Ermənistanın Azərbaycana qarşı təcavüzü və 30 il davam edən işğal dövründə tərəflər arasında bir çox formatlarda görüşlər keçirilib, danışıqlar, müzakirələr aparılıb. Təəssüf ki, bu görüşlərin hamısı məhz Ermənistanın qeyri-konstruktivliyi ucbatından nəticəsiz qalıb. Çünki Ermənistan tərəfi heç bir halda büynəlxalq hüquqa hörmətlə yanaşmayıb. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən dərhal və heç bir şərt olmadan boşaldılması ilə bağlı qətnamələri belə bu dövlət tərəfindən icra edilməyib. 2020-ci ilin 27-i sentyabrında növbəti erməni təxribatına cavab olaraq başlayan əks-hücum əməliyyatı nəticəsində Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün təmin edib. 44 gün davam edən Vətən müharibəsi döyüş meydanında işğalçı Ermənistanın darmadağın edilməsi və 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza atması ilə başa çatıb. Müharibədə qələbə qazanmasına baxmayaraq Azərbaycan növbəti dəfə Ermənistana sülh, barışıq əli uzadıb. Bu konteksdə tərəflər arasında Brüssel və Moskva formatında görüşlər keçirilib, razılaşmalar əldə edilib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Profesor hesab edir ki, Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan son görüşdə sülh gündəliyinə əsas yer verilib:
“Görüşün nəticəsi olaraq Avropa İttifaqının prezidentinin açıqlamasından da məlum olur ki, Prezident İlham Əliyevin və baş nazir Nikol Paşinyan ölkələr arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyindədir. Bu məqsədlə xarici işlər nazirlərinə zəruri məsələləri əhatə edən gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsi qərara alınıb. Hər iki ölkənin xarici işlər nazirliyinə bununla bağlı təlimat verilib. Sözsüz ki, sülh gündəliyi Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasını özündə ehtiva edir. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyünə olan birmənalı münasibətdir. Burada həmçinin Azərbaycanın Ermənistanın işğalı altında olmuş ərazilərinin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərmək niyyətinə dair məsələlər yer alıb. Çünki Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların taleyi Azərbaycan dövlətini düşündürən əsas məsələlərdən biridir. Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması məsələsi də Brüssel görüşlərində əsas müzakirə edilən məsələlərdən olub. Regionda kommunikasiya xətlərinin bərpasının və yenilərinin yaradılmasının əsas təşəbbüskarının Azərbaycan olduğunu nəzərə alsaq, Aİ-nin bu məsələdə də rəsmi Bakıya dəstək verdiyini söyləmək olar”.
Deputat hesab edir ki, hazırda diqqət çəkən məsələ Ermənistanın Brüssel razılaşmalarından yayınmaq cəhdləri ilə bağlıdır:
“Ermənistanın bunda əvvəl də belə addımlar atması faktı var. Bu dövlətin növbəti dəfə də eyni halı təkrarlanması da mümkündür. Eyni zamanda Ermənistanda Azərbaycanla sülh prosesinə qarşı çıxan revanşist qüvvələr mümkün qədər sülh prosesini pozmağa cəhd edir. Amma bütün bunlara baxmayaraq danışıqların gündəliyini Azərbaycan müəyyənləşdirir və Ermənistan buna nə qədər uyğun davranış sərgiləsə bu onun özü üçün də yaxşı olar. Sülhün pozulması Ermənistan üçün daha ağır nəticələrə gətirib çıxara bilər”.
Millət vəkili ATƏT-in Minsk qrupunu yenidən diriltmək üçün edilən “cəhdlərdən” bəhs edib:
“Minsk qrupu Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi üçün heç bir addım atmadı və təşəbbüs göstərmədi. Bu təşkilatın fəaliyyətsizliyinin nəticəsi olaraq bir qarış Azərbaycan torpağı azad edilməyib. Azərbaycan özünün hərbi, iqtisadi-siyasi gücü, diplomatic imkanları hesabına ərazi bütövlüyünü təmin etdi. Bu problemin həllində birbaşa mandata sahib olan ATƏT-in Minsk qrupu isə 30 ildə bölgəyə ancaq turist səfərləri ilə yadda qaldı. Bu təşkilata qarşı Azərbaycan cəmiyyətində də birmənalı mövqe var. Vətən müharibəsindən sonra Prezident İlham Əliyev artıq ATƏT-in Minsk qrupuna ehtiyacın olmadığını və onların layiq ünvanı göstərib. Beləliklə də, bu qurum artıq tarixin arxivinə göndərilib. Yenidən kimlərinsə, bu təşkilatı reanimasiya etməsi və proseslərə qoşmaq cəhdləri məntiqsidir. Çünki münaqişə tərəfi olmuş Azərbaycan bu təşkilatdan birmənalı olaraq imtina edib. Belə olan halda Minsk qrupunu yenidən hansı məsələ ilə məşğul olması qaranlıq qalır. Ona görə də, bu ölü qurumu diriltmət üçün edilən təşəbbüslərin heç bir əhəhmiyyəti yoxdur”.
Eldar Quliyev erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın qanunsuz olaraq Azərbaycanın Xankəndi şəhərinə gəlməsinə də münasibət bildirib:
“Bu cür qanunsuz səfərlərə son qoyulmalıdır. Azərbaycan ərazisinə ölkə qanunlarına zidd olaraq səfər etmək qanun qarşısında məsuliyyət yaradır. Kimliyindən asılı olmayarq belə addım atmış şəxslərə qarşı inzibati qaydada sərt tədbirlər görülür. Hansısa bir erməni əsilli iş adamının çirkin məqsədlər üçün Xankəndiyə gəlməsi və burada absurd çıxışlər etməsinə sərt reaksiyalar olmalıdır. Azərbaycan dövləti açıq şəkildə II Qarabağ müharibəsindən sonra açıqlayıb ki, Qarabağda vaxtilə yaşamış erməni əsilli şəxslər ölkə vətəndaşlığını qəbul etdikdən sonra burada yaşamaq, digər vətəndaşlar kimi hüquqlardan yararlanmaq imkanı əldə edə bilər. Sonradan bu ərazilərə qanunsuz olaraq köçürülümüş və gəlmiş şəxslərin burada qalması mümkün deyil. Bu baxımdan R.Vardanyanın Qarabağa gəlməsi burada hansısa “məqsədlər” üçün “bəyanatlar” verməsi Azərbaycan qanunverciliyi ilə məsuliyyət yaradır. Yaxşı olardı ki, həm rus sülhməramlıları, həm də Ermənistan rəhbərliyi bu məsələdə daha diqqətli olsun. Çünki Azərbaycan dövləti heç bir halda öz ərazisində hansısa qanunsuz fəaliyyətə imkan verməyəcək. Son Qisas əməliyyatı onlar üçün dərs olmalıdır. Əgər bundan nəticə çıxarmasalar növbəti dəfə daha sərt addımlarla qarşılaşacaqlar”.