9 Sentyabr 2022 16:00
2 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın qanunsuz olaraq Xankəndiyə gəlməsi, daha sonra buradan “Forbes” jurnalı üçün müsahibə verməsi, onun ardınca isə Parisə getməsi - sizcə burada diqqəti nəyə yönəltməyə çalışırlar?

- Bu, Rusiyada olan siyasi texnoloqların “icad” etdikləri və bir dəfə “uğurlu” tətbiq etdikləri fənddir. Bununla Bidzina İvanişvili vasitəsi ilə Gürcüstanda Mixeil Saakaşvili fenomenini aradan qaldırdılar. Rusiyaya meyilli “Gürcüstan Arzusu” siyasi müxalifətini hakimiyyətə gətirdilər. Bundan sonra artıq 12 ildir ki, Gürcüstanı istismar edirlər. İndi də Ermənistanda Nikol Paşinyan fenomenini aradan qaldırmaq üçün erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanı erməni siyasətinə ötürüblər. Məhz Gürcüstandakı fəndlə həmin sürətin cizgilərini Ermənistan üçün çəkiblər - “Səxavətli, əliaçıq, bir insan gələcək xalqa kömək edəcək". Pullarının hamısını xalqın qarşısına səpəcək kimi illuziyalar uydururlar. Bununla da avam xalqı aldatmaq istəyirlər.

- Bunların fonunda isə Ermənistanın baş naziri bu ilin sonuna kimi Azərbaycanla sülhün əldə olunacağından danışıb. Belə olan halda bu fikirlərə necə inanmaq olar?

- N.Paşinyanın belə bir istəyi var. Eyni zamanda onun iqtidarının mənafeyi belə bir sazişin bağlanmasını tələb edir. Lakin Rusiya buna imkan verəcək-verməyəcək bu tamam başqa bir məsələdir.

- Hazırda Rusiya-Ermənistan münasibətlərində gərginliyin müşahidə olunduğu bir şəraitdə belə bir əngəlin olması ehtimalı qalırmı?

- Rusiya-Ermənistan əlaqələri noxdalanmış və noxdası artıq onu minmiş adamın əlində olan uzunqulaqla, ona minən adam arasındakı münasibətlər kimi xarakterizə edilə bilər. Ola bilsin ki, uzunqulaq harasa getmək istəmir. Amma onun noxtası ona minən adamın əlində olduğuna görə, bu mümkün deyil. Ona görə də, uzunqulağı minən adam onu mahmızlaya-mahmızlaya istədiyi yerə sürə bilir. Yəni, bu məzlum vəziyyəti erməni xalqı, dövləti özü seçib. Onlar məhz Qarabağ naminə öz noxdasını Rusiyanın əlinə vermişdi. Sonra müəyyən bir dövr bu “istəklərinə” çatıblar. Daha sonra isə vəziyyət dəyişib. Elə indi də Rusiya Ermənistanı mahmızlamaqla ona öz istəklərini icra etdirir.

- Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənmsində Brüssel və Moskva platforması daha aktiv rol almağa çalışır. İki platforma arasında daha çox hansının yanaşması effektiv görünür?

- Azərbaycan üçün Rusiya, Moskva formatı daha məqbuldur. Çünki Azərbaycan bu ölkə ilə daha yaxşı dialoq qura bilir. Bu ölkə ilə ortaq məsələləri müəyyənləşdirmək mümkün olur. Hələlik Rusiyanın fəal iştirakı və neytrallığı şəraitində Ermənistan bizim istədiyimiz qərarların qəbuluna sövq edə bilirik.


Müəllif: Tapdıq Qurbanlı