4 Oktyabr 2022 19:13
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xankəndidə olan separatçıların hansısa "bəyanatla" çıxış etməsi əslində Azərbaycan-Ermənistan arasında gedən sülh danışıqlarını pozmaq məqsədi daşıyır. Onların istəkləri münaqişəni əbədi saxlamaqdır. Separatçıların "bəyanatı" əslində sülh sazişi üzərində gedən işi pozmaq, Aəzrbaycanla-Ermənistan arasında qarşılıqlı ərazi bütövlüyünün tanınmasına əngəl olmaqdır. Əsas məqsəd bundan ibarətdir. Onlar istəyirlər ki, müharibə olsun. Hərbi insidentlər davam etsin”.

Bu sözləri Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Xankəndidə olan bir qrup separatçının yaydığı "bəyanatın" səbəblərini şərh edərkən bildirib.

Deputat deyib ki, belə addımların separatçıların öz təşəbbüsü olması inandırıcı deyil.

Onun sözlərinə görə, burada Ermənistanda son seçkiləri uduzan hərbi cinayətkarların rolu var:

“Bu cinayətkarlar faktiki olaraq Qarabağdakı separatçılarla birlikdə hərəkət edirlər. Eyni zamanda xaricdə yaşayan və müharibələrdə maraqlı olan erməni diasporasının təsiri altında belə "bəyanatlar" ortaya çıxa bilər. Qısacası, bu öz təşəbbüslərindən söhbət gedə bilməz. Orada kimlərin qaldığı, hansı fəaliyyət göstərdiyi aydındır”.

Asim Mollazadə əlavə edib ki, Xankəndidə olan separatçılara Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması, kommunikasiyaların açılması, regionda əsaslı sabitliyin yaranması sərf etmir:

“Onlar müharibədə, qan tökülməsində və beləcə qarşıdurmanın artmasında maraqlıdırlar. Aydındır ki, separatçıların bu istəkləri Ermənistan dövlətinin maraqlarına da qarşıdır. Amma onlar istəklərinə nail olmayacaqlar. Artıq münaqişə ilə bağlı şərtlər çoxdan dəyişib və bunu Azərbaycan edib”.


Müəllif: Nemət

Oxşar xəbərlər