“Türkiyə-Yunanıstan arasında hərbi qarşıdurma neçə müddətdir ki, müşahidə olunur. Toqquşma riski var, amma bunun müharibəyə çevrilmə ehtimalını aşağı hesab edirəm. Lakin lokal, yerli və kiçik toqquşmaların ola biləcəyini istisna etmirəm”.
Bunu Teleqraf.com-a Azad Demokratlar Partiyasının sədri Sülhdəddin Əkbər Yunanıstan və Türkiyə arasında müşahidə olunan hərbi gərginliyi şərh edərkən bildirib.
Sülhəddin Əkbər qeyd edib ki, bu gərginlik ABŞ-ın yeni dünya nizamı quruculuğu ilə bağlı Türkiyə ilə dil tapa bilməməsi, eləcə də Ankaranın yeni dünya düzənində öz oyununu qurması və müəyyən addımlar atmasından doğur:
"Afina-Ankara gərginliyi Vaşinqton-Ankara arasında dil tapana qədər davam edəcək. Ehtimal edirəm ki, qlobal və regional inkişafda durum Türkiyənin iştirakını qaçılmaz olaraq diktə edərsə, ABŞ-ın mövqeyində müvəqqəti olaraq dəyişiklik müşahidə oluna bilər. Yəni Türkiyəyə yaranan ehtiyac səbəbindən bu yaşana bilər".
Ankaranın London və Təl-Əvivlə düzələn və inkişaf edən münasibətlərinin Vaşinqton-Ankara əlaqələrinə müsbət təsir göstərməməsinin səbəblərinə gəldikdə Sülhəddin Əkbər ehtimal edir ki, burada həm dövlətlərarası maraqların qarşıdurması, həm də hakim elitalar arasında toqquşma var:
“Məsələn, Bayden başda olmaqla demokratların Ərdoğan hakimiyyətinə münasibəti. Əslində bu münasibətin kökü 2003-cü ilə gedib çıxır. Həmin vaxt ABŞ-ın Türkiyə üzərindən Şimali İraqa daxil olunmasına icazə verilməyib. Bunun ardınca “çuval” əməliyyatı əlaqələri korlayıb. Yəni burada həm strateji maraqların toqquşması var, həm siyasi elitalar arasında problemlər. Üstəlik15-16 iyul çevriliş cəhdi, Türkiyə hökumətini devirmək niyyəti ortaya çıxdı. Buna görə də vəziyyət mürəkkəbdir”.
Partiya sədri xatırladır ki, bu gərgin münasibətdən türk düşməni olan qüvvələr də istifadə edib: “Xüsusilə yunan və erməni lobbisi. İsraillə barışana qədər də yəhudi lobbisi bu amildən ciddi istifadə edərək münasibətlərdə açılan yaranı daha da dərinləşdirib”.