2020-ci ildəki acı məğlubiyyətdən və hərbi-diplomatik iflasdan sonra Ermənistanda revanşizm meylləri getdikcə güclənir. Ermənistan üçtərəfli bəyanatda əksini tapmış tələblərin icrasından boyun qaçırmağa çalışır. Xüsusilə Azərbaycan ərazisində hələ də qalmış hərbçiləri və texnikanı çıxarmaq istəmir. Müxtəlif yollarla erməni tərəfi Qarabağda hərbi mövcudluğunu qoruyub saxlamağa və gücləndirməyə cəhd edir. Ermənistanın ardıcıl şəkildə təxribatlar törətməsi və 13-14 sentyabr hadisələri məhz bu məkirli niyyətin tərkib hissəsi idi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib. deyib.
O qeyd edib ki, Ermənistan regionda gərginliyin qalmasında maraqlıdır:
“Bu ab-havanı saxlamaqla Ermənistan beynəlxalq ictimai rəylə manipulyasiya edir. Çünki Ermənistan hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə görülən işlərin miqyasını aydın görür. Ona görə də Ermənistan Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qaçılmaz olduğunu bilir və bu prosesə zərbə vurmağa çalışır. Əvvəlki dövrlərdən fərqli olaraq Ermənistan son hadisələr fonunda artıq bu ölkənin oryentirlərini dəyişdiyini və açıq şəkildə Qərbdə dəstək axtardığı açıq müşahidə edilir”.
Millət vəkili hesab edir ki, Ermənistan artıq NATO-nu bölgəyə gətirməyi və öz revanşist məqsədlərini Qərbin əli ilə reallaşdırmağı düşünür:
“Ermənistanın bu manipulyasiya, təxribat və siyasi avantüralarının son məqsədi sülh prosesini ləngitmək, mümkündürsə iflasa uğratmaqdan ibarətdir. Bu ölkə regionda formalaşan yeni arxitekturanı, olduqca pozitiv əməkdaşlıq imkanlarını, inkişafı və təhlükəsizliyi təhdid edir. Erməni tərəfi açılan yeni perspektivlərə zərbə vurmağa çalışır. Ona görə də dünya ictimaiyyəti Ermənistanın hazırda yürütdüyü siyasətin mahiyyətini aydın görməlidir”.
Cavid Osmanov hesab edir ki, bu gün Ermənistana dəstək göstərən bir çox siyasətçilərin, parlamentarilərin Azərbaycan ərazilərinin 30 illik işğalı dövründə heç bir mövqe göstərməmələrinə diqqət çəkib:
“Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladığı müddətdə bu gün az qala erməni üçün göz yaşı tökənlər beynəlxalq hüquqa hörmət nümayiş etdirmədilər”.