24 Sentyabr 2022 17:19
305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Laçın şəhərində bayrağımızı qaldırması və buradan vermiş olduğu mesajlar böyük əhəmiyyət kəsb edir. Bu bir daha sübut etdi ki, 30 il erməni işğalında qalan Laçın şəhərinin əsl sahibləri geri qayıdıb və biz burada əbədi olaraq yaşayacayıq. Laçının strateji bir şəhər kimi erməni işğalında saxlanılması və təcavüz faktı xalqımız üçün olduqca çətin idi. Nəhayət, 2020-ci ilin 27-i sentyabrından başlayan əks hücum əməliyyatı ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə güclü Azərbaycan Ordusu 44 gündə işğalçı Ermənistanı zəbt etdiyi torpaqlarımızdan qovdu. Bununla da tarixi ədalət bərpa edilib və Azərbaycanın dünya birliyi tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyü təmin edildi. Bu tarixi Zəfərin nəticəsi olaraq bu gün azad edilmiş torpaqlarımızda qələbəmizin rəmzi olan üçrəngli bayrağımız dalğalanır. Bu sözsüz ki, xalqımız üçün böyük qürur və fəxarətdir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.

O qeyd edib ki, 1992-ci ilin may ayında Laçının xəyanət nəticəsində Ermənistan tərəfindən işğal edilməsi xalqımız üçün olduqca ağrılı bir mərhələ idi: “Təbii ki, Azərbaycan xalqı heç vaxt işğal faktı ilə barışmadı. Üç 10 illikdə Ermənistanla aparılan danışıqlar Azərbaycanın beynəlxalq hüquqa, siyasi, diplomatik ənənələrə olan münasibətinin göstəricisi idi. Amma təəsüf ki, öz işğal mahiyyətindən imtina etməyən Ermənistan BMT Qətnamələrinə və digər beynəlxalq təşkilatların çıxardığı qararlara əhəmiyyət verməyərək Azərbaycan torpaqlarını işğaldan azad etmədi. Ermənistan işğal faktı ilə kifayətlənməyərək Azərbaycana qarşı aqressiv, təxribat mahiyyətindən formalaşan mövqe sərgiləməyə davam edirdi. Məhz 2020-ci ilin 27-i sentyabrında da Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq əks hücum əməliyyatlarına başladı. 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə bitdi. İşğalçı döyüş meydanında öz layiqli cavabını aldı. Bu tarixi Zəfərin nəticəsi olaraq gün biz qalib xalq kimi Laçındayıq. Çox qısa zamanda bu ərazilərdən 30 il davam etmiş erməni vandalizminin və barbarlığının izləri birdəfəlik silinəcək. Bu ərazidən qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımız öz ata-baba yurdlarında qayıdaraq, sülh və təhlükəsiz şəraitdə əbədi olaraq yaşayacaq. Cənubi Qafqazda aparıcı mövqeyə sahib olan Azərbaycan regionda daimi sülhə təminat formalaşdırır. Bu baxımdan da Ermənistan real vəziyyəti düzgün qiymətləndirib ölkəmizin sülh müstəvisində atdığı addımlara adekvat olmalıdır. Çünki bölgədə yaranmış yeni reallıq sülhə, əməkdaşlığa, qarşılıqlı əlaqələrin formalaşmasına xidmət edir. Ermənistanın konstruktiv davranması fonunda kommunikasiyaların açılması ilə bu bölgədə yeni bir canlanmanın yaranması mümkündür. Zəngəzur dəhlizinin açılması isə bu regionla yanaşı qlobal mahiyyətə malik daha böyük istisadi-siyasi üstünlüklər formalaşdıracaq. Ona görə də, Ermənistan Zəngəzur dəhlizinin icra vəziyyətinə maneə olmaqdansa, birməanlı mövqe ortaya qoymalıdır. Zəngəzur dəhlizinin açılması Ermənistanın özü üçün də faydalı olan bir layihədir. Məhz işğal faktına görə, blokada vəziyyətinə düşərək, sosial-iqtisadi çətinliklər məngənəsində sıxılan Ermənistan bu dəhliz vasitəsi ilə mühüm çıxış əldə edə bilər”.

Deputat Ermənistanın Azərbaycanın sərgilədiyi sülh mövqeyinə rəğmən atdığı təxribat xarakterli son addımlarına da münasibət bildirib: “Son təxribatlar fonunda Azərbaycanın əldə hərbi-strateji üstünlüklər erməni tərəfinin istənilən addımını izləməyə imkan verir. Murov yüksəkliyindən Araz çayına qədər olan Azərbaycan-Ermənistan şərti sərhəd xəttində bütün əlverişli mövqelər Silahlı Qüvvələrimizin tam nəzarətindədir. Güclü Azərbaycan Ordusu Ermənistanla şərti sərhəd boyu böyük əraziyə, o cümlədən önəmli kommunikasiya xəttlərinə real nəzarət edir. Bütün bunlar ona dəlalət edir ki, qarşı tərəf real mənzərəni dərk edib sülh müstəvisində konkret addımlar atmalıdır. Çünki sülhün əksinə olacaq bütün hallar Ermənistan üçün böyük fəlakətlər gətirə bilər”.

Sevinc Hüseynova Ermənistanın dövlət olaraq heç vaxt beynəlxalq hüquqa riayət etmədiyini məhz işğal dövründə Azərbaycanın işğal edilmiş Laçın rayonunda da qanunsuz məskunlaşma həyata keçirdiyini söyləyib: “Ermənistan işğalda saxladığı bölgəni istismar edib, talançılıq və barbarlıqla məşğul olmaqla yanaşı azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin oğurlamasını, mənimsənilməsi ilə də məşğul olub. Özünün işğalçı mahiyyətindən heç vaxt imtina etməyən Ermənistan nəhayət Laçını şəhəri, Zabux və sus kəndlərini tərk edərkən ərazinin minalamaqla insanlıq əleyhinə olan cinayətlərinə birini də əlavə edib. Bütün bunlara baxmayaraq Azərbaycan ərazilərin minalardan təmizlənməsi ilə paralel bölgədə yeni bir həyatın başlanğıcı və təminatı üçün ciddi işlər görür. Bu isə çox qısa zamanda soydaşlarımızın öz yurdlarına qayıtmasına zəmin formalaşdırır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər