30 Avqust 2022 19:51
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Laçında suveren hüquqlarını bərpa edib. Bu reallıq beynəlxalq aləm tərəfindən qəbul olunur. Yəni rus sülhməramlıları Laçın dəhlizini tərk edərək alternativ yola keçməsi ilə suverenliyimizin qəbul edildiyi ortadadır. Amma digər tərəfdən bu hadisədən sonra Brüsseldə görüş planlaşdırılması göstərir ki, Ermənistan da bu reallığı qəbul edir, eləcə də Ermənistana daha çox dəstək verən Qərb də Azərbaycanın addımlarını qanuni və üçtərəfli razılaşmaya cavab verən hərəkət kimi həzm edir”.

Bunu Teleqraf.com-a sabah Brüsseldə baş tutacaq Azərbaycan və Ermənistan liderlərinin görüşünü şərh edən Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Musabəyov qeyd edib ki, əslində Azərbaycan və Ermənistan arasında sülh sazişinə dair konkret işlər başlanılmalı idi: “Yada salım ki, nəqliyyatla bağlı müştərək işçi qrupu var. Eləcə də sərhədlərin müəyyən edilməsinə dair komissiya da var. Tam işlərə başlamasalar da, ancaq təşkilati baxımdan irəliləyiş mövcuddur. Sülh məsələsi ətrafında işlərə başlanılmayıb. Halbuki buna ehtiyac var. Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryanla görüşdən sonra demişdi ki, sülh müqaviləsi ilə bağlı müzakirələr başlanılacaq. Baxaq, məncə, bundan uzağa gedən nəticələr gözləmək doğru olmazdı”.

Deputat qeyd edib ki, real vasitəçilik funksiyası hazırda Avropa İttifaqının rəhbəri Şarl Mişelə həvalə edilib: “Bu da bizim maraqlarımıza uyğundur. Bununla biuz Minsk Qrupunu tamamilə oyundan kənar vəziyyətdə saxlayırıq. Minsk Qrupu faktiki mövcud deyil. Minsk Qrupunu qəbul edən, qulaq asan var? Onlar hansısa təkliflərlə çıxış edirlər? Keçirilən görüşlərdə Minsk Qrupu görünür? Yox. Bu o deməkdir ki, Minsk Qrupu yoxdur. Digər tərəfdən, tərəflərdən biri vasitəçiləri qəbul etmirsə, deməli vasitəçilərin işləməsi qeyri-mümkündür. ABŞ super dövlət kimi hər məsələyə reaksiya verə, lap təzyiq də göstərə bilər. Amma sənin vasitəçiliyin qəbul edilmirsə, onu sırımaq mümkün deyil”.


Müəllif: Nemət

Oxşar xəbərlər