edilməsə də, ilk olaraq, yaxın coğrafiyaya öz təsirini göstərdi. Bəzi tədqiqatçıların “İslamın soyuq müharibəsi” adlandırdığı bu sistem siyasi İslamı dünyanın gündəminə oturtdu. İranın yeni rəhbərliyi yeni xarici siyasətdə şah tərəfdarları arasındakı ABŞ və SSRİ-yə qarşı mövqeyini ideologiya kimi şərtləndirməklə, Amerikaya aid etdiyi “Böyük Şeytan”, İsrailə aid etdiyi “Kiçik Şeytan” metaforalarını bir sıra müsəlman cəmiyyətlərinin leksikonuna daxil etdi.

Yeni rəhbərlik Yaxın Şərqin ərəb ölkələrinin narazılığını və Qərbin sanksiyalarını aradan qaldırmaq yerinə, “idealist inqilabi” anlayış modelini önə sürərək, sözügedən ölkələrlə əlaqələrini dondurmağa üstünlük verdi. Yeni dindar rejim daxili siyasətdə başladığı “yenidən strukturlaşma” prosesinin təbii davamı olaraq, xarici siyasətdə də köklü dəyişikliyə getdi. İslam İnqilabının təkcə İranla məhdudlaşmayacağını və dəyişikliyin müsəlmanların (ilk növbədə şiələrin çoxluq təşkil etdiyi) yaşadığı coğrafiyalarda davam edəcəyini iddia etdi. İranın yeni rəhbərliyi bu inqilabın yalnız başlanğıc olduğunu ifadə edən açıqlamalarla, eləcə də Konstitusiyaya bir bənd əlavə edərək “dünyanın bütün müsəlman xalqlarının müdafiəçisi” olduğunu bəyan etməsi ilə təkcə İranda yaşayan xalqlara deyil, bütün müsəlman coğrafiyasına qarşı xarici siyasət baxışını təyin etdi. İran üçün “idealist xarici siyasət” modeli kimi görünsə də, xarici dünya tərəfindən “rejimin ixracı” kimi qəbul edilən bu yanaşma, müəyyən mənada, 1979-cu ildən bu günə qədər davam edəcək regional qarşıdurmaların əsasını qoymuş oldu. Bununla da region ölkələrində yaşayan şiə toplumları inqilabın ilk illərindən başlayaraq, İran dövlətinin xarici siyasətində prioritet istiqamətlərdən biri kimi qəbul edildi.

Bu da ilk növbədə İranın bölgə ölkələrinə təsir imkanları əldə etməsi, sonrakı mərhələdə isə öz ətrafında “şiə hilalı” (Livan-İraq-Suriya) formalaşdırmasına səbəb oldu və digər qonşu ölkələrə də (Yəmən, Bəhreyn) nüfuz edə bilməsinə münbit zəmin hazırladı. “Siyasi-ideoloji mübarizə” müstəvisində istər rəsmi ictimai-siyasi təşkilatlar, istərsə də rəsmi doktrinanın diktə etdiyi ideoloji təməlləri əlində rəhbər tutan silahlı birləşmələr modelindən geniş istifadə edildi. Məsələn, Livanda “Hizbullah”, Yəməndə “Ənsərullah”, İraqda “Həşd əş-Şaabi”, Suriyada müxtəlif adda milis dəstələri və s.

- Bəs İranın burada əsas məqsədləri nələrdir?

- Əgər birinci məqsəd nüfuz və təsir imkanları əldə etmək üçün ətraf ölkələrdə münbit ortam formalaşdırmaqdırsa, digər məqsəd də, “şiə inqilabının ixracı” doktrinası üzərindən hərəkət etməkdir.

Təbii ki, burada başqa bir önəmli faktor coğrafi məqam, bundan irəli gələn geosiyasi maraqlardır. Şərqi Aralıq dənizi (Livan üzərindən), Bəsrə körfəzi və Hörmüz boğazı bu mənada xüsusi vurğulanmalıdır. Bəsrə körfəzi Ərəbistan yarımadasının şərqi ilə İranın cənub-qərbi arasında strateji su yoludur. Bu daxili dənizin uzunluğu şimalda İraq sahillərindəki Şatt əl-Ərəb mənsəbindən cənubda Hörmüz boğazının çıxışına qədər 975 kilometr, eni isə İranla Səudiyyə arasında təxminən 370 kilometrdir. Ərəblər buranı “Ərəb”, iranlılar isə “Fars” körfəzi adlandırırlar.

İran və Səudiyyə Ərəbistanı kimi iki böyük dövlətdən başqa, Küveyt, Qətər, Bəhreyn, BƏƏ, Oman və İraq kimi regionun digər irili-xırdalı ölkələrinin sahilyanı olduğu körfəzdə dünya neft ehtiyatlarının 55 faizi, dünya qaz ehtiyatlarının 41 faizi yerləşir. Eyni səbəbdən bu körfəz dünyanın enerji daşımalarında mühüm coğrafi tranzit nöqtəsi olduğu üçün vacibdir. Bölgədəki bütün ölkələr öz enerji məhsullarını buradan beynəlxalq bazarlara daşıdığı halda, dünyadan idxal, xüsusilə ərzaq və sənaye məhsulları da bu su yolu ilə təmin edilir. “Şiə hilalı” məhz bu strateji əhəmiyyətə malik olan bölgəni nəzarətdə saxlamaq üçün ciddi önəm kəsb edir.

Digər tərəfdən, İran üçün körfəzin təhlükəsizliyi birbaşa daxili təhlükəsizliyin bir hissəsi kimi qəbul edilir. Çünki bu regionda baş verən proseslər İrandakı rejimin gələcəyinə birbaşa təsir etmək potensialına malikdir. Bu səbəbdən İran körfəzdə təsirini artırmaq üçün Hörmüz boğazına xüsusi önəm verir. Körfəzə girişin açarı olan bu boğazın nəzarət altında saxlanılması bütün regional tarazlığa təsir edir.

- İranın ABŞ və Avropa Birliyi ilə apardığı nüvə sazişi ətrafında da yeni gəlişmələr var. İddiaya görə, tərəflər artıq yekun anlaşmaya yaxındırlar. Sizin bu haqda fikriniz necədir?

- Açığını deyim ki, yeni nüvə sazişi ilə bağlı müsbət əhval-ruhiyyədə olmağın tərəfdarı deyiləm. Çünki 2015-ci ildə Vyanada imzalanmış nüvə anlaşaması ilə bağlı da müsbət fikirlər səsləndirilirdi, amma gördük ki, proses tamamilə dəyişdi və ABŞ bu razılaşmadan çıxdı. İranın özü də bundan sonra sazişi tərk etdiyini açıqladı. Yenə də Amerikada qarşıdan prezident seçkiləri gəlir. Yəni bu saziş imzalansa belə, bunun uzunmüddətli olacağı şübhəlidir.

Digər yandan, yeni nüvə sazişi ilə bağlı hər iki tərəfin ortaya qoyduğu konkret şərtlər və iddialar var. İndi tərəflərin bir-birinə qarşı irəli sürdükləri bu tələbləri qarşılıqlı şəkildə qəbul edəcəkləri də şübhəlidir. Yeni anlaşma ilə bağlı başqa bir məqam xarici faktorlarla bağlıdır. Yəni təkcə İran-ABŞ nüvə sazişindən danışmırıq. Eyni zamanda, regionda marağı olan və burada kifayət qədər güclü olan qüvvələri də aktor kimi qəbul etməyə məcburuq. Söhbət ərəb dövlətlərindən və son dərəcə kifayət qədər güclü faktor olan İsraildən gedir. Bu qüvvələrin mövqelərinin və maraqlarının nə qədər nəzərə alınacağının özü də ciddi müzakirə mövzularıdır.

Bir ildən çoxdur ki, danışıqlar gedir. Bu müddət ərzində dəfələrlə tərəflərin anlaşmaya yaxın olduqlarına dair xəbərlər gəlib, amma görürük ki, indiyədək imzalanmayıb. Tələsmək olmaz. Ortada kifayət qədər ciddi məqamlar var ki, tərəflərin bunları nə qədər razılaşdıracaqlarını zaman göstərəcək. Dediyim kimi, imzalansa belə, bunun nə qədər uzunmüddətli olacağı şübhəlidir.

- İsrail İranla nüvə müzakirələrinin əleyhinədir. Hətta İsrail baş naziri Yair Lapid istənilən anlaşmanı qəbul etməyəklərini bildirir. Prosesə bu çərçivədən baxsaq, İsrail-İran gərginliyinin açıq qarşıdurma müstəvisinə keçməsi ehtimalı nə qədərdir?

- İsrail-İran gərginliyinin açıq müharibə müstəvisinə gəlib çatacağına inanmıram. Hətta bunu istisna edirəm. Amma İranın Yaxın Şərqdə nüfuz etdiyi bölgələr var. İsrailin həmin bölgələrlə bağlı fəallığını artıracağını istisna etmək olmaz. Böyük ehtimalla belə də olacaq. Söhbət əsasən Suriya və Livandan gedir.

Digər yandan, İsrailin özünün də yeni sazişlə bağlı şərtləri var. İsrail haqlı olaraq, öz təhlükəsizliyi üçün Amerikadan zəmanət istəyir. Yəni Amerika İranın nüvə silahı əldə etməyəcəyinə dair zəmanət verməlidir. İsrailin təhlükəsizliyi ilə bağlı hansı səviyyədə zəmanət veriləcəyinin özü də maraqlı məqamdır.

- Bəs İranın Suriya və Livandakı mövqelərini hədəfə alması, İsrailin Tehranın nüvə proqramı ilə bağlı narhatlığını aradan qaldıracaqmı? Yəni mübarizənin bu üsulu nə qədər effektli ola bilər?

- Burada məsələ nüvə proqramından irəli gələn narahatlığın aradan qaldırılması ilə bağlı deyil. Bu, İranın təsir dairəsində olan bölgələrdəki silahlı qruplaşmaların mərhələli şəkildə sıxışdırılıb çıxarılması prosesidir. Yəni hədəf və məqsəd əsasən budur. İsrail İranın bölgədəki təsir dairəsini zəiflətməyə və özünə qarşı olan təhdidləri maksimum dərəcədə neytrallaşdırmağa çalışır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər